Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza təsiri: “Azərbaycan tələblər irəli sürə bilər”


Çoxları düşünürdü ki, Rusiya ilə Ukrayna arasındakı müharibə cəmi bir neçə gün çəkəcək və sonra “sular durulacaq”. Amma artıq bir həftədir ki, gərginlik davam edir. Ukrayna dirənir, müqavimət göstərir. Rusiya isə yenə də ambisiyalarına sadiq davranır. Məhz bunun nəticəsidir ki, tərəflər arasındakı danışıq nəticə vermədi. Dünən NATO baş katibi Yens Stolberq Ukraynaya qoşun göndərməyəcəyini elan etdi. Amma bu, nə Kiyevi çəkindirdi, nə də Moskvanı arxayınlaşdırdı. Əksinə müxtəlif mənbələrin informasiyasına görə, Kremlin hədəfi birbaşa olaraq paytaxt və məhz Prezident Volodimir Zelenskidir. O Zelenski ki, xalqının qəhrəmanına çevrildi. Putin adını tarixə necə yazacaq bilmirəm. Demək də istəmirəm. Amma bir şey aydındır ki, bu savaş nəticəsində bəşəriyyət itirdiyi qədər də qazanacaq. 

 Amerikalı siyasi analitik İrina Tsukermanla müharibəni məhz bu aspektdən təhlil etdik. 
-Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasını zəruri edən nə idi?
-Rusiyanın Ukraynaya hücumu gec-tez baş verməli idi. Son illərdə Gürcüstana, Moldovaya hücum edən, Krımı ilhaq edən Rusiyanın siyasi xətti hamıya aydın idi. O, dünyanın müxtəlif yerlərində separatçılara, o cümlədən Ermənistan və onun Qarabağdakı separatçılarına, Ukraynadakı qanunsuz dəstələrə dəstəyini davam etdirir. Rusiya həmçinin etnik zəmində münaqişə yaradır, əhali arasında təbliğat aparır, Qərbə qarşı getdikcə daha aqressiv ritorika ilə çıxış edir. Bu mənada savaş qaçılmaz idi. 
-Kreml bunun ona asan başa gəlməyəcəyini təxmin etməli idi…
-Putin öz ordusuna həddindən çox arxayın idi. Həmçinin o, Ukraynanın hazırlıq səviyyəsini də lazımi qədər qiymətləndirə bilmədi. Eyni zamanda Kreml Qərbin sanksiyalar tətbiq etməyəcəyinə, Ukraynanı silahlandırmayacağına ümid edirdi. Bir sözlə, Moskva fərziyyələrə inanırdı. Ona görə də asanlıqla hücuma keçdi. 
-Müharibənin başlanmasının səbəbi, həqiqətən, Ukraynanın NATO-ya üzvlük iddiası idi?
-NATO Sovet İttifaqına qarşı müdafiə təşkilatı olsa da, heç vaxt Rusiya üçün təhlükə olmayıb: nə əvvəl, nə də indi. Odur ki, Putin bu məsələdən bəhanə kimi istifadə etdi. İkinci bir tərəfdən isə həmin alyansa üzv olmaq Ukrayna üçün öz milli suverenliyini və ərazi bütövlüyü təmin etmək üçün yeganə yol idi. Əlbəttə, ərazisini ilhaq etmiş bir işğalçı olaraq bu, Putin üçün arzuolunan deyildi. 
-Müharibənin ilk günündən etibarən türkiyəli rəsmilər müxtəlif bəyanatlar verirlər, tərəfləri gərginliyi azaltmağa çağırırlar. Əslində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ savaşdan əvvəl hər iki həmkarını danışıqlar masasına dəvət etmişdi. Necə düşünürsünüz, “qatar artıq keçib”?
-Türkiyənin vasitəçiliyinin işə yarayacağı ehtimalı azdır. Moskva Ankaranı tam bitərəf ölkə kimi görmür. Bundan başqa, atəşkəslə bağlı artıq başqa razılaşmalar hazırlanır. Lakin tərəflərin masa arxasına oturacaqlarını hələlik gözləmirəm. 
-Rusiyada sadə xalq arasında artıq “müharibəyə yox” kampaniyası başlayıb. Bu, hakimiyyət üçün nə qədər təhlükəlidir?
-Putin ölkəsini müharibəyə sürükləyib və bunun nəticəsində daxildə “küncə qısılıb”. O, sürətli qələbə vəd etsə də, ciddi itkilərlə üzləşib. Rusiya iqtidarında sabitliyin pozulması da məhz bunun nəticəsidir. Bundan başqa, beynəlxalq ictimaiyyətin tətbiq etdiyi sanksiyalar Rusiyanın müxtəlif qurumları üçün çətin vəziyyət yaradır. Putin Ukraynada diplomatik və ya hərbi yolla istədiyinə nail ola bilməsə, zəif və alçaldılmış liderə çevriləcək. Həmçinin ona dəstək verən güclər də artıq dövlət başçısından üz döndərəcək. 
-Bəs Ukraynadakı hakimiyyətin gələcəyi barədə nə deyə bilərsiniz?
-Zelenskinin də işi asan deyil. Əgər bu müharibədə Putin qalib gəlsə, hökumət Rusiyanın marionet rejimi ilə əvəzlənəcək və Kiyev rəsmiləri qondarma ittihamlarla həbsdən tutmuş ölümə qədər müxtəlif cəzalara məruz qalacaqlar. 
-Sizcə, qeyd etdiyiniz bu iki ehtimaldan hansı daha realdır?
-Konket danışmaq çətindir. Fikrimcə, yaxın günlərdə danışıqlar olacaq. Lakin bu, həlledici xarakter daşımayacaq. Daha doğrusu, bu, hər iki tərəf üçün yeni qüvvə toplamaqdan ötrü fasilə imkanı olacaq. Məsələ burasındadır ki, Ukrayna Kiyevin mühasirəsini yarmaq üçün müasir silahların çatdırılmasını gözləyir. Rusiyanın isə yeni raketlərə ehtiyacı var. 
-Müharibənin Cənubi Qafqaza təsini necə dəyərləndirirsiniz?
-Savaşın nəticəsi  regiona ciddi təsir edəcək. Əgər Putin qalib gəlsə, onun Bakıya təsir imkanları artacaq. Bunu Qarabağdakı separatçıların vasitəsilə etməsi də mümkündür. Yox, uduzsa, Azərbayan üçün yeni imkanlar yaranacaq. Həmçinin bu zaman Azərbaycan Kreml qarşısında daha çox tələblər irəli sürə bilər. Bunun müqabilində isə Bakı sanksiyalardan çıxış yolu üçün Moskvaya kömək etməlidir.