"Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər"

"İnsan sevəndə o sevginin nişanəsi mütləq qalır"

Qəşəm Nəcəfzadə: "Bəzən insan şeirdə o qədər gözəl görünür ki, şeirin ona aid olacağına inanmır


İşimiz şeirlədi son vaxtlar. Sosial şəbəkənin bu tərəfinə varam. Dostlar, tanıdıqlarımız maraqlı paylaşımlar edir, bizim üçün də yeni mövzu, yeni material olur. Ötən dəfə dəyərli şairimiz Akif Əhmədgil mərhum həyat yoldaşına ithaf etdiyi şeirini paylaşmışdı. Ardınca Qəşəm Nəcəfzadədən çox gözəl şeir gəldi. 

“Sənin dərsin”.  Həm də Qəşəm müəllimin öz ifasında. Təsəvvür edin ki, şeiri bəyənmə sayı 500 mini keçdi. Şeir bir şagirdin müəlliminə bəslədiyi təmiz, saf duyğuların tərənnümüdür. İnandınız?! Mən də oxuyanda elə bildim. Ay-hay!.. Şagird-filan deyilmiş. Qəşəm müəllimin özüymüş, “müəlliməyə” şeir yazan.  Söhbət edəndə dedi. İndi oxucumuz elə biləcək ki, Qəşəm müəllimin gizli sevgisini üzə çıxarmışıq. Elə də deyil. Bəlkə də çoxları bu şeirin tarixçəsini bilir, ya da şeirlə tanışdılar. Sadəcə, şeir vəsilə oldu və biz dəyərli, istedadlı şairimiz Qəşəm Nəcəfzadə ilə hömsöhbət olduq. Onu kövrək gənclik illərinə, doğma kənd həyatına qaytardıq…     

Oxucularımıza əvvəlcə şeiri təqdim edək. Sonra söhbətə keçək. 

“Sənin dərsin”

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.
Ağzı yanmışların yoxdu xəbəri,
Mən sənin önündə lal dayanıram.
Dəftərə qırmızı düzəliş kimi,
Varaq yanağımda al dayanıram.
Adın tək dərsimi əzbərləyirəm,
Sevgi baxışına boyanmaq üçün.
Ömrümü, günümü qurban verərəm,
Şagird tək önündə dayanmaq üçün.
Vaxt axır... şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə.
Səhvdi misalları, məsələləri,
Dərdini artırıb yüz eləyərlər.
Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər.
Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək olar.
Dəsmala bənzəyər göyçək əllərin,
Bir oğlan balanı bələmək olar.
Misra dodaqların yorular hərdən,
Saçların pırtdaşar, əllərin əsər.
Bir gözəl, bir göyçək oğlumuz olar,
Bu dəcəl qızların səsini kəsər...

- Qəşəm müəllim, bu şeiri nə zaman yazmısınız? Mən internetdə gördüm, 2014-cü ildə ən yaxşı şeir hesab olunub.

- Bəli. 2014-cü ildə “Ən yaxşı şeir” müsabiqəsinin qalibi oldu. Çap tarixi 2014-dür. Amma çoxdan yazılıb. 

- İndi niyə paylaşıldı?

- Deyəsən, “Ovqat” verilişindəki çıxışım zamanı lentə alınan zamandı. Bilirsiz, mən bir neçə dəfə verilişlərdə bu şeiri oxumuşam. Görünür, “Ovqat” verilişi yenə həmin videonu paylaşıb. Şeir çox populyardı. O şeir daha çox oxunur, daha uzun ömürlü olur, hansının kontingenti böyükdür. Bu şeir müəllimə barədədir. Müəllimlər, şagirdlər, gənclər onu çox oxuyur, çox da paylaşılır. Belə deyim, nə qədər ki, məktəb olacaq, müəllimlər, şagirdlər olacaq, bu şeir də qalacaq. 

- Deyəcəksiniz, şagird idim, müəlliməyə vurulmuşdum?!

- Yox, elə deməyəcəm. Çünki bu şeiri həyat yoldaşıma yazmışam. 

- Tarixçəsini danışa bilərsiz?

- Niyə danışmıram? O vaxt nişanlıydım, gələcək həyat yoldaşım da məktəbdə ibtidai sinif  müəlliməsi idi. Bir gün, nəsə aramız dəymişdi. Getdim məktəbə, pəncərədən boylandım, görüm neyniyir. Gördüm, sinifdə səs-küy, qışqırıq. O da uşaqların üstünə qışqırır, qabaqdakını şillələyir, arxadakılar səs salır, arxadakıları şillələyir, qabaqdakılar qışqırır. Aləm dəyib bir-birinə. Bu şeir belə yarandı. Şagirdləri nəzərdə tutub deyirəm ki, “niyə şagirdlərin duymurlar səni, gül kimi dərsində səs eləyirlər. Mən sevən əllərə, mən sevən gözə, mən sevən ürəyə qəsd eləyirlər... “ Yaxud, “ölürəm mən sənin “üç”ündən ötrü, verdiyin “beş”lərə naz eləyərlər”.

- Hansı məktəbdəydi şeirə dönən bu vəziyyət?

- İmişlidə, 1 saylı orta məktəb.

- Siz gələcək həyat yoldaşınızı məktəbdə görüb bəyənmişdiniz, sevmişdiniz? Tanışlığınız necə olmuşdu?

- Mən İmişli rayonunun Əliqulular kəndindənəm. Həyat yoldaşım Tabəs xanım Cəfərli kəndindən. Biz rayona köçmüşdük. Mən Gəncə Dövlət Universitetini bitirmişdim, məktəbdə müəllim işləyirdim. Tabəs xanım bacımla rəfiqə idi. O da rayonda qohumlarıgildə yaşayırdı. Qiyabi təhsil alırdı. Onun həyatı, uşaqlığı ağır, kədərli keçib. 5-ci sinifdə oxuyanda anasını itirib. Anasına çox bağlıymış. Xəstələnəndə onun yanında olub həmişə.   Anası rəhmətə getdikdə, onu gətirib böyük bacısının yanına qoyublar. Orada yaşayıb. Qəribədi... Biz ailə qurandan sonra böyük qaynımgilə qonaq getmişdik. İkimərtəbəli ev idi, uzun pilləkəni vardı. Tabəs xanım pilləkənin ayağında dayandı, gördüm ki, kövrəlib, gözləri dolub. Soruşdum, nə olub? Dedi ki, bacımgilin uzun pilləkənləri vardı, o pilləkənləri düşüb çıxa-çıxa, başım qarışdı, pilləkənlər ana həsrətimi ovutdu... 

- İlk dəfə harda görmüşdünüz gələcək nişanlınızı? Maraqlı olan budu... 

- O vaxtlar məktəbdən uşaqları pambığa aparırdılar. Mən də şagirdlərimi pambığa aparmışdım. Uşaqlar üstümə gəldilər ki, bəs orda qızlar qoymur biz pambıq yığaq. Mən də getdim görüm nə məsələdi. Gördüm bu “əjdəha”dı (Tabəs xanımı nəzərdə tutur- M.R.). Dedim, niyə qoymursuz uşaqlar pambıq yığsın? Qızardı. Dedi, mən sizi tanıyıram. O illərdə mənim şeir kitablarım nəşr olunmuşdu. Bir şeirim vardı, “Gəl, qaçaq dünya”dan.  Az-çox tanınırdım. Bu da demə, şeirlərimi oxuyub, bilir. Dedi ki, bacınız Sevili də tanıyıram. Yadımda o qaldı ki, mənimlə danışanda qıp-qırmızı qızarmışdı. İndi də qalıb o qızarmağı... 

- Sonra?

- Sonra da əlaltdan  adam göndərdik, soraqladıq ailələrini, özünü. Onda mənim “06”m vardı, qara rəngdə. Şeir kitabımın puluna almışdım (İndi hardadı, şeir kitabına avtomobil alasan?!). Pambıq sahəsinə maşınla gedirdim, elə bilirlərmiş ki, rayon katibinin qara “Volqası”dı... (Gülür...) Sonra bacım bir gün onu evimizə qonaq gətirdi. Anam gördü, hamı gördü. 

- Bəyəndilər?

- Bəli, bəyəndilər. Mən də albomları tökdüm ortaya. Məlum oldu ki, qəzetdə nəşr olunan şeirlərimi kəsib saxlayır. Tələbəlik şəkillərimə baxdı. 

- Siz də gənc, tanınan şair...

- Həə... 

- Vuruldu sizə.

- Yəqin ki... Amma biz onu soraqlaşanda, demişdilər ki, deyiklidi. Daha neyləyə bilərdik. Sonra öyrəndik ki, kim deyibsə, səhv eləyib. Düzgün məlumat toplamayıb. Belə, nişanlandıq. Atası çox dindar idi. Tabəsi də lap çox istəyirdi. Təsəvvür edin  ki, nə vaxt xəstələnsə, atası sağalması üçün hər dəfə qurban deyirmiş, qız sağalanda qurban kəsirmiş. Maraqlı hadisə toy günü oldu. Bəlkə bilərsiz, o vaxtlar bəy gəlin gətirməyə getməzdi. Belə adət yoxuydu. Mən rayonda birinci bəy idim ki, gəlin gətirməyə özüm də getdim. Deməli, hökumətdə ZAQS kəsdirmişik, toyumuzdu. Aşıq dəstəsiynən getmişik qız evinə. Atamla pillələri çıxırıq, Tabəsin atası bizi dayandırdı. Dedi, kəbin kağızı var? Atam da qayıtdı ki, nikah kəsdirmişik. Dedi, yox kəbin olmasa, qız evdən çıxmayacaq. Ay Allah, indi biz neyləyək? Dedilər, yaxınlıqda Molla Bülbül var, onun yanına gedin, kəbin kəssin. Yaxın dedikləri də 15 kilometr yoldu. Nəysə, getdik ora. Bu dəfə mollanın yoldaşı dedi ki, bəs molla yatır, onu oyandıra bilmərəm. Gözləyin, özü nə vaxt ayılsa, içəri keçərsiniz. Çarəsiz atamla oturduq qapının ağzında, mollanın oyanmasını gözlədik. Aşıqlar da gəlin evində çalmaqdan birtəhər olub... Nəysə, molla oyandı, kəbinimizi kəsdi, kağızı götürüb gəldik, verdik kişiyə. Sonra gəlini evdən çıxardıq. 

- Yəni gəlin sizinlə kəbin kəsdirməyə getməmişdi.

- Yox.

- Bu düzgün deyil də Qəşəm müəllim. Kəbinin də qaydası, qanunu var. Gəlin də olmalıdır, hər iki tərəfdən şahidlər, mehr və sair... 

- O vaxt kimiydi bunlara fikir verən?

- Sizin Molla Bülbül də “saxtakarlıq” eləyib. Düzgün kəsməyib kəbini.     

- Babalı daha onun boynuna. 

- Tabəs xanımı məktəbə işə də yəqin siz düzəltmisiniz.

- O, qiyabi təhsil alırdı. Qiyabi təhsil alanlar işləyə də bilirdi. Orta kursda məktəbdə işləməyə başladı. Təbii ki, məni tanıyırdılar, Gəncə Dövlət Universitetində tələbələrlə görüşüm keçirilmişdi. Orda tələbələr şeirlərimi oxudular. Sonra söz Tabəsə verildi. Çıxış elədi, dedi ki, mən səni indiyədək tanımamışam. Sənin nə gözəl şeirlərin var! Mən səni sevirəm. Mən də gülə-gülə dedim, bəs indiyədək bunu mənə niyə deməmisən?!. Mənim bir şeir kitabım çap olunmuşdu,  orda 3 uşaq barədə yazmışdım: Kəramət, Tural, Sevinc. Şeirdə onlara hansı xüsusiyyətləri vermişdimsə, həyatda da övladlarım həmin xüsusiyyətlərə malik oldular. 

- O şeiri yazanda övladlarınız hələ yox idi?

- Yox. Övladlarıma elə o şeirdəki adları qoyduq. Şeirdəki “uşaqlara” bənzədilər. Qızım Sevincə bir şey yazmışdım: 

Xalça çiçək-çiçəkdi,
Hər ilməsi göyçəkdi.
Sevinc bir çiçəyindən tutdu, çəkdi, ha çəkdi,
Nə çiçək qopdu yerdən,
Nə də Sevinc əl çəkdi... 

Sevinc balaca idi, yerdəki xalçanın gellərini qoparmağa “çalışırdı. Bunu görüb yazmışdım. Sonra bu şeiri “Azərbaycan dili” dərsliyinə salmışdılar. Sevincin qızı Aysu dərslikdə bu  şeiri oxuyanda “Sevinc” əvəzinə “mama” deyirmiş. Müəlliməsi irad tutub ki, “mama yox, Sevinc”. Aysu da deyib ki, Sevinc mamadı da! Bilirsiz, məncə insan sevəndə o sevginin nişanəsi mütləq qalır. Bir müddət sonra yenidən qayıdır. Yenidən doğulmuş kimi. Başına gəlmiş bir hadisə yenidən qarşına çıxır. Boşuna demirlər ki, Allah-təala bütün gözəlliklərdə təcəlla edir. 

- Demək istəyirsiz ki, indi də həyat yoldaşınızı gənclikdə olduğu kimi sevirsiniz?

- Əlbəttə, mən indi də o hissləri yaşamaqdayam. Yadıma salıram, mənə bir söz deyiləndə ilk reaksiyam nə olub? İnanmışammı o sözə? İnanmışamsa, deməli, inandığım düzdü. Düz inanmışam. Çünki ilk intuisiya ən doğrusudur. Bir şeirim var; Evə qayıdıram, uşaqlar yatıb, sənin də gözündən yuxu sürüşüb. Adımı əlinin içinə yazmaq, görəsən, hayandan yadına düşüb?.. Bir gün evə gələndə gördüm ki, yoldaşım kresloda yuxuya gedib, ovcu açıqdır. Gördüm, ovcunun içinə “Q” hərfi yazıb. Nişanlı olanda bir ovcuna “Q”, o birisinə “T” yazmışdı, həna ilə. Bu dəfə  isə flamasterlə yazmışdı. Mənim sərbəst şeirlərim də var, qafiyəsiz. Bir şeirimdə belə yazmışam; “harda şeirlərim qafiyəsizdi, orda uşaqların üstün örtmüşəm...”

- Bəs həna ilə flamaster arasında neçə il keçmişdi?

- Hardasa, 17 il... Deməli, insan başına gələn xoş hadisəni unutmaq bir yana, onu təkrarlayır da. 
- Neçə nəvəniz var, Qəşəm müəllim?
- 6.
- Maşallah...
- Sevincin övladları Aysu, Ayişə, Yüzasif, Kəramətinkilər (Qəşəm müəllim Kəramətin adını çəkəndə “yəqin onu tanıyırsınız?” soruşdu. Mən də “Kəraməti tanımamaq olar?!”, dedim, o da güldü) Barış, Jasmin, Turalın bir qızı var, anasının adını qoyub – Tabəs. Bizə gəlir, evləri yığışdırır, o ev yığışdırandan sonra axtardığını tapa bilməzsən... 

- Demədiniz məşhur şeirin yaranmasına səbəb nə idi? Niyə aranız dəymişdi?

- Yenə də şeir üstündə... Bəzən insan şeirdə o qədər gözəl görünür ki, şeirin ona aid olacağına inanmır. Elə bilir, kiməsə başqasına yazılıb. 

- Yəni xanımınızın şeir qısqanclığından doğdu o şeir...

- Bəli. Ondan əvvəl yazılan şeirlərə qısqanırdı. 

- İndi yenə müəllimə işləyir yoldaşınız?

- Yox. Gözündə problem yarandı, işləyə bilmədi.

- Amma təqaüd yaşında deyil də.

- Yox. Bu gün (15 sentyabr) onun doğum günüdü! 55 yaşı tamam olur. 
(Bu məni həqiqətən təəccübləndirdi və sevindirdi. Çünki Qəşəm müəllimə zəng edəndə bunu bilmirdik)

- Çox xoş oldu, Qəşəm müəllim. Sabah qəzetimizi Tabəs xanıma hədiyyə edərsiniz.  Sürpriz olar ona...

Söhbətləşdi: Məlahət Rzayeva