Gələn il ərzaq böhranı daha da dərinləşəcək

İşğaldan azad olunan ərazilərimizin taxıl və ərzaq istehsalı baxımdan böyük potensialı var. Bu da ərzaqla özünütəminata xüsusi töhfə verəcək

  Prezident İlham Əliyevin imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmana əsasən gələn ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq. Bu sənəd subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı daha çox məhsul yetişdirən fermerin dövlətdən daha çox pul almasına səbəb olacaq. İlkin mərhələdə müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiya tətbiq ediləcək.

  Millət vəkili Vüqar Bayramov bildirib ki, buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alacaqlar. Deputatın sözlərinə görə, bu qaydalar yerli istehsalı stimullaşdırmaqla idxaldan asılılığın azaldılmasına xidmət edəcək:

 “Qlobal ərzaq böhranının dərinləşməsi fonunda yerli ərzaq istehsalının artırılması daha da aktuallaşıb. İşğaldan azad olunan ərazilərimizin taxıl və ərzaq istehsalı baxımdan böyük potensialı var. Bu da ərzaqla özünütəminata xüsusi töhfə verəcək.

  Nazirlər Kabinetinə ərzaqlıq buğdanın istehsal xərclərini və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək. Eyni zamanda, Dövlət Statistika Komitəsi Azərbaycana idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək.

 Yeni sənəd fermerləri daha çox istehsala stimullaşdırmaqla istehlak bazarında tarazlığın qorunub saxlanmasına xüsusi dəstək olacaq. 2023-ci ildə dünyada ərzaq böhranının daha da dərinləşəcəyi gözlənilir. 

Bu isə yerli fermerləri daha yaxından dəstəklənməsi və priventiv addımların sayının artırılmasını daha da prioritetləşdirmişdi. 

Bu kontekstdən, məhsula görə subsidiya fermerin əməyini qiymətləndirmək üçün ən yaxşı üsullardan biridir. Artıq daha çox yerli ərzaq istehsalı, güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir”.