Sensasiya! - “Tacikistan, Qırğızıstan və Özbəkistanda inqilab..."

“Həmin ölkələrdə inqilabın baş verməsi tam realdır. Və bu, olacaq”

“Taliban Rusiyanın nəzarətində olan ölkələri də müsəlmanlaşdıracaq”

“Üstəgəl, Rusiyanın daxilində çeçenlər, tatarlar kimi bəzi qüvvələr Talibanla əlbir olmaq istəyir. Çünki eyni dinə sitayiş edirlər. Yəni Moskvanın narahatlığı təbiidir”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstandakı vəziyyətlə bağlı danışıb. O, Talibanın Pəncşirdəki təhdidlərini reallaşdırmayacağına inandığını bildirib: “Ümid edirik ki, Taliban Pəncşirdə döyüşlərə başlamaq barədə təhdidləri həyata keçirməyəcək. Onları və Əfqanıstandakı digər qüvvələri hökumətin formalaşdırılması ilə bağlı dialoqa çağırırıq”. - nazir vurğulayıb.

 Kremlin “qanının qaraldığı” məlumdur. Necə deyərlər, çırtma vursan qanının çıxacağı həddədir. 
“Sherg.az” olaraq BDU-nun professoru, politoloq Əlimusa İbrahimovla Moskvanın narahatlığı barədə həmsöhbət olduq:

- Şimal qonşumuz niyə bu qədər əl-ayağa düşüb?

- Talibanın Əfqanıstana hakimiyyətə gəlməsi bu hərəkatın Rusiyanın nəzarətində olan ölkələrə, o cümlədən Tacikistana, Qırğızıstana, Özbəkistana keçməsinə şərait yaradır. Həmin ölkələrdə inqilabın baş verməsi tam realdır. Və bu, olacaq. Taliban Rusiyanın nəzarətində olan ölkələri də müsəlmanlaşdıracaq. Üstəgəl, Rusiyanın daxilində çeçenlər, tatarlar kimi bəzi qüvvələr Talibanla əlbir olmaq istəyir. Çünki eyni dinə sitayiş edirlər. Yəni Moskvanın narahatlığı təbiidir. KTMT-nin Özbəkistan və Tacikistanla birlikdə hərbi təlimlərə başlaması, Özbəkistan, Qırğızıstan və Tacikistanın hərbi hissələrinin yüksək hazırlıq səviyyəsində olması heç də təsadüfi deyil. Bu, Əfqanıstandan gələn təhlükənin qarşısını almaqdan ötrüdür. Amma məsələnin tarixi kökləri də var.

-Nəyi nəzərdə tutursunuz?

- Tərəflər uzun müddət düşmən olublar. Moskva Talibanı terror qruplaşması kimi tanıyır. Çünki sovet qoşunları Əfqanıstanda olduğu vaxtlarda Talibanla mübarizə aparmalı olmuşdu. Talibanın ilk hakimiyyəti dövründə, yəni 1995-2001-ci illərdə də qarşıdurmalar baş vermişdi. Rusiya radikal qruplaşmaya qaşrı mübarizədə həmişə ABŞ-ın yanında olub. Bu mənada Talibanın ən böyük düşmənləri Moskva ilə Vaşinqtondur. 2001-ci ildə ABŞ Talibanı hakimiyyətdən saldı. Beləliklə, onlar arasında ədavətin əsası qoyuldu. 2015-ci ildə Taliban nümayəndəsi ABŞ- a qarşı birgə mübarizə üçün Rusiyaya müraciət etsə də, Kreml kobud şəkildə bunu rədd etdi. İndi hətta belə rəy var ki, Talibanın hakimiyyətə gəlməsi ABŞ-ın Rusiya və Çinə qarşı təzyiq vasitəsidir.

- Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkədən qaçmasının ABŞ dövlət başçısı Co Baydenin təzyiqi ilə olması barədə məlumat yayılıb. Bu nə qədər inandırıcıdır?

- Məncə, ağlabatan deyil. Çünki ABŞ Əfqanıstanın belə tezliklə ələ keçiriləcəyini düşünmürdü. Əks halda Əfqanıstan üçün bir trilyon xərc çəkməzdi. Taliban özü də bildirmişdi ki, Kabili işğal etmək kimi məqsədi yoxdur. Görünür, onlara kənardan ciddi dəstək verilib. Beləliklə, ABŞ fakt qarşısında qaldı.

- Bəs Qaninin özünün dediyi kimi, onun Əfqanıstana qayıtması barədə nə fikirləşirsiniz?

- Qani özü belə bəyanatlar səsləndirə bilər. Lakin mümkün deyil. Taliban keçmişlə bütün əlaqəni kəsmək istəyir. Eyni zamanda Qani ilə radikal mübarizə apardığı halda indi onu qəbul etməsi sadəcə məntiqsizlikdir. Taliban Qaniyə “qapı açmayacaq”.

- Proseslər Cənubi Qafqaza hansı formada təsir göstərəcək?

- Baş verənlərin regiondakı siyasi mənzərəyə birbaşa təsiri var. Rusiya Talibana qarşı mübarizə məqsədilə Türkiyə və Pakistandan istifadə etməyə çalışacaq. Bu mənada Moskvanın Ankaraya güzəştə getməsi, “özünü yığışdırması” gözləniləndir. Amma Türkiyənin özünün də Özbəkistan və Qırğısıztanla bağlı tarixi maraqlarının olduğunu nəzərə almalıyıq. Proseslərin bundan sonrakı inkişafını gələcək göstərəcək.