"Qüdsdə olanda heç bir yerim ağrımır, Şuşa da elədi"

Novella Cəfəroğlu: "Elçibəyin də ruhu şaddır, indi başına yığıb şəhidləri"

"Nar ağacları Ağdama əsgər kimi keşik çəkiblər. Ermənilərə göz dağı veriblər. Məndən olsa, Ağdamın gerbində nar ağacı qoyardım"

Qeyri-hökumət təşkilatlarının təmsilçiləri işğaldan azad edilmiş Ağdama, Şuşaya səfər etdi. Sosial şəbəkələrdə fotolar paylaşıldı. Bu, səfərin görünən tərəfləridir. İşğaldan azad edilmiş torpaqlara gedənlərin hamısı orada şəkil çəkdirir, sonra da paylaşır. Amma paylaşılmayanlar da olur; məsələn, göz yaşları kimi. Göz yaşını kiminlə paylaşa bilərsən ki?! O sənindir. Yanaqla üzü aşağı süzüləni də var, ürəyə - qəlbə axanı da. 

Gizlədiləni də olur. Bəzən insan göz yaşlarının kimsənin görməsini istəməz. Novella xanımsa heç nəyi gizlətməyənlərdəndi. Nə sevincini, nə kədərini. Nə hisslərini. Nə də göz yaşlarını. Ağdamda, Şuşada axıtdığı göz yaşlarından illərlə həsrətində olan əziz bir adamını görüb bağrına basırmış kimi danışdı. 

“Şərq”in “Axşam söhbəti” Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğludur: 

- Bəzən kinayə ilə deyirlər, “indi hamı qarabağlı olub!”. Mən belə hesab edirəm ki, Vətənin bir guşəsinə zərbə dəyirsə, ora hamının olmalıdır. Əgər Naxçıvana bir xətər toxunsaydı, hamı naxçıvanlı olmayacaqdı?! Hara olur-olsun, Azərbaycanın hər yeri Vətəndir. Zərbə Vətənə dəyir. Gəlin, düzünü danışaq, çox adam Qarabağın işğaldan azad ediləcəyinə, torpaqlarımızın geri alınacağına inanmırdı. Qarabağın azadlığı həqiqətən bir möcüzə oldu. Biz Ağdama gedəndə, mən yolboyu ağladım. Gözümün yaşını saxlaya bilmirdim. Çünki o şəhərdə işləmişdim. Oranın gözəl günlərini, firəvan həyatını görmüşdüm. Baxırdım ki, aman Allah, şəhər nə günə qalıb?! Şəhər yoxdu. Küçələr yoxdu e, küçələr!.. Şəhər də itib, küçələr də itib, heç nə qalmayıb. Bu necə bir vəhşilikdi!. Özünə insan deyən bir şəhəri necə bu kökə sala bilir?! Bu vəhşilər (ermənilər) hayıflarını şəhərdən alıblar. Daşdan, betondan, ağacdan hayıf çıxıblar elə bil. Amma yolboyu işləyənləri də gördüm. Böyük “vışka”lara baxırdım və əhsən dedim, orada çalışanlara. O qədər  valeh oldum ki, orada aparılan işlərə. Yol çəkirlər, işıq dirəkləri basdırırlar.  Xalqımız hər şeyə qadirdir. Torpağımızı azad etdik, inşəllah, tikib-dirçəldəcəyik də. Orda işləyənlərdə mən bu iradəni, qüvvəni gördüm. Bizim insanlarda bir balaca sevgi çatışmır. 44 günlük müharibədə necə bir olduqsa, bir nöqtəyə vurduqsa, iqtidarlı-müxalifətli həmişə belə olsaq, heç kəs qarşımızda dayana bilməz. Azərbaycan qüdrətli dövlətdir.  Ancaq bir-birimizin qədrini bilməliyik. Hələ 3 dövlətin birliyi – Azərbaycan, Türkiyə, Pakistan - çoxlarının yerinə qor doldurub. 

- Novella xanım, dediniz Ağdamda işləmisiniz, nə zaman, neçənci illər idi?

- Deyim də... 1980-ci illər. Orda kəşfiyyat aparmışam, “Xaçınstroy”da. 

- İxtisasınız geoloqdu?

- Yox, mən kimyaçıyam. Kimya fakültəsini bitirmişdim. Laboratoriyada çalışmağa başladım. Sonra məni Geoloji Kəşfiyyat Ekspedisiyasına daxil etdilər. Torpağın tərkibini öyrənirdim. Bilirsiz, Ağdam torpağında nə qədər faydalı minerallar var?  İnşəllah, dövlətimiz hamısını üzə çıxaracaq.  Ölkəmizin rifahı üçün istifadə olunacaq onlardan. Mən Kəlbəcərdə də işləmişəm. Kəlbəcər qızılını bizim ekspedisiya  kəşf edib. Naxçıvanda da işləmişəm. 

- 1980-ci illərdə Ağdamı görmüşdünüz. İndiki görkəmi – görkəm demək mümkünsə, təbii sizə ağır təsir edib...

- Ağdam Qarabağın mərkəzi idi. Şuşa yaylaq idi, amma Ağdam şəhər idi. Şuşalılar bazarlığa Ağdama gəlirdi. İndi Ağdamı  görəndə, elə bil başıma qaynar su tökdülər...  Sonra sevindim. Bilirsiz nəyə? Çoxlu nar ağacları var Ağdamda. Mənə elə gəldi ki, o nar ağacları əsgərlərdi. Bu illər ərzində Ağdama əsgər kimi keşik çəkiblər. Ermənilərə göz dağı veriblər. Məndən olsa, Ağdamın gerbində nar ağacı qoyardım. Şəhərin simvolunu nar ağacı edərdim. O nar ağacları mənə o qədər gözəl təsir bağışladı ki...

- Bəs Şuşa necədi?

- Şuşada insan “uçur”. Bilmirəm, mən “uçurdum”. Yaşlı qadınam. Ayaqlarım ağrıyır, tez yoruluram, piyada çox gəzə bilmirəm. Amma Şuşada gəzirdim, hamı mənə deyirdi ki, Novella xanım, yorulmamısınız? Deyirdim, yox. Yorğunluq hiss etmədim orda. Quş kimiydim. Cıdır düzündə çox həyəcanlandım. Həyəcandan ayaqlarım titrədi, oturdum daşın üstünə. İnana bilmirdim ki, Şuşadayam, Cıdır düzündəyəm. Səidə xanım (hüquq müdafiəçisi Səidə Qocamanlını nəzərdə tutur – red.)  ayaqyalın gəzirdi. Deyirdi, torpağı hiss etmək istəyirəm. Şuşaya səfərimiz çox dəyərli gediş idi. Görərdiniz, ordakı adamlar necə sevinirdilər, sevincdən necə uçurdular. Bayraqla şəkil çəkdirirdilər. Bacım qızı həkimdi. Onu da aparmışdım özümlə ki, bizə həkim də lazımdı. Mənə dedi ki, “xala, sən mənə dünyanı bağışladın”.  Şuşa qayıdıb, qeyrətimiz , namusumuz qayıdıb. Əminəm ki, şəhidlərin ruhu şaddır. Vətən uğrunda şəhid, qazi olanların hamısının ruhu şaddır və onlar hamısı orda Cıdır düzündə sevinirlər, uçuşurlar...  Əbülfəz Elçibəyin də ruhu şaddır, indi başına yığıb şəhidləri...

- Novella xanım, əvvəllər də Şuşada olmuşdunuz?

- Əlbəttə. Həyat yoldaşım Şuşanın vurğunu idi. Ora bizim ailənin istirahət yeri idi. 

- Şuşa haqqında hər kəs fərqli danışır, amma hamının yekdil olduğu fikir budur ki,  Şuşanın havası tamam başqadı...

- Mən Şuşanı Qüdsə bənzədirəm. İsrailə uşaqların yanına gedəndə, Qüdsə də gedirəm. Bilirsiz ki, Qüds 3 səmavi dinin müqəddəs şəhəridir. Məscidi-Əqsaya gedirəm, ordan çıxıb başqa müqəddəs yerləri bir-bir ziyarət edirəm, oğlum deyir, mama, yorulmursan? Yorulmuram. Qüdsdə olanda heç bir yerim ağrımır. Ağrılarm yox olur. Şuşa da elədir. Bu səfərdə gördüm ki, Şuşada da Qüdsdə olduğum kimiyəm. Şuşada da həyətlərdə, hətta evlərin – ev yoxdu, amma evlərin içində ağaclar boy atıb. Elə bil evlərin qoruyucularıdır.  Sakinlər getsə də onlar evləri qoruyub... 

- Novella xanım, bu cür səfərlərin ermənilərin vandalizmini dünyaya çatdırmaqda böyük əhəmiyyəti olduğu bildirilir, amma biz bilirik ki, siz onsuz da həmişə bu missiyanı yerinə yetirmisiniz. 

- Erməni vandallarının törətdiyi vəhşilikləri qeyri-hökumət təşkilatları daha geniş müstəviyə çıxarmalıdır. Bu istiqamətdə əhəmiyyətli işlər görülməlidir. Qarabağa – Ağdama, Şuşaya beynəlxalq təşkilatların nümayəndələri də gedir, xarici qonaqlar da gedir, hamısı bunların hansı vəhşiliklər elədiyini görürlər. Ermənilər xəstə düşüncəli adamlardı. Boylarını yerə soxum. Yaşayırdılar da, rahat. Qanmadılar. İmperiya “arzuları” onları məhv etdi.  Başlarına daş düşsün. Başa düşmədilər ki, heç Rusiya imperiya ola bilmir. Sən necə ola bilərsən?! İndi qalıblar qapılarda. Ona-buna yalvarırlar.  Azərbaycan sənə qapı açmağa hazırdır. Türkiyə sənə qapı açmaq istəyir. Ağılları olsa, məntiqlə, ağıllı-başlı oturub fikirləşsələr, görərlər ki, Azərbaycanla, Türkiyə ilə münasibətləri düzəltməkdən başqa yolları yoxdur. Ağıllarını başlarına yığmasalar, məlumdur, sonrası necə olacaq. Azərbaycan özünü qorumağa, müdafiə etməyə qadirdi, gücü var. Hücum edə bildiyimizi də gördülər. İndi qoy yaxşı-yaxşı fikirləşsinlər. 

Söhbəti apardı: Məlahət Rzayeva