Təzyiqlər artırılmalıdır: "Zəngəzur dəhlizi açılmırsa, biz də...”

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən işə başlayıb. Moskvada keçirilən növbəti görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər. “Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri və Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub", - məlumatda deyilir.

Maraqlıdır, üçtərəfli işçi qrupu hansısa nəticəyə nail olacaq, ya artıq tarixə düşmüş ATƏT-in Minsk Qrupu kimi fəaliyyətsizliyi ilə seçiləcək?

 “Sherg.az” olaraq siyasi analitik Turab Rzayevlə bu məsələləri müzakirə etdik:

- Sizcə, üçtərəfli işçi qrupu proseslərin həlli istiqamətində nə isə edəcək?

- Buna inanmıram. Çünki dövlətlərin prioritetləri fərqlidir. Azərbaycan kommunikasiya xətlərinin açılmasını və vaxt keçdikcə digər torpaqların da öz nəzarətinə keçməsini istəyir. Ermənistanın arzusu sülhməramlılar olduğu yerdə məskunlaşan əhaliyə müstəqillik və status verilməsidir. İrəvan, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini çəkmək istəyir. Paşinyan hökumətinin məqsədi zədələnmiş reputasiyasını Qərbin dəstəyi ilə bərpa etməkdir.

- Bəs Rusiya?

- Rusiya regionda sabitlikdə, sülhdə maraqlıdır. Digər tərəfdən isə Qarabağ məsələsindən Azərbaycana və Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə edir və gələcəkdə bu “kozır”ı əldən vermək barədə düşünmür. Moskva həm də Bakını Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına, KTMT-yə üzv etməyə cəhd göstərir. Yəni mövqelər üst-üstə düşmür. Bu isə o deməkdir ki, üçtərəfli işçi qrupunda fikir ayrılığının yaşanacağı dəqiqdir.

-  Bəs ideal yol nədir?

- Danışıqlar. Sadəcə təzyiqləri artırmalıyıq. Elə etməliyik ki, Rusiya mövqeyimizi qəbul etsin. Ermənistana qarşı isə “kökə və qamçı” siyasətindən yararlanmaq məqsədəuyğundur. İqtisadi əməkdaşlığın onun özü üçün faydalı olduğunu İrəvana başa salmalıyıq.

- Növbəti müharibə ehtimalı nə qədərdir?

- Əlbəttə, “Demokl qılıncı” daim Ermənistanın başı üzərində olmalıdır. Düşmən bilməlidir ki, təxribat ciddi müqavimətə səbəb olacaq. İrəvanın sülh və inteqrasiya yolunu tutmaması ona fəlakətlər gətirə bilər. Ancaq dediyim kimi, ən optimal variant münaqişəni müzakirələrlə həll etməkdir.

- Bəziləri düşünürlər ki, Moskva və İrəvan üçtərəfli bəyannaməyə uyğun davranmırsa, Bakı da sənəddən imtina etməlidir. Bu təklifə münasibətiniz necədir?

- Həmin mövqedə olanları prinsipial baxımdan başa düşmək olar.  Biz de-yure olaraq bu məsələni qaldıra bilərik, lakin de-fakto mümkün deyil.

- Niyə?

- Çünki faktiki olaraq bu sənəd müharibənin qarşısını alır. Üçtərəfli bəyannamədən imtina etsək əvvəlki vəziyyətə qayıda bilməyəcəyik. Artıq orada rus sülhməramlıları var. Deməli, daha ya savaş barədə düşünməməli, ya da oradakı rus hərbçiləri ilə üz-üzə gəlməliyik. Amma sənədin hansısa şərtləri müzakirə edilə bilər. Məsələn, Zəngəzur dəhlizi açılmırsa, biz də Laçını dəhlizini bağlamaq məsələsini gündəmə gətirməliyik.