Azərbaycanın yardım etdiyi ermənini ölümlə hədələdilər

Bütün hallarda Laçın yolunda yaşanan hadisə həm də Qarabağdakı erməni əhali üçün siqnaldır 

İstisna deyil ki, belə ermənilərin sayı arta bilər. Həmin erməninin sonrakı taleyi ilə də maraqlanmaq lazımdır


  Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib. Erməni ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Daha sonra mülki erməni sakin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib. Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığını, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir. Bu xəbərin tirajlanması ilə Qarabağdakı erməni separatçı-terrorçu dəstəsi və Ermənistan mediası panikaya düşüb. Xəbərin dərhal ardından Qarabağda, rus sülhməramlıların himayəsi altında fəaliyyət göstərməyə çalışan separatçıların “təhlükəsizlik xidməti” erməni sakinin aksiya iştirakçıları ilə “görüşdüyü” barədə məlumatı dərhal təkzib edib. Belə aydın olur ki, “təhlükəsizlik xidməti” məlumatı təkzib edərkən, nəyin baş verdiyini ümumiyyətlə bilməyib. Erməni sakinin niyə Azərbaycan əsgərlərinə sığınmasından da xəbərsiz olub. Əks halda, heç olmasa, erməni sakinin adı açıqlanardı. Bir neçə dəqiqə öncə isə “təhlükəsizlik xidməti” daha bir açıqlama yaydı. Bildirdi ki, həmin şəxs Toros Kazaryan adlı Xocavənd rayonunun Çartar kənd sakinidir. Heyvandarlıqla məşğul olan həmin şəxs guya 1 yanvarda itkin düşüb. Bundan sonra isə erməni separatçıların nağılları başlayıb: "Həmin şəxs azıb və Azərbaycan əsgərləri onu tapıb". Guya separatçılar buna görə sülhməramlılara da müraciət ediblərmiş. Əlbəttə, bu cür xəbərlərin hamısı uydurmadır. Reallıq odur ki, ermənilər azərbaycanlı hərbçilərdən kömək istədiyi üçün Toros Kazaryanı öldürməyə çağrışlar ediblər. Sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Toros Kazaryanın ünvanına müxtəlif təhqirlər və təhdidlər səsləndirilib.

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Xankəndidə yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və ehtiyaclarının ödənərək, yola salınması görüntüləri bir neçə kontekstdə əhəmiyyətli faktdır: "Bu görüntüləri beynəlxalq müstəviyə çıxararaq, Laçın yolundakı aksiya haqda “humanitar fəlakət” iddialarına qarşı istifadə edə bilərik. Qarabağdakı erməni əhali ilə üçüncü tərəf, yaxud separatçı-terrorçu rejim olmadan da təmaslar qura bildiyimizin təsdiqidir. Bu, həm də Qarabağdakı erməni əhali üçün siqnaldır və istisna deyil ki, belə ermənilərin sayı arta bilər. Həmin erməninin sonrakı taleyi ilə də maraqlanmaq lazımdır. Çünki inteqrasiya prosesinin qarşısını almaq üçün separatçıların onu “xain” çıxaracağı, həbs edəcəyi istisna deyil. Beynəlxalq təşkilatlara həmin mülki erməninin qorunması üçün müraciət etmək olar".