“Rusiya ilə Ermənistan üçtərəfli bəyannamədən imtina etməyə çalışacaq”-Aktual

Katolikos Birinci Aram Ermənistanı Putinə “Yox” deməyə və üçtərəfli bəyanata məhəl qoymamağa çağırır. Onun bu açıqlaması ölkədə heç də gözlənilməz olmayıb. Çünki “Böyük Kilikiya Evi”nin kilsə mafiyası erməni cəmiyyətini qurban vermək üçün əlindən gələn hər şeyi edir. Hətta bilə-bilə ki, üçtərəfli razılaşmadan imtina erməni xalqının intiharı deməkdir, kilsə bu cür çağırışlardan ehtiyat etmir. Erməni kilsəsinin təfəkkürünə görə, ərazilərin itirilməsinin əsas günahkarı Ermənistan deyil, bu prosesin möhkəmlənməsinə kömək edən Putindir. Beləliklə, erməni din adamlarının, bütövlükdə kilsənin erməni xalqını daim qırğın və müharibəyə sürüklədiyi açıq-aşkar görünür.

 “Sherg.az” olaraq erməni katalikosun sözügedən təklifini siyasi analitik Samir Hümbətovla müzakirə etdik:

- Dini xadimin sözügedən açıqlamasını necə qiymətləndirirsiniz?

- Ermənistan heç vaxt Rusiyanın təsirindən tam çıxa bilməz. Sadəcə həmişə olduğu kimi İrəvan yenə də maksimalist davranırdı. Düşmənə elə gəlirdi ki, Azərbaycan torpaqları Ermənistanda qalacaq və Rusiya ona dəstək verəcək. Amma belə olmadı. Artıq reallıq dəyişib. Ermənistanın üçtərəfli bəyannamədən imtina etməsi ona baha başa gəlir. Onu da deyim ki, razılığın şərtləri tez-gec yerinə yetiriləcək. Sadəcə düşmən ölkədə yeni hökumət formalaşdığına görə bu, bir az vaxt ala bilər.

- Axı düşmən inadkarlıq göstərir…

-  Məsələ ondan ibarətdir ki, Ermənistan faktiki olaraq iqtidar, müxalifət, kilsə və ordu olmaqla dörd yerə parçalanıb. Əlbəttə, hazırkı məqamda bizim üçün maraqlı tərəf mövcud hakimiyyətdir. Və Paşinyan rəsmi Bakı ilə danışıqlara hazır olduğunu bildirib. Yəni zaman Azərbaycanın xeyrinə işləyir. İkinci bir tərəfdən, biz bütün addımlarımızı Türkiyə ilə koordinasiyalı atırıq. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan- Türkiyə amili artıq qlobal amilə çevrilməkdədir. İrəvan olmasa da, Moskva yaxşı başa düşür ki, reallığı dəyişmək mümkün deyil.

- Məlum olduğu kimi, Rusiya və Ermənistan üçtərəfli bəyannaməyə əməl etmirlər. Bunun fonunda Azərbaycanın da sənədlərdən imtina etməsi gündəmə gəlib. Sizin bu məsələyə münasibətiniz necədir?

- Məncə, bu, indiki məqamda doğru addım olmaz.

- Niyə belə düşünürsünüz?

- Çünki hələ müqavilələrin heç bir ili tamam olmayıb. Əgər biz razılıqlardan imtina etsək, digər tərəflər Azərbaycanı səbrsiz davranmaqda ittiham edəcəklər. Yəni buna  ehtiyac yoxdur. Onsuz da proseslər xeyrimizədir. Fikrimcə, bir azdan sonra Rusiya ilə Ermənistan üçtərəfli bəyannmədən imtina etməyə çalışaçaq. Onda biz beynəlxalq hüquq çərçivəsində adekvat addımlar atacağıq.

- Rəsmi Bakının üçtərəfli razılıqlardan çıxması nə vaxt lazım ola bilər?

- Moskva öhdəliklərini yerinə yetirməsə, biz bunu edə bilərik. Qarabağda anti-terror əməliyyatı keçirər, erməni silahlılarını məhv edər və sülhməramlıların oradan çıxmasını tələb edərik.