Kölgə iqtisadiyyatının ləğvi üçün ictimai nəzarət gücləndirilməlidir


Buna görə hökumətin və məmurların şəffaflığı, informasiya açıqlığı artırılmalıdır

  Prezident İlham Əliyev yenidən ictimai nəzarət məsələsinə toxunub. Dövlət başçısı ötən həftə sonu keçirilən müşavirədə növbəti dəfə kölgə iqtisadiyyatına qarşı mübarizənin effektiv olması üçün dövlət nəzarəti və ictimai nəzarətin vacibliyini vurğulayıb. Ölkə rəhbəri bildirib ki, kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə kölgə iqtisadiyyatı və narahat edən məsələlər var: 

“Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar. Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir”. Dövlət başçısı bəyan edib ki, kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir: “Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir - uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi. Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik”. Şübhəsiz, dövlət sektorunda islahatların aparılması, dövlət nəzarətinin gücləndirilməsi istiqamətində zaman-zaman müəyyən addımlar atılıb. Prezident də dəfələrlə vurğulayıb ki, hökumətin fəaliyyəti, verilən tapşırıqların, fərman və sərəncamların icrası, məmurların fəaliyyəti üzərində ictimai nəzarətin daha effektiv təşkilinə və gücləndirilməsinə ciddi ehtiyac var. 

  “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, ictimai nəzarət imkanlarını yaratmaq üçün hökumətin və məmurların şəffaflığı, informasiya açıqlığı artırılmalı, hesabatlılıq güclənməlidir. Həmçinin, dövlət resurslarından istifadə üçün şəffaf və ədalətli mexanizmlər yaradılmalıdır:

 “İctimai nəzarəti gücləndirmək üçün ilk növbədə QHT-lərin imkanlarını genişləndirmək lazımdır. 2014-cü ildə sektorun zəifləməsinə yönələn addımlara qiymət verilməli, nəticələri aradan qaldırılmalıdır. QHT-lərin maliyyə resurslarına əlçatımlığı təmin edilməlidir. Düşünürəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi proqram xarakterli, sosial şifariş xarakterli uzunmüddətli layihələrin dəstəklənməsi üçün hökumətdən əlavə resurslar tələb etməlidir. Əvvəllər Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün ildə təxminən 100 milyon manat qrantlar ayrılırdısa, 2014-dən sonra dövlət dəstəyi xətti ilə bu rəqəm 5-10 milyona endirilib. Uzun illər QHT sektorunda yetişən ekspertlər, mütəxəssislər, araşdırmaçı jurnalistlər indi resursların çatışmazlığından, ictimai informasiyalara çıxış imkanlarının yetərli olmamasından  öz potensialını reallaşdıra bilmir. Agentlik müasir çağırışlara uyğun effektiv ictimai nəzarət imkanları, rəqəmsal mexanizmlər hazırlamalıdır. Təəssüf ki, QHT Agentliyinin bu tip məsələlərə təsir imkanları, reaksiyaları müşahidə olunmur.
  Azərbaycanda indiki anda ictimai nəzarət mexanizmləri əsasən sosial media üzərində “oturub”. Əgər bir anlıq təsəvvür etsək ki, Azərbaycanda sosial media qapadılıb, onda təsəvvür etmək çətindir ki, ictimai nəzarətin səviyyəsi necə olar. 
  Bəzi sahələrdə ictimai iştirakçılıq üçün, vətəndaşların iştirakı üçün müəyyən imkanlar yaradılıb, amma müşahidələr göstərir ki, ümumilikdə ictimai nəzarət üçün zəruri olan mexanizmlər, resurslar çatışmır”.

  O.Gündüz hesab edir ki, ictimai əhəmiyyət kəsb edən informasiyalara, datalara  əlçatımlıq yetərli deyil: 

“Son zamanlar bəzi dövlət qurumları ictimai əhəmiyyət kəsb edən datalardan özləri kommersiya qurmaq üçün istifadə edirlər. Nəinki vətəndaş cəmiyyətinin, heç dövlət qurumlarının da bəzən bu tip datalara əlçatanlığı olmur. Bu tip datalar açıq məlumat bazaları formasında açıqlanarsa, bunların üzərində ictimai və biznes əhəmiiyyəti daşıyan rəqəmsal həllər yarana bilərdi.
  Düşünürəm ki, QHT Agentliyi vətəndaş cəmiyyətinin inkişafı üçün səylərini gücləndirməlidir. İlk növbədə vətəndaş cəmiyyətinin inkişafını buxovlayan hüquqi normalar aradan qaldırılmalıdır. Prezident yanında İctimai Palatanın yaradılması ideyasını yenidən gündəmə gətirmək də faydalı olardı”.

  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli isə bildirib ki, Agentlik bu istiqamətdə səylə çalışmaqdadır. Z.İbrahimli görülən işlərlə bağlı bir sıra məlumatları paylaşıb: 

“Agentlik tərəfindən 2022-ci il 30 may-23 iyun tarixlərində, 10 rayonda “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” mövzusunda zona konfransları keçirib. Konfransda, Agentliyin rəhbərliyi, Prezident Administrasyasının məsul əməkdaşları, 77 rayon icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri iştirak ediblər. Agentliyin maliyyələşdirdiyi qrant layihələri çərçivəsində Azərbaycanda ictimai iştirakçılığın vəziyyətinin qiymətləndirilməsi aparılıb. Eyni zamanda mövcud qanunvericiliyə uyğun olaraq “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən əlavə və dəyişikliklər hazırlanıb. Bir neçə regionda QHT resurs mərkəzləri tərəfindən yerli kontekst də araşdırılıb. İctimai Şuralarla bağlı data baza formalaşdırılmaqdadır. 2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə əsasən, ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri istiqaməti üzrə 15 QHT-nin təqdim etdiyi layihələr maliyyələşdirilib. 137 min 100 AZN qrant vəsaiti ayrılıb. Agentliyin Müşahidə Şurasının 26 may 2022-ci il tarixli iclasında ictimai iştirakçılıq, ictimai nəzarət təcrübəsinin təkmilləşdirilməsinə dair Prezidentə təkliflər təqdim edilməsi məsələsi müzakirə edilib. Təkliflər müzakirə olunub və növbəti dəfə yekun sənədin Prezidentə təqdim olunması barədə qərar qəbul edilib”.