Deputat məmur monopoliyasından danışdı

“Monopoliyadan yaranan inflyasiya Azərbaycan xalqına böyük ziyan vurur”

Məmur monopoliyası ilə qiymətin artırılmasının hər faizinə görə ildə Azərbaycanda əhalinin ailə büdcəsinə 400 milyon manat ziyan dəyir

     2022-ci ilin dövlət büdcəsinə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, o cümlədən Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. İclasda parlament komitələrinin üzvləri, hökumət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır. 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş əvvəlki göstəricidən 8,9 faiz çoxdur. Yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 53,2 faizi neft sektorunun, 46,8 faizi qeyri-neft sektorunun payına düşür. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,6 faiz-bənd artaraq 46,8 faiz təşkil edəcək. Həmçinin, dövlət büdcəsində neftin qiymətinin 85 dollar nəzərdə tutulması təklif edilir. Xatırladaq ki, 2022-ci il üçün dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülmüşdü. 

“İnflyasiya 12,5 faiz səviyyəsində proqnozlaşdırılır”

     Maliyyə naziri Samir Şərifov bildirib ki, 2022-ci ilin ötən 5 ayının makroiqtisadi göstəriciləri və dövlət büdcəsinin icrası üzrə əldə edilmiş müsbət dinamika nəzərə alınmaqla ölkənin makroiqtisadi proqnozlarına yenidən baxılıb. Nazir qeyd edib ki, cari ilin sonuna ümumi daxili məhsulun (ÜDM) nominal ifadədə 115,4 milyard manata, qeyri-neft ÜDM-nin nominal ifadədə 65,7 milyard manata qədər artacağı gözlənilir. Həmin dövr ərzində orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində proqnozlaşdırılır: “Cari il üçün qeyri-neft büdcə kəsiri üzrə yuxarı hədd 27,5 faiz səviyyəsində nəzərdə tutulub. Dövlət və icmal büdcələrə dəyişikliklər zamanı dövlət borcu üzrə hədəf göstəriciləri üzrə də büdcə qaydasına uyğun olaraq müəyyənləşdirilmiş 20 faiz həddinə də tam riayət olunur”. Samir Şərifov bəyan edib ki, Neft Fondundan dövlət büdcəsinə transfert 1 milyar manatdan çox azaldılır: “Həmin gəlirlər əlavə neft gəlirləri hesabına əvəzləşdirilir. Bu da Dövlət Neft Fondunun aktivlərinin daha da artımını şərtləndirəcək”.

“Pensiyaçılar üçün təsis edilən vəsait 86 milyon manat artırılıb”

     Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Prezidentin fərmanı və sərəncamlarına əsasən, pensiyaçılar üçün təsis edilən vəsait 86 milyon manat artırılıb. O deyib ki, ümumi şərtlərlə pensiya alan 1,1 milyon pensiyaçının ödənişləri indeksasiya olunub. Əlavə olaraq 200 manat məbləğində maddi yardım müəyyən edilib: “Xüsusi şərtlərlə pensiya alan pensiyaçıların ödənişləri isə 10 faiz indeksasiya olunub. Bu, sosial dəstək tədbirlərinin ümumi maliyyə tutumu 440 milyon manat məbləğindədir. Bu məbləğin 86 milyon manatı dövlət büdcəsi hesabına, 354 milyon manatı isə Fondun əlavə gəlirləri və daxili büdcəsi hesabına qarşılanacaq. Xüsusi olaraq qeyd olunmalıdır ki, 2018-ci illə müqayisədə əhaliyə ödənişlərin 1,8 milyard manat artmasına baxmayaraq, 2022-ci ildə transferdən gəlirlərin payı 2017-ci illə müqayisədə 16 faiz azalıb. Cari ildə Fondun xərcləri gəlirlərinə bərabər olaraq proqnozlaşdırılıb”.

“791 milyon manat pensiya vəsaitinin mənimsənilməsinin qarşısı alınıb”

     Anar Kərimov qeyd edib ki, pensiya sistemində aparılan sağlamlaşdırma tədbirləri, habelə məhkəmə qərarlarına nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınıb: “Vəsaitin həcmi indeksasiya standartları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilərsə, 791 milyon manat təşkil edir. 1 iyun 2022-ci il tarixli operativ məlumatlara əsasən, pensiyaların orta aylıq məbləği təqribən 364 manat təşkil edir. Bu da ilin əvvəli ilə müqayisədə 10 faiz, keçən ilin analoji dövrü ilə müqayisədə isə təqribən 11 faiz artım deməkdir”.

"Azərbaycanda anti-inflyasiya tədbirləri görülsə də, inflyasiyanın səviyyəsi artır"

     2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Əli Məsimli məmur monopoliyasından danışıb. Nazirin sözlərinə diqqət çəkən deputat Azərbaycanda inflyasiyanın 12 faizdən yüksək olduğunu deyib: “Azərbaycanda idxal inflyasiyası hərtərəfli nəzərə alınıb. İdxal inflyasiyası nəzərə alınsa da, ölkəmizdə məmur monopoliyasından yaranan inflyasiyanı hökumət üzvləri nəzərə almır. Monopoliyadan yaranan inflyasiya Azərbaycan xalqına böyük ziyan vurur. Məmur monopoliyası ilə qiymətin artırılmasının hər faizinə görə ildə Azərbaycanda əhalinin ailə büdcəsinə 400 milyon manat ziyan dəyir. Bu artım bir neçə faiz olanda isə həmin ziyan milyardlarla manat səviyyəsinə qalxır”. Deputat qeyd edib ki, Azərbaycanda anti-inflyasiya tədbirləri görülsə də, inflyasiyanın səviyyəsi artır.

Komitə sədrindən təklif: “Maaşlar artsın”

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, vətəndaşların minimum əməkhaqqı ilə (300 manat) ictimai işlərə cəlb edilməsi doğru deyil: “Bu, həmin vətəndaşlar üçün cəlbedici deyil. Kəmiyyətdən keyfiyyətə keçmək istəyiriksə, ictimai işlərə cəlb olunan insanların sayını azaltmalı, onların əməkhaqlarının artırılması istiqamətində düşünməliyik. Yəqin ki, bu, növbəti ilin büdcəsinin müzakirəsi zamanı nəzərə alınacaq”.

“İcra başçıları vəsaitləri mənimsəyir”

Millət vəkili Vahid Əhmədov bildirib ki, sahibkarlığın inkişafına ayrılan vəsaitlərin əhaliyə çatmasında, xərclənməsində ciddi problemlər var: “Həmin vəsaiti icra başçılarının mənimsəmələrinə yol vermək olmaz. Monitorinq keçirmək lazımdır ki, həmin vəsaitin insanlara çatması təmin edilsin”.

“Azərbaycan tarixində bir ilk...”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir: “Cari ilin ilk 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub”.