Bayden neftin bahalaşmasından məmnun deyil

Natiq Cəfərli: “Qarşıdakı seçkinin nəticələri Demokratlar Partiyası üçün acınacaqlı ola bilər”


ABŞ Prezidenti Co Bayden dünya üzrə neft və qaz istehsalçılarını hasilatı artırmağa çağırıb. Amerikanın Enerji naziri Cennifer Qranholm deyib ki, prezidentin xahişi neft ixrac edən ölkələrə, OPEC-ə və yerli neft və qaz istehsalçılarına da aiddir. Qranholm gələn həftə ABŞ-ın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüş planlaşdırdığını bildirib. 
Baydenin neftlə bağlı ricasını “Şərq”ə dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib ki, Ağ Ev rəhbərinin xahişi neft qiymətlərinin dünya bazarında bahalaşması ilə bağlıdır. 

Ekspertə görə, neftin qiymətinin bahalaşması benzinin də qiymətini artırır: 
“Amerika benzin, avtomobil ölkəsidir. Nəzərə alaq ki, hazırda benzinin qiyməti əvvəlki dövrlərlə müqayisədə maksimum həddə çatıb. Co Beyden administrasiyası bundan heç də məmnun deyil. Noyabr ayında ABŞ-da aralıq seçkilər var. Həm Konqresə, həm də Senata seçkilər keçiriləcək. Seçkinin nəticələri Demokratlar Partiyası üçün acınacaqlı ola bilər. Bunun qarşısını almağın yollarından biri ölkədə inflyasiyanı azaltmaq, qiymət artımının qarşısını almaqdır. O cümlədən benzin qiymətinin aşağı çəkilməsi üçün addımların atılmasıdır. Neft ixrac edən ölkələrin potensialı fərqlidir”.

Ekspertə görə, əsas potensialı olan ölkələrdən biri Səudiyyə Ərəbistanıdır və böyük ehtimal bu ölkə neft hasilatını tərəddüd etmədən artıracaq: 

“Ərəbistan neft hasilatını günə ən azı 1 milyon barrel artıra bilər. Yaxın günlərdə Co Baydenin Səudiyyə Ərəbistanına səfəri gözlənilir. Səfər çərçivəsində əsas müzakirə mövzularından biri neft hasilatının artırılması olacaq. Əgər Ər-Riyad Ağ Ev rəhbərinin təklifinə müsbət cavab verərsə, neft hasilatını artırmaq mümkün olar. Bu reallaşarsa, neftin bir barrelinin qiyməti 100 dollardan aşağı düşəcək. İndiki qiymətlərlə benzinin ucuzlaşması qeyri-mümkündür”.