Rusiyanın dövlət müşaviri: “Çox istərdik ki, rəsmi Bakı sülhməramlılarla bağlı peşman olmasın”

"Rusiya Azərbaycanla münasibətləri pisləşdirsə, Cənubi Qafqazı itirəcək".

"Moskva bir tərəfdən özünü vasitəçi elan edib, digər tərəfdən isə iştirakçılardan birinə silah verir".


Cənubi Qafqazda ciddi oyun gedir, tutarlı mesajlar verilir. Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsi və Kəlbəcər və Laçına səfəri zamanı dedikləri üçtərəfli razılaşmanın digər iştirakçıları- Rusiya və Ermənistana mesajdır. Bu, o demək idi ki, nə qədər gec deyil, şərtlər yerinə yetirilməlidir. Yoxsa, bizdən inciməyin. Rəsmi Bakı artıq xəbərdarlıq edib. Bu qarşı tərəf üçün bir növ “sarı işıq” idi. “Qırmızı işıq”dan sonra isə düşmən üçün heç nəyin xeyri olmayacaq.

“Sherg.az” olaraq son proseslər, o cümlədən dövlət başçısının ismarıcları ilə bağlı Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova ilə söhbətləşdik:

- Ermənilərin davam edən təxribatları barədə nə düşünürsünüz?

- Bəli, təəssüf ki, provokasiyalar səngimir. Revanşistlər hakimiyyətin dəstəyini alırlar. Ermənistan revanş məqsədilə hərbi potensialını artırmağa, ordusunu müasirləşdirməyə çalışır. Hədəf sülh prosesini, sərhədlərin müəyyənləşməsini ləngitməkdir. Onlarda bu revanşist ab-havanı yaradan həm də Rusiyadakı erməni diasporudur.

- Erməni diasporunun əsas fəaliyyəti nədən ibarətdir?

- Onlar şaxələndirilmiş şəbəkə kimi çoxdan fəaliyyət göstərirlər. Bəzi KİV orqanlarını da pulla alırlar. Əlbəttə, Rusiyadakı erməni diasporunun tərkibində ayıq düşünənlər, məğlubiyyəti qəbul edənlər də var. Onlar başa düşürlər ki, boş yerinə silah oynatmaqdansa, öz dövlətinin gələcəyini düşünmək daha yaxşıdır. Həmçinin Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edənlər də az deyil. Onlara görə Rusiyanın bəzi torpaqları qədim Ermənistanın olub. Yəni Azərbaycan və Gürcüstan kimi Rusiyaya da ərazi iddiaları ilə çıxış edirlər. Amma biz ölkəmizdə erməni separatizminə yol vermirik.

- Qarabağdakı sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Onlar haqqında tənqidi fikirlər səsləndirilir. Sülhməramlıların Qarabağda olması Azərbaycanın xoş niyyətindən xəbər verir. Çox istərdik ki, rəsmi Bakı sülhməramlılarla bağlı peşman olmasın.

- Prezident İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsini necə qiymətləndirirsiniz?

- Bu, çox böyük dövlət xadiminin, vətənpərvər siyasətçisinin tutarlı intervyusu idi. Dövlət başçınız çox düz dedi ki, Qarabağ məsələsinin həlli zamanı ermənilər müntəzəm təxribat törədirdilər, azca irəliləyiş olan kimi hərbi aventüraya əl atırdılar. Minsk Qrupu lazımsız, faydasız qurumdur. Azərbaycan öz torpaqlarını özü azad etdi.

- Rusiya Müdafiə Nazirliyinin ermənilərlə bağlı məlum açıqlaması ciddi ajiotaj yaratdı. Prezident də müsahibə zamanı bu məsələyə toxundu...

- Bu, Rusiya Müdafiə Nazirliyinin xoşagəlməz təcrübəsidir. Moskva bir tərəfdən özünü vasitəçi elan edib, digər tərəfdən isə iştirakçılardan birinə silah verir. Burada əsas rolu hərbi lobbi oynayır. Onlar silah sataraq pul qazanırlar. Digər məsələlər kimsəni maraqlandırmır.

- Proseslərin gələcək inkişafı ilə bağlı proqnozlarınız nələrdir?

- Prezidentiniz vurğuladı ki, İkinci Qarabağ müharibəsi düşmənə dərs olmayıbsa, növbəti savaşa hazırıq. Ermənistan bu mesajdan dərs götürməlidir. Bildiyim odur ki, İrəvan “oyunçu” deyil. Və Rusiya Azərbaycanla münasibətləri pisləşdirsə, Cənubi Qafqazı itirəcək.