"Ustad yazıçıları oxuyanadək yazıçı olmaq istəmişəm"

"Amma sonra görəndə ki, mən onlarla bir sırada dura bilməyəcəm, o arzumun üstündən birdəfəlik xətt çəkmişəm"

"Ömrümün o kənddə keçən 17 ilini heç nə əvəz edə bilməz"

"Tanrım mənə çox şeyi qismət elədi. Haçansa göndərəcəyi ölümü də Tanrının payı hesab edəcəm” 


Atatürk deyib ki, müəllim şam kimidir - özü yanıb tükənərkən ətrafını işıqlandırır. Bu fikri çox sevirəm. Çünki həqiqət payı kifayət qədərdir. Əsl müəllimlər gələcək ixtisaslı kadrlar, alimlər yetişdirmək üçün böyük fədakarlıq göstərirlər. Nə umacaqları olur, nə təmənnaları. Yeganə təsəllini yetirmələrində tapırlar. Eyni ilə mənim kimi yüzlərlə media nümayəndəsinin müəllimi, Azərbaycan mətbuatının ağsaqqallarından biri, BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, professor Cahangir Məmmədli kimi. 

Demək olar, Azərbaycan jurnalistikasında olan hər kəs Cahangir müəllimi tanıyır. O, bəzilərinə auditoriyada dərs deyib, bəzilərinə isə istehsalatda, praktik məsələlərdə. Amma əsl ustad dərsi. Buna Cahangir müəllimin yarım əsrdən çox pedaqoji təcrübəsi imkan verir. Bəli, ömrünün yarısından çoxunu doğma universitetinə, əziz tələbələrinə həsr edən Cahangir müəllimin bu günlərdə 80 illik yubileyi olacaq. Bu münasibətlə onunla elə fakültəmizdəki iş otağında blits-müsahibə etdik. - 80 ilin ən yaddaqalan hadisəsi hansı olub? 
- 1968-ci ilin avqustunda jurnalist ixtisası üzrə BDU-ya qəbul olmağım. 
- Ümumiyyətlə, ömrün 80-ci ili sizin üçün nədir? 
- 80 illik ömür uzun və sənətkar qələmindən çıxan bir romanın epiloqudur. 
- Sizin üçün Vətən hardan başlayır? 
- Doğulduğum kənddən. 
- 17 il kənddə yaşadınız, 63 il şəhərdə. Kəndçisiniz, yoxsa şəhərli? 
- Ömrümün o kənddə keçən 17 ilini heç nə əvəz edə bilməz. 
- O kənddə sizin üçün ən əziz xatirə?,, 
- Yay aylarında sellərə qərq olan Qarqar çayında çimməyimiz. 
- Bitirdiyiniz o kənd məktəbində oxumuş kimlərlə fəxr edirsiniz? 
- Böyük alim Xudu Məmmədov, məndən 5 sinif aşağı oxumuş və bu gün də təsəlli yerim olan dostum Hüseyn Kazımov. 
- Sizin haqqınızda belə bir fikir var: uşaqlıqdan mütaliəyə sonsuz maraq. Ən çox sevdiyiniz bədii əsər hansıdır? 
- Anarın “Mən, sən, o və telefon” hekayəsi. 
- Dilimizdə ən çox sevdiyiniz söz? 
- “Sevgi”. 
- Təhsil illərinizdə ən çox hansı müəlliminizə güvənmisiniz? 
- Professor Əlövsət Abdullayeva. 
- Bəs tələbə-məzunlarınız arasında ən çox güvəndikləriniz kimlərdir? 
- Mirşahin Ağayev, Rəşad Məcid… 
- Olubmu ki, hansısa yüksək vəzifədə gözünüz olsun, amma əliniz çatmasın? 
- Tanrım mənim alnıma bircə vəzifə yazıb: universitet müəllimi. Və mən bu alın yazısına heç vaxt xəyanət etmək fikrində olmamışam. 
- Paxıllığa necə baxırsınız? 
- Paxıllıq insanı içdən yeyən və ömrünü qısaldan dərmansız xəstəlikdir. 
- Üslubunuzda bədii detallara çox rast gəlirik. Haçansa ürəyinizdən yazıçı olmaq keçib? 
- Ustad yazıçıları oxuyanadək belə bir arzuda olmuşam. Amma sonra görəndə ki, mən onlarla bir sırada dura bilməyəcəm, o arzumun üstündən birdəfəlik xətt çəkmişəm.
- Torpaqlarımız yağı düşməndən azad olundu, sevdiyiniz o kəndə nə vaxt qayıdacaqsınız? 
- Mən o kənddən əslində heç vaxt çıxmamışam. 
- Ölümə münasibətiniz necədir? 
- Tanrım mənə çox şeyi qismət elədi: uzun ömür, nəvələr, nəticələr…Haçansa göndərəcəyi ölümü də Tanrının payı hesab edəcəm. 
- Çap mətbuatında böyüdünüz. Lakin bu mətbuat indi sanki öləziyir… 
- Klassik mətbuatın sıradan çıxma ehtimalı mənim də ömrümün sona yetmək ehtimalı ilə üst-üstə düşür. Onun məndən qabağa düşməyini istəməzdim. 
- Yaddaşınızda hansı bədii filmlər əbədi qalıb? 
- Uşaqlıqdan “Avara”. Çox sevdiyim “Dirilmə” filmi isə cavan çağlarıma aiddir. 
- Xəyanət sizin üçün nədir? 
- Xəyanəti Allah heç vaxt bağışlamır: gec-tez, mütləq xəyanət sahibinin cəzasını verir. 
- Xeyli sayda kitabınız var. Bəs özünüzün ən çox razı qaldığınız hansıdır? 
- Səksəndən sonra yazacağım kitab.