Taxıl böhranı tezliklə həll olunmayacaq

Nə qədər ki, Rusiya-Ukrayna arasında müharibə davam edir, dünyada ümumi gərginlik qalmaqdadır

  Rusiya tərəfinin hərəkətləri ucbatından müəyyən müddət ərzində “taxıl sazişi”nin icrasına zəmanət vermək çox çətindir. Bunu Ukrayna Maliyyə nazirinin müavini Aleksandr Kava deyib. O vurğulayıb ki, Odessa, Çornomorsk və Yujnı limanlarından Ukrayna taxılının çox sürətlə ixracına başlamaq üçün hər şey edilir. Kava qeyd edib ki, saziş taxılın ixracı üçün 120 gün nəzərdə tutur: “Bu dəhliz yaxşı işləsə və Ukrayna daxilindəki dəniz ticarət limanlarına vaxtında taxıl çatdırmaq imkanı olsa, bu vaxt kifayətdir. Bunun müəyyən vaxt çərçivəsində baş verəcəyinə zəmanət vermək çox çətindir”. Kava bildirib ki, Ukrayna taxılının ixracının nəzərdə tutulması ilə yanaşı, Rusiya tərəfi ərzaq və gübrələrinin dünya bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təmin edib. 

Rusiya XİN başçısı Sergey Lavrov isə deyib ki, Moskva Kiyevlə məsələlərin daha geniş spektrini müzakirə etməyə hazırdır. Ancaq danışıqlar prosesinin bərpası Rusiyadan asılı deyil: “Ukrayna taxılının ixracı ilə bağlı sazişin Ukraynadakı vəziyyətin digər aspektləri ilə əlaqələndirilməsinə gəldikdə, bizim daha geniş spektrli məsələlər üzrə danışıqların bərpasına heç bir etirazımız yoxdur, lakin məsələ bizdən asılı deyil”. Lavrov qeyd edib ki, Ukrayna prezidentindən tutmuş onun müşavirlərinə və digər rəsmilərə qədər, hamısı Ukrayna qalib gələnə qədər heç bir danışıqlar olmayacağını vurğulayır: “Bu ukraynalıları Qərb kuratorları – istər London, istər Vaşinqton, istər Berlin və digər AB və NATO paytaxtları aktiv müdafiə edir. Ona görə də seçim onlarındır. 

Ancaq onlar Ukraynadan qələbəyə qədər vuruşmağı nə qədər çox tələb etsələr, biz bilirik ki, necə və kimin üçün hansı aqibət olacaq, həmçinin daha çox insan öləcək; hazırkı situasiya nə qədər çox davam etsə, bu, hər şeydən öncə Ukrayna dövləti və xalqının maraqlarına qarşıdır”. 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administratoru Samanta Pauer bildirib ki, ABŞ Rusiyanın Odessaya zərbəsindən sonra taxıl ixracının “B planı” üzərində işləyir: “B planına yollar, dəmir yolu və çaylar daxildir. Barjaların göndərilməsi və dəmir yolu sisteminin tənzimlənməsi ilə onlar Avropaya daha çox uyğunlaşacaqlar və ixrac daha sürətlə həyata keçiriləcək”. 

  O, Rusiya Prezidenti Vladimir Putinə etimad etmədiklərini qeyd edib. Bununla belə, Pauer Türkiyə və BMT-nin iştirakı ilə Ukrayna və Rusiya ilə əldə edilmiş “taxıl razılaşması”nın bir şəkildə fayda verəcəyinə ümid etdiyini deyib.

  “Taxıl ixracı” sazişi barədə “Şərq”ə danışan iqtisadçı Pərviz Heydərov deyib ki, bu saziş dünyada taxıl bazarında mövcud olan gərginliyi azaltmaq məqsədi daşıyır. Ekspertin fikrincə, sazişdən sonra taxıl üzrə dünya bazarında yaranmış gərginlik xeyli dərəcədə zəifləyəcək:

“Bu saziş özünü ilk növbədə qiymətlərdə göstərdi. Düzdür, qiymətlər çox ucuzlaşmayıb və kəskin aşağı enəcəyi də gözlənilmir. Əsas odur ki, bazardakı ajiotaj aradan qalxacaq. Ancaq taxıl problemi həll olunmayacaq. Nə qədər ki, Rusiya-Ukrayna arasında müharibə davam edir, dünyada ümumi gərginlik qalmaqdadır, belə şəraitdə taxıl böhranının qısa zamanda aradan qalxacağını gözləmək absurddur. 

Yaddan çıxartmayaq ki, Rusiya və Ukraynanın dünyanın taxıl istehsalı, tədarükü və ixracı sahəsində çox böyük payları var. İki ölkə arasında savaş davam etdiyi müddətcə, bu ölkələrdə əvvəlki dövrdəki kimi taxıl istehsalı və ixrac qeyri-mümkündür. 

Bu da o deməkdir ki, dünyada taxıla olan tələbatın ödənilməsində problemlər qalacaq. Hətta vəziyyət bir qədər də çətinləşəcək. Xüsusilə qeyd etmək lazımdır ki, dünyada taxıl böhranı Rusiya-Ukrayna müharibəsinə görə yaranmayıb. 

Taxıl böhranı 2020-ci ildən özünü göstərməyə başlayıb. Müharibə isə bu böhranı daha da dərinləşdirdi. İstanbulda imzalanmış “taxıl sazişi” odun üzərinə bir balaca su tökmək kimidir.

 Problemin uzunmüddətli həlli üçün müharibə dayanmalı, Rusiya və Ukrayna ilə yanaşı, digər ölkələr də taxıl istehsalını, tədarükünü pandemiyadan əvvəlki vəziyyətə qaytarmalıdır. O zaman taxıl böhranının aradan qalxacağını gözləməyə dəyər”.