Turizm sahəsində gəlirlərimiz artmayıb

Quru sərhədlərin açılması şərtdir

“Artıq yeni turizm mövsümü başlayıb. 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azalmışdı”. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq, hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır: “Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. 

Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımından quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər”.

     Parlament üzvü qeyd edib ki, statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər:

 “Onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 5 ayında da Azərbaycana gələn turistlərin 68.9  faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər”.