Azərbaycanda kirayə mənzillərin siyahısına 2 yeni yaşayış kompleksi əlavə olunub

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib və mənzil fonduna daha iki yaşayış kompleksi üzrə mənzillər daxil edilib.
"Report" Fonda istinadən xəbər verir ki, yeni yaşayış komplekslərindən biri Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara ilkin mərhələdə 2 və 3 otaqlı olmaqla 100 mənzil təklif olunur. Yaşayış kompleksində təklif olunan mənzillərin aylıq ödənişləri 616 manatdan başlayır.

Digər kompleks Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşir. Kompleks üzrə vətəndaşlara ilkin mərhələdə 111 mənzil təklif olunur ki, bunlar da 1, 2 və 3 otaqlı mənzillərdir. Mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərinə sığortalanma da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır.

Şəffaflığın və operativliyin təmin olunması məqsədilə vətəndaşların müraciətləri tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.