Dünya iqtisadi böhranın qarşısını ala bilmir

Yaxın zamanda dünya ölkələrində kardinal şəkildə siyasi idarəetmə elitası dəyişəcək

  “Dünya iqtisadiyyatı növbəti ciddi böhranla, resessiya ilə üzləşib, hətta artıq böhranın içindədir”. Bu barədə iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, dünyada getdicə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zəncirlərin qırılması, yenilərinin yaranması ilə bağlı problemlər 2020-ci ildə koronavirus bəlasının dünya ölkələri tərəfindən doğru idarə edilməməsinin nəticəsidir: “Likvidliyin kəskin artırılması, bazarlara 17 trilyon dollar əlavə vəsaitin axıdılması, qapalı sərhədlər, ən sonda Rusiyanın Ukraynaya qarşı təzavüzü dünya iqtisadiyyatını dizüstə qoyub. 

Dünya dilemma ilə qarşı-qarşıya qalıb. Ya kredit faizlərini artıraraq inflyasiya ilə mübarizə aparmaq, ya da likvidlik bolluğunu davam etdirərək inflyasiyanı daha da yüksəltmək. Görünən odur ki, dünya ölkələri birinci yolu tutublar. Əksər MB-lər uçot dərəcəsini artırmaq yolu tutub və bu yol inflyasiyanı cilovlaya bilər. Amma iqtisadi aktivliyi boğacaq, iş yerlərini, insanların real gəlirlərini kəskin azaldacaq.

Yenə ölkələrdə sosial gərginliklərə, kütləvi etirazlara, nəticədə siyasi elitaların dəyişməsinə yol açacaq. Qəribəsi budur ki, hətta ikinci yol tutsalar belə, yenə nəticə eyni olacaq. Likvidliyin artması davam etdikcə inflyasiya yüksələcək. Qiymət artımları kütləvi etirazlara, seçkilərdə anti-elita qüvvələrə səs verməklə dəyişikliklərə səbəb olacaq. Yəni kovid səhvləri, hətta cinayətləri artıq dünya ölkələri elitasının boğazına keçmiş ipdir. Hansı tərəfə fırlansalar, ip daralır, siyasi “boğulma” çırpıntıları artır”.

  N.Cəfərli qeyd edib ki, iyulun 21-də Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz artıracaq: 

“Bu, avronu müvəqqəti olaraq nisbətən bahalaşdıracaq, amma inflyasiyaya qalib gəlmək üçün yetərli deyil. Deməli, il sonuna qədər yenə faiz artımı olmalıdır. Cənub və Şərqi Avropa ölkələri faiz artımından daha çox zərər görəcəklər, iqtisadi daralma yüksələcək. İşsizlik artacaq, insanların real gəlirləri azalacaq. Bir sözlə, dünya siyasi elitası kovid biabırçılığı və Rusiyanın aqressiyasını önləyə bilmir. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanda dünya ölkələrində kardinal şəkildə siyasi idarəetmə elitası dəyişəcək”.