Türkiyəli jurnalist: “Ermənistan Azərbaycanla müqavilə imzalayarsa...”

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə CNN türk kanalına verdiyi müsahibə zamanı iki qardaş ölkənin əməkdaşlığından danışdı. Rəsmi Ankaranın müharibə dövründə bizə verdiyi dəstək xüsusi vurğulandı. Bildirildi ki, qardaş dəstəyi olmasa idi, işimiz çətinləşərdi. Dövlət başçısının həmin bəyanatları informasiya cəbhəsində atılan çox mühüm addımlar idi. İndi lazımi tərəflər mesajlardan dərs çıxarmalıdırlar.
Prezident müharibə dövründə olduğu kimi, yenə də informasiya müharibəsinə xüsusi həssaslıqla yanaşır. Çünki uğurlu diplomatik gedişləri ilə dünyanı özünə heyran qoyan siyasətçi  xəbərin dünya siyasətinə təsirini çoxlarından yaxşı bilir.

“Sherg.az” olaraq türkiyəli jurnalist İhsan Aktaşla son prosesləri və baş verənlərin fonunda informasiya müharibəsini müzakirə etdik:

- Sizcə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması nə qədər realdır?

- Məlum olduğu kimi, müharibələr sərhədlərin müəyyənləşməsi üçün aparılır. Amma dünyada bütün ölkələri əhatə edəcək ədaləti təmin edəcək beynəlxalq bir hüquq yoxdu. Sovet rejimi dağılanda Azərbaycan dövlət sistemini tam qurmağa imkan tapmadan işğalla üz-üzə qaldı. Nə BMT, nə digər beynəlxalq qurumlar bu haqsız işğalın qarşısını almaqdan ötrü bir şey etmədilər. Paşinyanın erkən parlament seçkilərində qalib gəlməsi mənə görə bir ümiddir. Ermənistan Azərbaycanla müqavilə imzalayarsa, bəlkə, Türkiyə sərhəd qapısı açılar və düşmən iqtisadi cəhətdən bir az nəfəs alar. Bu, hər kəs üçün daha faydalıdır.

- Bəs İrəvanın təxribatları nə ilə nəticələnəcək?

- Ermənistan müharibədən sonra ciddi və gözlənilməz zərbə aldı. Çünki ötən zaman kəsiyində Azərbaycanın bu qədər gücləndiyinin və komplektləşdirilmiş orduya sahib olduğunun fərqində deyildi. Beləliklə, Ermənistandakı siyasi böhran dərinləşməkdədir. Düşmən ölkə iqtisadi cəhətdən çətin vəziyyətə düşüb.

- Belə vəziyyətlərdə informasiya müharibəsinin əhəmiyyəti nədən ibarətdir?

- Savaş həm də psixoloji mübarizədir. Psixologiyanı düzgün yönləndirən tərəf qalib gəlir. Bu gün informasiya savaşı çox mühümdür. Bu mənada Prezident İlham Əliyevin açıqlamaları, o cümlədən BBC-yə verdiyi müsahibələr çox mühüm idi. Onu da deyim ki, Türkiyə mediası, xüsusilə Anadolu agentliyi  də sınaqdan üzüağ çıxdı.

- Bəs sosial media məhdudlaşdırılmalıdır?

- Bu məsələyə Qərbdə və Şərqdə münasibət fərqlidir. Qərb adını “hüququn tələbi”, Şərq “məhdudlaşma” qoyur. Bir ölkənin təhlükəsizliyi ilə vətəndaşın azadlığı eyni dərəcədə əhəmiyyətlidir. Dövlətin vəzifəsi isə tarazlığı qorumaqdır.

- Dezinformasiyaların qarşısı necə alınmalıdır?

- İctimaiyyəti doğru bilgiləndirmək şərtdir. Yadınızdadırsa, ABŞ-da prezident seçkiləri zamanı Donald Trampın sosial media hesabları bağlanmışdı. Yəni məsələ kifayət qədər ciddidir. Burada beynəlxalq güclər mühüm rol oynayırlar. Hər bir dövlərin milli təhlükəsizliyinin əsas komponentlərindən biri isə məhz informasiya təhlükəsizliyi ilə bağlıdır.

- Azərbaycan-Türkiyə ortaq media platformasının yaradılmasını necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, müharibələr müttəfiqlərlə qazanılır. Media ilə bağlı da vəziyyət eynidir. Sözügedən məsələ Qarabağ müharibəsindəki müttəfiqliyin növbəti təzahürüdür və çox əhəmiyyətlidir. Türkiyənin TRT kanalı və Anadolu agentliyi regional informasiya mənbəyidir. Həmin KİV nümunələri informasiyaları ingilis, ərəb, alman və rus olmaqla dörd əcnəbi dildə çatdırır. Fikrimcə, iki qardaş ölkənin ortaq təşəbbüsü digər türkdilli ölkələrə də ayaq aça bilər.