Strategiya 5 əsas istiqamətə yönələcək

Azərbaycan növbəti 8 ildə yeni iqtisadi modelə uyğun inkişaf edəcək

Qeyri-neft ixracatının həcminin 2026-cı ildə 4 milyard 860 milyon dollara çatdırılması hədəflənir

  Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. 5 əsas istiqaməti özündə ehtiva edən Milli Prioritetlər Azərbaycanda müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur. Bu prioritetlərdə diqqət çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inkluzivliyin, eyni zamanda innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir. İnkluzivlik həm formalaşan və istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından istifadə etməsi, eyni zamanda dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması əsas hədəflərdən biridir.

  Millət vəkili Vüqar Bayramov bildirib ki, strategiyanın təsdiqi Azərbaycanda 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin tətbiq oluncağı anlamına gəlir. Deputat vurğulayıb ki, ölkəmiz növbəti 8 ildə yeni iqtisadi modelə uyğun olaraq inkişaf edəcək: 

“Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 2022-2026-cı illər əhatə edəcək.  2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələdə iqtisadiyyatın innovativləşdirilməsi əsas hədəflərdəndir.  Sənədə əsasən, növbəti 4 ildə ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4 faiz, qeyri-neft-qaz ÜDM-i isə illik orta hesabla 5 faiz artması və özəl sektorun iqtisadiyyatda payı 88 faizə çatdırılması hədəflənir. Sahibkarlığın inkişafına yönəldilən maliyyə dəstəyinin əsas mikro və kiçik sahibkarlara verilməsi nəzərdə tutulur. Belə ki, sənədə əsasən, sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20-30 faizinin mikro, 35-45 faizinin kiçik və 25-35 faizinin orta sahibkarlara yönəldilməsi hədəflənir. Eyni zamanda rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır. Bu, bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanması baxımından vacib hesab olunur. Belə ki, qeyri-neft ixracatının həcminin 2026-cı ildə 4 milyard 860 milyon dollara çatdırılması hədəflənir”. 

  Parlament sədri bildirib ki, ərzaq təhlükəsizliyi baxımından prioritet olan kənd təsərrüfatında orta illik artımın 4 faiz olacağı proqnozlaşdırılır: 

“Sənədə əsasən, nəqliyyat sektorunda orta illik artım tempi 5 faizi üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 mln. manatdan 2 dəfəyədək artaraq, 2026-cı ildə 450 mln. manata çatacağı hədəflənir. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10 faizdən çox, tikinti sektorunda isə təxminən 3 faiz artım olacağı gözlənilir. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı proqnozlaşdırılır. Sənəddə fəaliyyətlər ayrıca matrix formasında qruplaşdırılıb və bu da hədəflərə necə nail olunmasını illik olaraq izləməyə imkan verəcək. Bütövlükdə yeni prioritetlər islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir”.