"İlk dəfə idi Şuşada olurdum"


Nizami Cəfərov: "Çəkinmədən deyirəm ki, Şuşanın simvollarından biri də Vaqifdir"

"Bəzi insanlar cəmiyyət yaradır, qurum yaradır, yaradıcılıqdan kənar hansısa işlə məşğul olurlar. Bunlar mənim işim deyil. Bu cür işlər mənə uğurlu görünmür. Amma bir yazım, bir məqaləm nəşr olunanda ondan zövq alıram. Sanki dağı dağ üstə qoymuşam"

Pandemiya elədir ki, insan bir az ehtiyatlanır. Psixoloji özünümüdafiə instinkti yaranır insanda. Əvvəllər dostlarla necə görüşürdük? Ürəklə, əl-ələ verirdik, qucaqlaşırdıq. İndi bu, daha mümkün deyil

Bakı Dövlət Universitetinə ayaq basdığımız ilk gündən Nizami müəllimi açıq fikirli, demokratik düşüncəli şəxs kimi tanıdıq və sevdik. 1994-cü ildə Nizami Cəfərov Filologiya fakültəsinin dekanı təyin edildi. BDU-nun mayasının demokratiya ilə yoğrulduğu zatən bəllidir. Bu ali məktəb ab-havasına görə hər zaman digərlərindən müsbət mənada seçilib. Tələbələrə dost kimi yanaşan, bacardıqca daha çox – hətta semestr imtahanlarını belə bir qədər də öyrətmək üçün fürsət bilən müəllimləri ilə də həmçinin. Yaxşı müəllim odur ki, son dəqiqəyədək tələbəyə nəsə öyrətsin. “Bilmirsən, “2”, deyib kəndiri kəsməsin. 

Nizami müəllim belə müəllimlərdəndi. Onun  leksiyaları yadda qalan idi. Türk yazılı abidələri, “Kitabi Dədə-Qorqud”, “Bilqamıs” dastanlarından su axar kimi danışırdı.  Kabinetində də Mirzə Kazım bəyin böyük portreti vardı. Haqq edir, təbii ki, Mirzə Kazım bəy bu hörməti. Nizami müəllim də həmçinin. Dünən onun ad günü idi. 62 yaşı tamam olurdu. Söhbət etdik, Şuşadan, Molla Pənah Vaqifdən danışdı -  Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor, Əməkdar elm xadimi, millət vəkili Nizami Cəfərov. 

- Nizami müəllim, son zamanlar telefon zənglərinə cavab vermirsiniz, sizi tapa bilmirik... 

- Rayonda oldum, xaricə getdim... Bir az dincəlməyə ehtiyacım vardı.

- Səhhətinizlə bağlı problem yoxdu ki?

- Yox. Sadəcə, yayda şəhərdən çıxmaq lazımdı da.

- Biz sizi yaydan qabaq tapa bilmirik...

- 1-2 yazı vardı, onlarla məşğul oldum, bəzi kitablar vardı, onların üzərində işlədim, qaydaya saldım. Yəni görünməməyim işlə bağlı olub, başqa səbəb yoxdu. Pandemiya da görüşləri məhdudlaşdırdı. Çox ünsiyyətə girmək olmur. Onlayn görüşlər, toplantılar keçirilir, onda da telefonları açmaq mümkün deyil. Pandemiya elədir ki, insan bir az ehtiyatlanır. Psixoloji özünümüdafiə instinkti yaranır insanda. Əvvəllər dostlarla necə görüşürdük? Ürəklə, əl-ələ verirdik, qucaqlaşırdıq. İndi bu, daha mümkün deyil. Özündən də ehtiyatlanırsan, dostlar üçün də narahat olursan. Deputat kimi də borcunu yerinə yetirməlisən. Bir iş yaxşıdı ki, daha telefonla əlaqə saxlamaq asandır. Zəng edib problemlərini deyirlər. Vaqif Poeziya Günləri də çox möhtəşəm keçdi...

- Getmişdiniz Şuşaya?

- Bəli, getmişdim. Vaqif Poeziya Günləri həyatımızın ən dəyərli anları idi.

- Bundan öncə olmuşdunuz Şuşada?

- Yox. Olmamışdım. Birinci dəfəydi getdim. 

- Necə təsir bağışladı?

- Çox gözəl. Şuşada nəhəng işlər görülür. “Zəfər yolu” çəkilir. Şuşa qələbəmizin paytaxtıdır da!..
- Deməli, “Xarı bülbül” festivalında olmamışdınız.

- Yox. O daha çox musiqi bayramıydı. İncəsənət adamları getmişdi. Amma Vaqif Poeziya Günləri ədəbiyyat bayramı oldu. Bilirsiniz də, mən Vaqifin tədqiqatçısıyam. Bəzən düşünürəm ki, görəsən, Vaqif  həmin dövrdə başqa bir yerdə yaşasaydı bu qədər məşhurlaşardımı? Şuşa o zaman xanlığın mərkəzi idi, Vaqif də baş vəzir. Yəni dövlət adamı. Vaqif Şuşaya qədər möhtəşəm poeziya nümunələri yaradıb. Amma Şuşa dövrü xüsusidir. Dövlət xadimi kimi hadisələrin mərkəzində olması, başına gələn faciələr. Çəkinmədən deyirəm ki, Şuşanın simvollarından biri də Vaqifdir. 

- Nizami müəllim, bir neçə gün əvvəl Sabir bəylə (Sabir Rüstəmxanlı – red.) danışdıq, Mədəniyyət naziri Anar Kərimov Özbəkistan səfəri zamanı Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olması təklifini irəli sürmüşdü, Sabir bəyin fikrini öyrənirdik. Sabir bəy izah verdi və dedi ki, Şuşa dünya mədəniyyətinə dahilər bəxş edib, adları sadaladı və təbii ki, Molla Pənah Vaqifin də adını çəkdi. Materialı hazırlayanda birdən “ağlıma gəldi” ki, axı Vaqif şuşalı deyil, qazaxlıdır... Məlum məsələdi, Şuşa Vaqifin həyatının xüsusi dövrüdür. Amma yenə də... 

- “Qarabağnamə”də mütləq xatırlanır ki, İbrahim Xan qazaxlı Vaqifə xüsusi rəğbət bəsləyirdi. Yəni bura onun Vətəni xatırlanır. Vaqif  Şuşaya gələndə artıq yetişmiş şəxs idi, tanınan şair idi. Özünün də belə bir şeiri var: 
Çıxıb başmaq seyrinə,

Edib seyri-çəmən gəzdim.
Ordan da bir Qazaxa gəldim,
Gördüm Vətən gəldim. 

Yəni Vaqif Vətəninin Qazax olduğunu yazıb. Nə Vaqif Qazaxı unudub, nə də qazaxlılar onu. Amma təbii ki, Şuşanı Vaqifsiz təsəvvür etmək olmur. Gərək hər ikisini də xatırlayaq.

- “Qarabağnamə”ni xatırlatdınız. Nə yaxşı ki, “Qarabağnamə” yazılıb. Məsələn, farslar Nizaminin fars şairi olduğunu “iddia” edir. Amma bizim nizamişünaslar, elə digər alimlərimiz, ziyalılarımız Nizaminin öz əsərlərindən nümunə çəkməklə  iddiaların əsassızlığını sübut edirlər. 

- Yazılı mənbələrin olması böyük üstünlükdür. Bütün cəmiyyətlərin  tarixi var, istər yazılsın, istər yazılmasın. Amma yazılı mənbəsi olmayan xalqa tarixsiz xalq deyirlər. Ona görə də yazılı mənbələr bütün zamanlarda dəyərli olub. Vaqifin əlyazmalarını yandırıblar, evini dağıdıblar, məlum hadisələrdən sonra. Belə bir dahi şairin öz qələmindən çıxmış bir dənə də yazılı şeiri yoxdu. Vaqifin şeirləri dildən-dilə, ağızdan-ağıza keçmədir. 

- Nizami müəllim, dediniz ilk dəfəydi Şuşaya gedirdiniz. Maraqlıdır, Şuşa nə qədər ki, işğal altında idi, hansı düşüncələriniz vardı, Şuşa azad edildi, düşüncələrinizdə nə kimi yenilik oldu? 

- 1970-80-ci illərdə Şuşadan tələbə yoldaşlarımız vardı. Danışırdılar Şuşadan. Gözəlliyindən, havasından... Amma o zaman Şuşa bizim üçün, mənim üçün Azərbaycanın digər ərazilərindən biri kimi idi. Şuşaya qarşı xüsusi bir istək yox idi. Bu xüsusi istəyi ermənilər yaratdı. Elə başa düşülməsin ki, mən ermənilər Şuşanı işğal etdi, bundan sonra biz onun dəyərini bildik, sevdik demək istəyirəm. Əsla. Xüsusi istək deyəndə, xüsusi diqqəti nəzərdə tuturam. Erməni mətbuatı yazırdı ki, Şuşa “erməni şəhəridir”. Bu bizi qıcıqlandırırdı və buna qarşılıq olaraq biz də yazmağa başlayırdıq, araşdırmalar böyüyürdü. Ermənilər “Şuşa bizimdir” deyirdi, bu bizi ağrıdırdı.  İnsan da adətən ağrıyan yerə diqqət göstərir. Ağrının kəsilməsinə, ağrıyan yerin sağalmasına çalışır. Şükür ki, Şuşanın azadlığı ilə ağrımız bitdi, ağrıyan tərəfimiz sağaldı. Fikir verin, bizimkilər köçkün düşəndə heç yeri yandırmayıblar, dağıtmayıblar. Çıxıb gəliblər, o fikirlə ki, mütləq geri qayıdacaqlar. Vətəndir axı. Amma ermənilər hər yeri dağıdıb, yandırıb. Bunu necə təsəvvür  etmək olar ki, bir müəllim məktəbi yandırsın?! Erməni müəllim bunu da etdi. Çünki Vətənləri deyil axı. Vətənləri olsaydı  daşının, torpağının qədrini bilərdilər, əlləri gəlməzdi dağıdıb yandırmağa, yağmalamağa. 

- Şuşaya səfər edib gələnlər havasından danışır və deyirlər ki, orda adam yorulmur...

- Elədi. Şuşanın havası gözəldi, yüngüldü. İndi bir az su problemi var. Cıdır düzündə otlar saralmışdı. Dostumuz Vaqif Bəhmənli dedi ki, Cıdır düzündə ot dizə çıxardı...

- Nizami müəllim, 62 yaşınız tamam olur. Çox geri qayıtmağa vaxt olmaz yəqin ki, amma deyə bilərsiniz, son 10 ildə həyatınızda əlamətdar hadisə, əlamətdar gün nə  zaman olub? 

- Mənim üçün birinci dərəcəli odur ki, özümü mühakimə edəndə “nə yazdım”, “nə etdim” sualına cavab tapa bilim. Bəzi insanlar cəmiyyət yaradır, qurum yaradır, yaradıcılıqdan kənar hansısa işlə məşğul olurlar. Bunlar mənim işim deyil. Bu cür işlər mənə uğurlu görünmür. Amma bir yazım, bir məqaləm nəşr olunanda ondan zövq alıram. Sanki dağı dağ üstə qoymuşam. Bilirəm, bizim sahə - dilçilik hansı səviyyədədir, nələrə ehtiyac var, bu sahədə bir iş görüləndə mənə ləzzət edir. Razı qalıram. Özümü rahat hiss edirəm. Ad günləri ilə bağlı isə, məsələn, 50 yaşımda Dilçilik İnstitutunda böyük tədbir keçirildi, mənim üçün çox xoş, unudulmaz oldu ki, müəllimim Ağamusa Axundov tədbirə aparıcılıq etdi, çıxış etdi. 60 yaşımda isə cənab Prezident məni “Şərəf” ordeni ilə təltif etdi. 

- Şuşaya qayıdıram, Nizami müəllim. Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olacağı ilə bağlı da fikrinizi alım.

- Ən böyük addım o oldu ki, cənab Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olacağının bizim üçün önəmi odur ki, biz Şuşanı türk coğrafiyasında da tanıtmalıyıq. Çünki bilməyənlər də var. Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması informasiya mənbəyi kimi dəyərlidir, vacibdir. Dünya bilməli və görməlidir ki, Şuşa Azərbaycandır. Bir də içimizdə yanğı da var axı. Şuşasız illərin yanğısı. Ermənilər öz güclərinə almayıb Şuşanı. Ermənilər Şuşanın bir məhəlləsini də ala bilməzdilər. Cənab Prezident də tam doğru və zamanında dedi ki, Rusiya imperiyası müqaviləni İbrahim Xanla bağlayıb, ermənilərlə yox. Bir dövlət  başçısının, Prezidentin bu sözləri deməsinin təsiri istənilən başqa birisinin sözündən qüvvətlidir, güclüdür. Və təsirlidir. 

Söhbətləşdi: Məlahət Rzayeva