Yaponlar Bakıda yox, rayonlarda zavod açsın

Bununla həm də paytaxtın yükünü azaltmaq, regionlarda yeni iş yerləri yaratmaq olar

  Yaponiyalı iş adamı Taro Savada "Arb" televiziyasında yayımlanan "İşgüzar Bakı" verilişində qonaq olub.  Azərbaycandakı biznes mühiti ilə bağlı yüksək fikirdə olan Savada deyib ki, yüzlərlə yaponiyalı sahibkar Bakıda iş qurmaq, zavod açmağı düşünür.

 Yaponiyalı iş adamı Azərbaycanda xarici şirkətlərin yaradılması  üçün münbit şəraitin formalaşmasında dövlətin dəstəyini müsbət amil kimi dəyərləndirib. Onun sözlərinə görə, burada biznes qurma prosesinin xeyli asanlaşması istənilən sahədə xarici investorların Azərbaycana sərmayə qoymasına imkan yaradır: "Digər inkişaf etməkdə olan ölkələrlə müqayisədə Azərbaycan münbit biznes mühitinə görə ən yaxşı 10 ölkə  arasında ilk yerdədir. Hətta Yaponiyada belə  şirkət açmaq, bizneslə məşğul olmaq  mürəkkəb proses sayılır. 

  T.Savadanın açıqlamasını "Şərq"ə şərh edən iqtisadçı-ekspert Rauf Qarayevin fikrincə, Yaponiya hökuməti əgər iş qurmaq istəyirsə zavodlarını bölgələrdə açsın: 

"Regionlarda olan mütəxəssislərin Bakıya axını da, regionlarda olan iş yerlərinin azlığı ilə bağlıdır. Misal üçün, Sabirabadda özəl  iş yeri kənddə əkin əkmək və rayonda market, mağaza açmaqdır. Bakıda işləyən sabirabadlıdan soruşanda ki, niyə geri dönmürsən, deyir paytaxtda olan şərait Sabirabadda yoxdur. 

Halbuki, başlanğıc olaraq paytaxtın yükünü azaltmaqla xarici investorları regionlara cəlb etmək olar.

 Bunu etmək üçün həmin bu investorlara onların gileyləndiyi rüsumları azaltmaqla iş prosesinə qoşmaq olar. Sadəcə cəlbedici təkliflərlə, dövlət təminatı ilə bunları etmək olar. 

Bu həm də yeni kadrların ortaya çıxmasına kömək edəcək. İnvestora sakit, onun biznesinə xələl gəlməyən, münasib və dövlət təminatlı yer lazımdır".