“Şuşa, sən azadsan” filmi Stokholmda göstərilib


Zəfər Günü münasibətilə Stokholmda "Şuşa, sən azadsan" filminin təqdimatı olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın İsveç Krallığındakı Səfirliyi tərəfindən 8 Noyabr-Zəfər Günü münasibətilə keçirilən mərasimdə, bu ölkədəki azərbaycan və türk diaspor fəalları və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov çıxış edib.

Vətənimizin işğal edilmiş torpaqlarının azad olunması ilə əldə olunan tarixi qələbənin əhəmiyyətindən söz açan Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov, xalqımızın bu şanlı yolda qətiyyət nümayiş etdirdiyini xüsusi ilə qeyd edib. Tarixi Zəfərimizin əldə olunması yolunda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin danılmaz lider rolunu qeyd edən səfir göstərilən qətiyyətli addımlar nəticəsində torpaqlarımızın 20 ildən çox davam edən, 1 milyona yaxın soydaşımızın yurd-yuvalarından didərgin düşməsinə son qoyulduğunu bildirib.

Ardınca tədbirdə Bakı Media Mərkəzinin hazırladığı "Şuşa, sən azadsan" filmi nümayiş edilib.

Sonda tədbir iştirakçılarına Zəfər Günü münasibətilə ziyafət verilib.