Kitab qoxusu... - "Şərq"in əməkdaşı bir gün satıcı işlədi - REPORTAJ

Burda səmimiyyət, qarşılıqlı inam, etibar hökm sürür


Paytaxtın ən maraqlı, gəzməli yerlərindən biri olan Fəvvarələr meydanında axır ki, lazım olan ünvanı - “Əli və Nino” kitab mağazaları şəbəkəsinin filialını tapıram. Hələ bir həftə əvvəldən köməklik üçün müraciət etdiyim “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu demişdi ki, burada isətdiyim kimi işləyə bilərəm. Odur ki, əminliklə içəri girirəm. Mağaza o qədər də böyük olmayan iki hissədən ibarətdir. Dərhal kassa ətrafındakı əməkdaşlara yaxınlaşır, özümü təqdim edir və nə üçün gəldiyimi deyirəm. Kiçik dəqiqləşdirmədən sonra şərait yaradırlar. Məqsədim mağazada bir neçə saatlıq satıcı qismində işləyərək alıcılarla, o cümlədən Azərbaycan oxucusu ilə həmsöhbət olmaq, mövcud tendensiyaları, meyilləri qiymətləndirməkdir. Kitaba dair statistikalar, doğrudan da, deyildiyi kimidirmi? Bax, bu sual məni uzun müddətdir düşündürür.

 Gülərüz satış məsləhətçisi - sonradan adını öyrəndiyim Sübhan bəy məni mağazanın ikinci mərtəbəsinə aparır. Əl çantamı səliqəli bir yerə qoyur və yenidən aşağı düşürəm. Verdiyi xidməti vəsiqəni boynumdan asır, dərhal satıcılıq fəaliyyətinə başlayıram. 
 Digər işçilər kimi mənim də üzümdə tibbi maska var. Bilindiyi kimi, qapalı yerlərdə maska taxmaq hələ ki, zəruridir. Bircə bitəydi bu pandemiya...  
 İstirahət günü olmağına, ictimai nəqliyyatın işləməməyinə rəğmən, maşallah, xeyli müştəri var. Əlbəttə, onlar da Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun davranır, içəri maskasız girmirlər. 
... “Ya Allah” deyərək “mini klassika” seriyasından olan kitablara baxan orta yaşlı qadına yaxınlaşaraq soruşuram:

- Hansı müəllifi axtarırsınız?

- Fərqi yoxdur. Sadəcə baxıram. 

Bu cavabdan sonra kənara çəkilirəm. Deməli, köməyə ehtiyacı yoxdur. 
İki gənc klassik ədəbiyyat nümunələrini müzakirə edir, rus ədəbiyyatının şedevrləri Dostoyevski, Tolstoy haqqında danışırlar. Hiss olunur ki, təsadüfi oxucu deyillər və ədəbiyyat bilgiləri kifayət qədərdir. 



 Gənc bir qız məndən müasir Azərbaycan yazarlarından biri - Elçin Səfərlinin “Mən qayıdanda evdə ol” romanını soruşur. Bir anlıq özümü itirir, nə
deyəcəyimi bilmirəm. Sadəcə, Azərbaycan ədəbiyyatı nümunələrinin yerləşdirildiyi rəfə işarə edərək “olsa, burda olacaq” deyirəm. Ardınca da aşağı əyilir və işgüzarlıqla həmin kitabı axtarmağa başlayıram. Sübhan bəyin yanımdan keçdiyini görəndə sevinir və üzümü ona tutaraq kömək istəyirəm. Satış məsləhətçisi təbəssümlə “özünüz, Nurlan bəy, özünüz məşğul olun” deyir. Niyə Nurlan? Çünki vəsiqəmin üzərində həmin ad yazılıb. İşçilərdən birinindir. Bu cavabdan sonra başa düşürəm ki, qarşıdakı saatlar ərzində yalnızam. Kimdənsə kömək gözləmək lazım deyil. Amma görünür, xanımın reaksiyasından xoşu gəlmədiyinə görə, mağaza əməkdaşı müdaxilə etməyə məcbur qalır. O, sanki əli ilə qoymuş kimi Elçin Səfərlinin “Mənə dənizdən danış” romanını rəfdən çıxarır və müəllifin ancaq bu əsərinin qaldığını deyir. Sağ olsun,  köməkliyi ilə birtəhər vəziyyətdən çıxıram. 
 Digər satıcılartək ətrafda gəzir, köməyə ehtiyacı olan bir müştərinin məni səsləməyini gözləyirəm.  Uşaqlar üçün nəzərdə tutulmuş rəfin qarşısındakı kişi əlində tutduğu jurnalı mənə uzadaraq ingilis dilində həmin vəsaitin qiymətinin neçə olduğunu soruşur. Jurnalın arxasına baxır və yazılan qiyməti ingiliscə deyirəm. Hardan olduğunu dəqiq deyə bilmərəm, lakin turist olduğu aydındır. 

 İndiyədək üzünü görmədiyim bir işçi mənə yaxınlaşır və boynuma taxdığım vəsiqəni görüb təəccüblənir. Reaksiya bildirməkdən də çəkinmir:
-Təzə işçisən?

- Hə. Amma bir günlük. 

- O necə olur?- “Həmkarım” bu dəfə daha çox təəccüblənir. 

- Soruşsan deyəcəklər, əslində jurnalistəm, reportaj məqsədilə gəlmişəm - həqiqəti deməkdən başqa çıxış yolumun qalmadığını hiss edirəm. 

- Həə, bildim. Uğurlar deyir və işini görməyə dvam edir. 

 Bu an qəfil bir səs eşidir və həmin tərəfə gedirəm. Deməli, kiçikyaşlı uşaq israrla valideyninin ona plastilin almağını istəyir. Anası isə ən az övladı qədər tərslik edir və müxtəlif yollarla uşağının fikrini yayındırmağa cəhd göstərir. Nə deyim, özləri bilərlər. Vəzifəmiz kimlərinsə seçimlərinə qarışmaq yox, kömək etməkdir. 

 Sübhan bəyin xüsusi diqqətini üzərimdə hiss edirəm. Fürsət yaranan kimi mənə yaxınlaşır və danışmağa başlayır:

-Bayaq müştərinin narazı qaldığını anladım. Ona görə müxadilə etməyə bilməzdim. Bizim üçün ən vacib şey müştəri məmnuniyyətidir. Özü də standart müştəri-satıcı ünsiyyətinə əsaslanmırıq. Səmimiyyəti, qarşılıqlı inamı, etimadı vacib sayırıq...-Həmsöhbətimin kifayət qədər təcrübəli mütəxəssis olduğuna dair təəssüratlarımın yaranmasına bu cümlələr bəs edir. 

 Bəlkə, söhbət daha çox uzana bilərdi. Əgər mağazanın telefonuna zəng gəlməsə idi. İki-üç çağırışdan sonra kassada dayanan mehriban qız bizə müraciət edir: “Biriniz telefona baxın da”. Gülümsəyirəm. Deyəsən, məni artıq işçi kimi qəbul ediblər. Sübhan bəy yalnız indi telefonun səsini eşidibmiş kimi dəstəyi götürür və cavab verir:

-Alo, “Əli və Nino”. Buyurun.


- Müştərini dinlədikdən sonra cavab verir: “Xeyr, yoxdur. Belə kitabları gərək əvvəlcədən sifariş edəsiniz ki, gətirək... Bəli, təəssüf ki, qayda bu cürdür”. 
 Bu  zəngdən sonra “Əli və Nino” kiitab mağazaları şəbəkəsinin təkcə paytaxtda yox, bütün respublikada tanındığı və oxucuların, kitabsevərlərin ağlına gələn ilk ünvan olduğu qənaətinə gəlirəm.

Ümumiyyətlə, «Əli və Nino» təməli 2005-ci ildə qoyulmuş, aktiv inkişaf edən kitab satışı şəbəkəsidir. «Əli və Nino» mağazalarında kitabsevərlərin nəzərinə 40 mindən çox sayda klassik, müasir Azərbaycan, türk, xarici və rus ədəbiyyatının inciləri, həmçinin uşaq ədəbiyyatı, dərslik və peşə-ixtisas nəşrləri, nəfis rəssamlıq albomları və bir sıra xarici dillərdə müxtəlif kitablar təqdim olunur.

Eyni zamanda mağazalarda evdarlıq və əyləncə mövzularında da çoxlu sayda kitablar, bələdçi kitabları, dəftərxana malları, pazllar, uşaqlar üçün inkişafedici oyunlar, əlfəcinlər və s. var. «Əli və Nino» durmadan inkişaf etməsi və sevimli müştərilərinə yüksək səviyyəli xidmət göstərməsi üçün daim nəhəng Azərbaycan, Türkiyə, Rusiya və Qərb nəşriyyatları ilə əməkdaşlıq edir. Adı çəkilən mağazalar şəbəkəsinin Bakıda hazırda altı filialı var ki, onlardan biri də buradır. 

 Havamı dəyişməkdən ötrü arada bir çölə çıxıram. İnsanlar o tərəf-bu tərəfə gəzir, bəziləri də bu mağazaya daxil olurlar. Müştərilərin əksəriyyətinin bədii ədəbiyyatla yox, məktəb ləvazimatları və uşaq kitabları ilə maraqlanması diqqətimi çəkir. Bunu təəssüratlarımı soruşan satış məsləhətçisinə də deyirəm. Təəccüblənmir. Bəlkə də, həqiqətən, təəccüblənəsi bir şey yoxdur...

 Ədəbiyyatla az-çox maraqlananlar, yəqin, təsdiqləyərlər ki, tənqidçilər daha çox fantastika və dedektiv janra maraq göstərdiyinə görə bir çox hallarda Azərbaycan oxucusunu, xüsusilə gənc nəsli qınayırlar. Lakin inanın, mən 5-6 saat ərzində həmin növ nümunələrlə maraqlanan bir müştəri də görmədim. Fəqət Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin “Seçilmiş əsərləri”ni soruşanlar var idi.
... Bir da baxıram, uşağının əlindən tutan bir qadın “cavan oğlan” deyərək məni səsləyir. 
 -Buyurun.

- 4-5 yaşlı uşaqlar üçün kitablar hardadır?

- 6-12 yaşlılar üçün olar?

- Hə, olar. Məndən çox bilir - oğluna işarə edərək təbəssümlə deyir. 

Həmin rəfi müştəriyə göstərərək “Buyurun, burdan seçə bilərsiniz” deyirəm. Yenicə aralanmışdım ki, məni təzədən səsləyir və əlindəki kitabı göstərərək soruşur:

- Siz bu kitabların uşaqlar üçün olduğuna əminsiniz?

Bir kitabın üz qabığındakı əcaib heyvan şəklinə, bir də rəfin yuxarısındakı “6-12 yaş” sözlərinə baxıram. Həqiqətən, ziddiyət var. Əvvəl “Yəqin, səhvən qoyulub” deyərək vəziyyətdən çıxmaq istəyirəm, amma qəfil anlayıram ki, həmin kateqoriyadan olan vəsaitlər rəfin sağ tərəfindədir. Ona görə cəld “Zəhmət olmasa, bu tərəfə baxın” deyirəm. Müştəri cəmi 5 dəqiqə sonra iki kitabla kassaya yaxınlaşır. Kənardan onları müşahidə edirəm. Təbəssümlərindən özünün də, oğlunun da məmnunluğu hiss olunur. 
 Başqa bir müştəri qızı ilə birlikdə qapının kandarında dayanır. Tərəddüdlüdür. Uşağından fərqli olaraq, öz üzündə tibbi maska yoxdur. 
- Maskasız olmaz, hə?- deyə, soruşur. 

“Xeyr” mənasında başımı tərpədirəm. Sübhan bəy də dediyimi təsdiqləyir və mağazada ehtiyat maska olduğunu xatırladır. Xanım qızına lazımi tapşırıqları verərək “get, al, gəl” deyir. Uşağın dəftər seçiminə kömək edirəm. 

 Müştərilər nisbətən azalanda bayaq kimliyimlə maraqlanan “həmkarım” mənə çay təklif edir, ardınca da mağazadan nəyəsə ehtiyac olub-olmadığını soruşur. Görünür, buranın işçiləri təkcə müştərilərlə deyil, öz aralarında da mehriban, səmimidirlər. Necə deyərlər, “can” deyib, “can” eşidirlər. Hər halda bayaqdan bəri kassa arxasındakı iki xanımın uzun-uzadı söhbəti bunu təsdiqləyir. Arada bir müştərilərin aldıqlarını hesablayır, ödənişi götürür və yenidən söhbətlərinə davam edirlər. 
 “Mağazaya bir xeyrim dəysin” düşüncəsi ilə vaxt tapan kimi kitabları səliqəyə salmağa başlayıram. Təsadüfən hərbi jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun “Kod adı Rey” və həmkarım, “525-ci qəzet”in əməkdaşı Türkan Turanın “O” kitablarını görürəm. Sevinirəm. Həmin an, daxilimdə elə bil, mağazaya qarşı qəribə bir doğmalıq yaranır. 

 Qeyd  edim ki, əcnəbi, o cümlədən rusdilli oxucular həmvətənlərimizdən heç də az deyil. Əsas fərq bilirsiz nədir? Bizimkilər satıcıların köməyindən imtina edirlər, xaricilər isə əksinə, özləri yardım istəyirlər. Maraqlıdır...
 Əlindəki kitablardan tələbə olduğu hiss edilən gənc xanım “Prava” kitabının olub-olmadığını soruşur. Digər satıcıların köməyi ilə tapıb verirəm. Ardınca bədii ədəbiyyat nümunələri olan rəfə yaxınlaşaraq kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin “Polkovnikə məktub yoxdur” əsərini soruşur. Müştərini şübhələndirməmək üçün ağlıma gələn ilk cavabı deyirəm:

-Sabah gələcək. 

-Onda sabah bu vaxt gəlib, götürərəm. 

-Əlbəttə, gəlin. Burda olacağıq. - Növbəti cavabımı da qeyri-iradi səsləndirirəm. Ağ yalan olduğunu bildiyim halda. 
Vaxt keçir, saatın əqrəbləri bir-birini qovur, günəş tədricən batır. Fürsət tapdıqca fotolar da çəkirəm. Bilirəm ki, lazım olacaq. 
 İki qız uşağı valideynləri ilə birlikdə içəri girir. Uşaqların hərəsi bir tərəfə qaçır. Biri əlinə ingilis dilində şəkilli kitab, biri də rəngli karandaş qutusu alır. Ataları ikisinə də təbəssümlə reaksiya verir. Analarının münasibəti isə nisbətən daha ciddi olur. O, əlində kitab tutan qıza yaxınlaşaraq təklif edir:

-Oxu görüm, oxuya bilirsən?

Uşaq bir neçə sözün “qolunu-qıçını qıraraq” oxusa da, cümləni sona çatdıra bilmir. Ardınca qadın qızına irad tutur:

-Bax, onda əlinə niyə alırsan?!

Sonra da o biri övladına üz tutur:

-Bala, evdə o qədər karandaş var. Neynirsiz bunu?!

Kişi mənə baxaraq gülümsəyir. Mən də eyni jesti təkrarlayıram. Tez bir zamanda məlum olur ki, mağazaya gəlməkdə əsas məqsədləri məktəbli çantası almaqdır. 

 Tədricən yorulduğumu hiss edirəm. Növbəti müştəri ilə də dialoqdan sonra “iş saatımı” bitirəcəyimi düşünürəm. Belə rejim var? İşçi istədiyi vaxt gəlir, istədiyi vaxt gedir... Eybi yox, bir günlük satıcıya güzəştə getmək olar, yəqin. 

 40-50 yaşlarında bir kişi dəftərlərin, qələmlərin qiymətini soruşur. Dəftərlərin qiymətini deyirəm və söyləyirəm ki, qələmlərin qiymətini ancaq kassada öyrənə bilər. Ardınca pozan, karandaş istəyir. Tapıb verirəm. Dəmir xətkeş soruşur. Əvvəl elə bilirəm ki, yoxdur. Lakin sonradan plastmas xətkeşlərin arasından seçib, çıxarıram. Özünün dediyi kimi, cibinə uyğun bloknot tapmağına da yardımçı oluram.

Beləliklə, müştəri bir qucaq dolusu ləvazimatla kassaya yaxınlaşır. Mən də özümə söz verdiyim kimi, işimi bitirirəm. İkinci mərtəbəyə qalxıb, çantamı götürür və işçilərin yanına yaxınlaşaraq xidməti vəsiqəmi təhvil verirəm. Sübhan bəy təşəkkür edib, yazını səbirsizliklə gözlədiyini deyir. Mən də öz növbəmdə ona minnətdarlığımı bildirirəm. Aldıqlarının pulunu ödəyən kişi təəccüblə bizə baxır. Üzümü çevirirəm ki, bayaqkı müştəridir. Nə deyim, mən olsam, mən də təəccüblənərdim. Heç nə söyləmirəm. Sakitcə mağazadan çıxıram. Bilirəm ki, daha burada artıq adamam...

... Açıq havada “Əli və Nino”dan əks istiqamətə addımlayanda qəfildən xatırlayıram: yəqin ki, həmin tələbə qız istədiyi kitabı almaq məqsədilə sabah gələcək. Axı onu gözləyəcəyimizi demişdim...