"Yaşamaq insanlığa töhfə verməkdir" - Gənc reperlərin yaşamı – FOTOLAR

İnsan başqalarının yolu ilə getməməlidir, öz yolunu çəkməlidir



Son illər ölkəmizdə incəsənətin bir çox sahələri kimi, musiqiyə, o cümlədən repə də maraq artmaqdadır. Xüsusilə gənclər repə həvəs göstərir, hətta bu istiqamətdə öz sözlərini deməyi bacarırlar. Belə gənc reperlərdən biri “Eddie Bueno” ləqəbi ilə tanınan Eldar Quliyevdir. O, öz komandası ilə birlikdə fəaliyyət göstərir. 

Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kursunda təhsil alan Eldar, həmçinin onun qrup yoldaşları Nazpəri Cəfər və Əliş Abdulla ilə həmsöhbət olduq. 

- Eldar, necə oldu ki, bu komandanı yaratdız?

- E.Q: Əslində mən çoxdan - hələ Jurnalistika fakültəsinə qəbul olmazdan əvvəl replə məşğulam. O vaxtlar tək çalışırdım. Sonradan Əliş və Nazpəri ilə tanış oldum. Düşündük ki, komanda halında fəaliyyət göstərsək daha yaxşı olar. Əliş prodüsser vəzifəsini yerinə yetirir. Nazpəri iləsə bəzən duet oxuyuruq. Biz  komanda və qrup yoldaşı olmaqla yanaşı həm də yaxın dostlarıq.

- Necə düşünürsünüz, replə jurnalistikanın hansı ortaq cəhətləri var?

- E.Q: Təbii ki, ikisi  də söz üzərində qurulub. Sözlər nə qədər təsirli olarsa, nəticə də bir o qədər müsbət olar. 

- Ə.A: Bir də ki, ikisinin də vəzifəsi bu və ya digər formada cəmiyyətə təsir etmək, ictimaiyyətə bir mesaj ötürməkdir. 

- Sizi repə bu qədər çəkən nədir?

- E.Q: Düzü, heç mən də bilmirəm. Bəlkə də, bunu repdən soruşmaq lazımdır. Çünki o bizi cəlb edir, biz onu yox. 

- Nazpəri, rep bəs sənin üçün nədir?

- N.C: Bəlkə də, şablon səslənə bilər, amma rep, ümumilikdə musiqi mənim həyat tərzimdir. Biz hamımız musiqi ilə nəfəs alırıq. Çünki gündəlik həyatımız musiqi ilə bağlıdır. 



- Bəs sizə görə yaşamağn mənası nədədir?

- E.Q: Bu, hər insana görə dəyişir. Şəxsən mənə görə yaşamaq insanlığa töhfə vermək deməkdir. Bunu bacarmayan insan yaşamır.

- Ə.A: Hər insana müəyyən qədər ömür verilib. Bunun nə qədər olduğunu heç kim bilmir. Çalışmaq lazımdır ki, müsbət əməllərlə, yaxşı işlərlə insanların yaddaşında qalasan. Belələri heç vaxt unudulmur. Yaşamaq, bəlkə də, heç vaxt ölməmək üçündür.

- N.C: Məncə, yaşamaq əvvəldən-axıra kimi mübarizədir. Mübarizədə məğlub olanlar yaşamırlar, sadəcə nəfəs alırlar. 

- Bəs sevgiyə münasibətiniz necədir?

- E.Q: Mənə görə sevgi ani bir duyğudur. Amma əbədi sevginin olduğuna inanmıram. İnsan öləndə onun sevgisi də ölür. 

- N.C: Mən Eldarla razı deyiləm. İnsan ruhu ilə sevir, bədəni ilə yox. Ona görə əsl sevgi heç vaxt tükənmir. 

- Repə gələndə kimisə özünə nümunə seçmişdin? 

- E.Q: Xeyr. Ümumiyyətlə mən bu prinsipi bəyənmirəm. İnsan başqalarının yolu ilə getməməlidir, öz yolunu çəkməlidir. 

- Ə.A: Bayaqkı sualınıza cavab olaraq deyim ki, həyatın mənası məhz budur-ilklərə imza atmaq. 

- Fikrinizcə, indiyə kimi ən yaxşı repiniz hansıdır?

- E.Q: Bu suala cavab vermək çox çətindir. Amma cavab verəsi olsam, sonuncu repimizin - “Baha”nın adını çəkə bilərəm. Buna baxmayaraq, bu cavabın müvəqqəti olduğuna əminəm. Çünki bilirəm ki, növbəti repimiz daha uğurlu alınacaq. 

- Ə.A: Statistikaya baxanda məlum olur ki, dinləyicilərin ən bəyəndiyi ifalar 

“Gecələr səmalar dərin” və “Yollar”dır. “Gecələr səmalar dərin” uzun müddət dillərdə oldu. Lakin onu da qeyd etməliyəm ki, bu ifaların heç bir fərqliliyi yoxdur. Eldarla Nazpəri bütün ifalarına eyni dərəcədə diqqətlə yanaşırlar. Sadəcə, ola bilsin, bu ifalar dinləyicilərə daha xoş gəlib.



- Dinləyicilərin istədiyi nədir ki?

- N.C: Dinləyicilər müxtəlif qruplara bölünür. Eyni ilə qəzet oxucuları, televiziya tamaşaçıları kimi. Təəssüf ki, onların əksəriyyəti tənqidə meyillidirlər. Ancaq bu, bizi ruhdan salmır. 

- Bəs siz replərinizlə auditoriyaya nələri çatdırmaq istəyirsiniz?

- E.Q: Bir çox hallarda öz fikirlərimizi. Amma bunu elə edirik ki, dinləyicilər özləri nəticə çıxarsın. Yəni əsla təzyiq göstərmir, kimlərisə manipulyasiya etmirik. 

- Gələcək planlarınız nələrdir?

- Ə.A:  Biz hazırda təhsil almaqla yanaşı, həm də fəal surətdə çalışırıq. Dayanmaq fikrimiz yoxdur. Yeni layihələrimiz var. İnanıram ki, gələcəkdə müxtəlif yeniliklərlə dinləyicilərin görüşünə gələcəyik.

Kənan Novruzov