Şəhid ailələri ilə görüşən jurnalist: “Yalvarıram ki, mənə “sağ ol” deməyin...”

“Ən böyük minnətdarlıq da, sağ ol da Şəhidlərimizə, onların ailələrinə düşür”

“Oktyabr ayından şəhid ailələrini ziyarət edirəm. O vaxtdan etibarən hər ayın 27-28 günü, demək olar, rayonlarda keçir”

“Balakəndən Astaraya, Xaçmazdan Gəncəyə, Mingəçevirdən Bərdəyə, Kürdəmirdən Goranboyadək onlarla rayonda, kənd və qəsəbələrdə olmuşam”

“Bərdə Şəhidləri, o cümlədən Elməddin barədə yazını böyük əziyyət çəkərək, ürək ağrısı ilə yazdım, hətta bir anlıq səhhətim pisləşdi”



 İkinci Qarabağ müharibəsindən sonra bir çox ziyalılarımız şəhidlərimizin xatirəsini əbədiləşdirməyə başladılar. Müxtəlif kitablar yazıldı, filmlər çəkildi. Tanınmış jurnalist, “Etikxəbər.az” saytının baş redaktoru Kamil Həmzəoğlu (Həmidov) da bu prosesdən kənar qalmadı. O, artıq xeyli müddətdir ki, şəhid ailələri ilə görüşür, qəhrəmanlarımız barədə yazılar yazır, onları ictimaiyyətə daha yaxından tanıdır. Beləliklə, həm də yetişməkdə olan nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması təmin edilir. Kamil bəy canını vətənə qurban edənlərdən yazır, onların kədərli, lakin həm də qürurlu, məğrur valideynləri ilə söhbətləşir. Və bu məqsədlə bəzən ən ucqar kəndlərə yol alır.

Odur ki, “Sherg.az” olaraq belə böyük əzm və zəhmət tələb edən işlə bağlı həmkarımızla həmsöhbət olduq: 

- Kamil bəy, müntəzəm olaraq şəhid ailələrini ziyarət etməyiniz öz təşəbbüsünüzdür, yoxsa bunu hansısa layihə çərçivəsində reallaşdırırsınız? 
- Əvvəla, onu deyim ki, şəhid mövzusu mənim üçün yeni deyil. Artıq otuz üç ildir, yəni 1988-ci ildən jurrnalistikadayam. Mətbuatdakı ilk illərim Birinci Qarabağ müharibəsinə təsadüf etdi. O zaman texniki imkanlar indiki kimi deyildi. Məlumat toplamaq çətin idi. Buna rəğmən, şəhidlərimiz haqqında silsilə yazılar yazır və həmin materialları 1991-1994-cü illərdə “Aydınlıq”, “Açıq söz”, “Zaman”, “Vətən səsi”, “Səs” qəzetlərində və digər mətbu orqanlarda dərc etdirirdim. İndiki müsahibələrim, reportajlarım da şəxsi təşəbbüsümdür. Burada hansısa layihədən söhbət belə gedə bilməz.


Kimsənin dəstəyi, yardımı olmadan bu müqəddəs işi, vəzifəni vicdanla, şərəflə yerinə yetirməyə çalışıram. Çünki, bu, mənim üçün vicdan məsələsidir. Bu, mənim Allah, qəhrəmanlarımızın, Şəhidlərimizin ruhları və onların özləri kimi Qəhrəman ailələri qarşısında borcumdur. Vətəndaş, jurnalist kimi vəzifəmdir. Elə buna görə də onlara söyləyirəm, xahiş və rica edirəm, bəzən də yalvarıram ki, mənə “sağ ol” deməyin, minnətdarlıq etməyin. Çünki ən böyük minnətdarlıq da, sağ ol da Şəhidlərimizə, onların ailələrinə düşür.

 - Fəaliyyətiniz artıq neçə müddətdir davam edir? İndiyədək hansı rayonlarda olmusunuz? 

- Oktyabr ayından şəhid ailələrini ziyarət edirəm. O vaxtdan etibarən hər ayın 27-28 günü, demək olar, rayonlarda keçir. Balakəndən Astaraya, Xaçmazdan Gəncəyə, Mingəçevirdən Bərdəyə, Kürdəmirdən Goranboyadək onlarla rayonda, kənd və qəsəbələrdə olmuşam. Görüşə bilmədiyim şəhid ailələri ilə müxtəlif tədbirlərdə tanış olmağa, söhbətləşməyə çalışıram.


Nəzərinizə çatdırım ki, hazırladığım materialları rəhbəri olduğum “Etikxəbər” saytında, “Facebook” səhifəmdə yayımlayıram. Əlbəttə, bu, böyük iş deyil. Ancaq şəhidlərimizin ruhu qarşısında əlimdən gələni etməyə çalışıram və gələcəkdə də edəcəyəm. Nə etsəm də, yenə azdır. Əslində heç nə etməmişəm.

 - Şəhid ailələri ilə söhbət yəqin ki, o qədər asan olmur. Bunu necə bacarırsınız?

 - Onlara qarşı münasibət hər kəsdən, xüsusilə qələm adamından xüsusi həssaslıq tələb edir. Çünki kifayət qədər həssas, duyğusal olurlar. Adi bir söz, kəlmə xətirlərinə dəyə, qürurlarını incidə bilər. Təsadüfi deyil ki, uzun illərdir mediada olmağıma rəğmən, şəhid ailələri ilə söhbət zamanı böyük həyəcan keçirirəm, əl-ayağım əsir. Onlarla birlikdə ölüb-dirilirəm. 

- Bu fəaliyyətiniz dövründə ən təsirli epizod nə olub? 

- Həmişə özümü toparlamağa, həyəcanımı büruzə verməməyə çalışmışam. Ancaq  Musa və Tural Həsənovların anası-yerlim Nəhayət xanım, yenə Şəhid qardaşlar- Əli və İslam Əhmədovların anası, qohumum Sevinc xanım, bakılı Şəhid Yusif Budaqovun anası Lətafət xanım, Bərdəli şəhid Elməddinin anası Arzu xanım, gəncəli Şəhid Ramalın anası İlhamə xanım və Xaçmazlı şəhid Davudun anası Validə xanımla görüş zamanı özümü nə qədər toxtaq tutmağa çalışsam da, göz yaşlarıma hakim ola bilməmişəm.
Həmin anlarda özümə həyəcandan yer tapmamışam . Nəhayət və Sevinc xanım hər iki oğlunu savaşda itirib. Digərləri isə indi tək-tənha, dərdləri ilə baş-başa qalıblar. Elməddin uşaq olarkən atası onları tərk edib. Arzu xanım övladını min-bir əzab-əziyyətlə böyüdüb. Güclə ev tikiblər. Elməddin ona deyirmiş ki, bundan sonra xoşbəxt olacağıq. Arzu xanımın mənimlə söhbət zamanı söylədiyi “Oğlumsuz bu evi neyləyirəm?” sözləri ilə sanki sinəmə ox sancıldı. Bərdə Şəhidləri, o cümlədən Elməddin barədə yazını böyük əziyyət çəkərək, ürək ağrısı ilə yazdım, hətta bir anlıq səhhətim pisləşdi. Elə bildim ki, bu dəqiqə canım ağzımdan çıxacaq, həyatımı itirəcəyəm. O dərəcədə təsirlənmişdim...Belə anlarda söz lal olur, gördüklərin qarşısında aciz qalır. 

- Şəhid və qazi ailələrinə dəstək istiqamətində bundan sonra nə etməyi düşünürsünüz?

 - Mən adətən plansız, proqramsız işləyirəm. Ani qərarlar qəbul edirəm. Amma nə qədər ki, taqətim, canımda can var, bu işimi davam etdirəcəyəm, Şəhidlərimiz qarşısında mənəvi borcumu qismən olsa da, yerinə yetirməyə çalışacağam. Əgər istəmədən həmsöhbətlərimdən, Şəhid ailələrindən, Şəhid analarından kiminsə xətrinə dəymişəmsə, xətaya yol vermişəmsə, onlardan üzr istəyir, halallıq xahiş edirəm. Hamısının qarşısında baş əyirəm. Hamısı mənim əzizlərim, doğmalarımdır. Özümü onlardan biri hesab edirəm, artıq özümü onlarsız təsəvvür edə bilmirəm.