Qarabağ savaşının ilk şəhid və şahidləri - REPORTAJ 

Başdaşılar buz kimidir, fotoların üzündə qəribə narahatlıq, həyəcan var


... İstiqamətimiz Şəhidlər Xiyabanıdır. Şəhər üçrəngli bayraqlara bürünüb. Azərbaycan bayrağı ən müxtəlif yerlərdə- mənzillərin eyvanında, hündürmərtəbəli binaların pəncərəsində, maşınlarda, valideynləri ilə birlikdə gəzən uşaqların əllərində dalğalanır. Qardaş Türkiyənin bayrağına da tez-tez rast gəlinir. Hətta Pakistanın da dövlət rəmzləri var Bakıda. Bu mənzərə insanı çox sevindirir, qürurlandırır. Bəzi müsəlman dövlətləri, necə deyərlər, gözlərinə su versinlər.



Milli Məclisin qarşısından keçərək Şəhidlər Xiyabanına daxil oluruq. Mülayim hava var, ətraf sakitlikdir. Məzarlıqların arası ilə addımlayırıq. Bəzilərinin baş daşına Azərbaycan bayrağı asılıb.

Görünür, bu şəhidlər nəinki ölümlərinədək, hətta şəhadətə qovuşandan sonra da bayraqdan - müstəqilliyimizin əsas simvollarının birindən ayrı qala bilmirlər. 

Bizdən bir az aralıda 5-6 nəfər gəzir. Əksəriyyəti uşaqdır. Yəqin, yanlarındakı böyükləri onları şəhidlərimizlə tanış etməyə gətiriblər. Axı bu şəhidlər 90-cı illər tarixini öz qanları ilə yazanlardırlar.

Onların əksəriyyəti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçiblər. Böyük şair Bəxtiyar Vahabzadənin dediyi kimi, üçrəngli bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhidlər. 

Başdaşılar buz kimidir, fotoların üzündə qəribə narahatlıq, həyəcan var. Sanki indi baş verənləri -təxminən otuz ildən sonra Dağlıq Qarabağ müharibəsinin növbəti dəfə başlandığını duyurlar. Necə duymasınlar? Axı onlar 1988-ci ildən 1994-cü ilədək davam edən birinci Qarabağ müharibəsinin ya birbaşa, ya da bilavasitə iştirakçılarıdırlar.


Belə ki, guya, etnik münaqişə ilə başlanan toqquşmalar tez bir zamanda ərazi bütövlüyümüzə qəsdə çevrilmişdi. Təəssüf, həmin müharibə Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə başa çatmışdı. 1994-cü ildə isə tərəflər arasında atəşkəs imzalanmışdı. Yəni deməyim odur ki, şəhidlərimiz düşmənin - xain qərb qonşularımızın xislətinə, məkrliklərinə də yaxşı bələddirlər. Bəlkə, indi də nəsə demək, tarixi ədalətin bərpası naminə bizə kömək etmək istəyirlər, amma əllərindən heç nə gəlmir. 

... Gözümüz Alı Mustafayevin qəbir daşına sataşır. Azərbaycanın Əməkdar jurnalisti, BDU-nun Jurnalistika fakültəsinin məzunu olan bu şəxs Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə çox fəal çalışıb. O, Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də, yüksək dövlət səviyyəli görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb.

1991-ci il noyabrın 18-19-da erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğınlar törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilməmişdi. Səhəri gün iş yerinə - Azərbaycan Dövlət Televiziyasına gəlib Ağdama yolan düşən qrupa rəhbərliyi öz üzərinə götürmüşdü. Bir neçə gün sonra törədilən Qarakənd faciəsinin qurbanlarından birinə çevrildi. Onun da içində olduğu Mİ-8 N-72 təyyarəsini Qarakənd üzərində vurmuşdular. Beləliklə, Ağdama səfər tanınmış jurnalist üçün əbədi ezamiyyətə çevriltdi. Ola bilsin, ruhu hələ də oralardadır. 

Bir qədər irəlidə Milli Qəhrəman Viktor Vaselyeviçin qəbri var. Gürcüstanda dünyaya göz açan bu igid hərbi qulluqçu, peşəkar pilot öz sərrast atəşləri ilə düşmənin kabusu olmuşdu. O, Ağdərə, Ağdam, Şuşa səmasında dəfələrlə özünəməxsus izlər qoyub. Xeyli dinc sakini xilas edərək təhlükəsiz yerlərə daşıyıb. Növbəti belə qəhrəmanlıqların birində - yanvarın 28-də erməni yaraqlıları vertolyotu qəfil atəşə tutmuşdular. Viktor alova bürünmüş helikopteri kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bilsə də, özü heyətlə birlikdə şəhadətə qovuşmuşdu. 



Salatın Əsgərova da burada uyuyur. Bu mübariz qadın da jurnalist olub. O, bir qrup hərbiçi ilə birlikdə 1991-ci il yanvarın 9-da pusquya düşüb və vətən uğrunda canını qurban vermişdi. Ölümündən sonra Salatın xanıma Milli Qəhrəman adı verildi.

Bu faktları xatırlamağımız təsadüfi deyildi. Birincisi, eynən indi olduğu kimi, otuz il əvvəl də kişilərimizlə birlikdə qadınlarımız da müharibənin ən qaynar nöqtələrində olur, hətta döyüşürdülər. Çünki söhbət vətənin taleyindən gedəndə bir millət, xalq olaraq vətəndaşlıq mövqeyimizi ortaya qoyuruq. İkincisi isə jurnalistlərimiz indikitək o vaxt da ön cəbhədə idilər - qələmləri, kameraları ilə birlikdə. Deməli, tarix təkrarlanır. Yeganə fərq isə nəticə, Tanrının  və tarixin ədalətidir. 

İki dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun büstünün yanından keçəndə qeyri-iradi hərbi salam veririk. Ürəyimizdən keçir ki, hətta əsgəri kimi ona məruzə də eləyək, vəziyyət barədə danışaq. Amma ehtiyac yoxdur.

Özü görür onsuz da. Yadımıza şəhid general-mayor Polad Həşimov düşür. Allah rəhmət eləsin. İndiki genişmiqyaslı hərbi əməliyyatların başlanğıcında - Tovuz hadisələrində çox böyük qəhrəmanlıq göstərmişdi.

Bu gün isə general-mayorlar Hikmət Həsənov, Mais Bərxudarovun... komandanlığı ilə Azərbaycan əsgərləri düşmənə qan uddururlar. 

Gəzə-gəzə türk şəhidlərinin dəfn olunduğu məzarlığa gəlirik. Hündür abidənin üzərində türkcə yazılıb: “25 mayıs-17 kasım 1918 tarixləri arasında cərəyan edən Qafqaz hərəkatında Nuru Paşa rəhbərliyi altında Türk Qafqaz ordusu:


Gəncə, Göyçay, Ağsu, Kürdəmir və Şamaxı istiqamətlərində mübarizə apararaq 15 sentyabr 1918-ci ildə Bakıya girərək Azərbaycanda müntəzəm davam edən müharibələrin nəticəsində Qarabağ və Dağıstanı düşmən işğalından azad ediblər.

Bu hərəkatda qəhrəman mehmetcik Azərbaycanın ərazi bütövlüyü uğrunda azəri qardaşları ilə birlikdə çiyin-çiyinə savaşıb və 1130 şəhid verib. Onlar Azərbaycanın hər yerində, bir çox adsız məzarlıqlarda, ikinci vətənlərində yatmaqdadır.

Məhz bu abidə qardaşlıq uğrunda canlarını sevə-sevə qurban verib “Ayrılarmı könül candan, Türkiyə Azərbaycan” düsturunu ürəklərimizə həkk eləyən o möhtəşəm əsgərlərin, şəhid mehmetciklərin xatirinə salınıb. Ruhları şad olsun. 15 sentyabr, 1999”. 
Həmin yerdən bir az aralıda Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Külək nə qədər sərt olsa da, bayraqlar öz məğrurluqlarını qoruyur, sanki üzərlərinə hücuma keçənlərə meydan oxuyurlar...

Parlamentlə üzbəüz dalğalanan daha bir bayraq isə, elə bil, böyük şair Səməd Vurğunun “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” misrasının təzahürüdür. Əlbəttə, könül candan - Qarabağ Azərbaycandan ayrılmaz, ayrıla bilməz. 

 Daxili İşlər Nazirliyinin şəhid əməkdaşlarının uyuduğu məzarlıq buradadır. Abidənin üzərindəki yazıları oxuyuruq: “1992-ci il iyul ayının 19-da Ağdərə rayonunun Aterk kəndinin (indiki Kəlbəcər rayonunun Həsrənsiz kəndi) müdafiəsi uğrunda gedən döyüşlərdə erməni işğalçılarına qarşı mərdliklə vuruşmuş və qəhrəmancasına həlak olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının əziz xatirəsinə!”.
Ölkədə hərbi vəziyyətin elan olunmasına, bu gün ictimai  nəqliyyatın işləməməyinə rəğmən, ətrafda xeyli insan var. Bu, hər ikimizi - həm məni, həm də yanımdakı yoldaşımı sevindirir. Belə bir mənzərə həmrəyliyimizin, birliyimizin növbəti bariz nümunəsidir. 

Hündür bir yerə çıxırıq. Buradan şəhər - Xəzər dənizi, bulvar, Ağ şəhər... aydın görünür. Bayraq meydanındakı dövlət rəmzimiz Xəzərə baxaraq dalğalanır. Gözümüzün qarşısındakı mənzərə yadımıza Azərinin “Çırpınırdın Qara dəniz” mahnısını salır. Müğənninin dediyi kimi, çırpınırdın Qara dəniz, baxıb türkün bayrağına! 



 “Qafqazlardan aşacağız, 
Türklüyə şan qatacağız,
Azərbaycan bayrağını
Qarabağdan asacağız!”.

Bu misraları bir-birimizə baxaraq bir neçə dəfə təkrarlayırıq. Əlbəttə, Azərbaycanın bayrağını Qarabağda asacağıq. Özü də hər şəhərində, hər rayonunda. 

 Adam bu yerdən bütün şəhərə, bütün ölkəyə, bəlkə də dünyaya gücü çatan qədər möhkəm səslə qışqırmaq, hətta haray çəkmək istəyir: “Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!”. 

... Geri qayıdarkən bütün yol boyu başdaşıların üzərindəki narahat simaları düşünürdüm. Onlar Qarabağ müharibəsinin ilk şəhidləridirlər. Həmin vaxtdan bu yana ayrı-ayrı vaxtlarda yüzlərlə şəhid vermiş, düşməni daha yaxşı tanımışıq.

Ermənilər özlərini nə qədər sülhpərvər kimi göstərməyə çalışsalar da, danışıqlar dilini başa düşmürlər. Deməli, 28 illik haqq davamızı qələbə ilə sonlandırmaq bizim, gənc nəslin borcudur.

Davam edən genişmiqyaslı hərbi əməliyyatları, geosiyasi vəziyyəti fürsət bilib tarixi ədaləti bərpa etməliyik. Heç olmasa, otuz ilə yaxın bir müddətdən sonra Əlif Hacıyevin, Salatın Əsgərovanın və yüzlərlə başqalarının ruhu rahatlıq tapsın. 
Şəhidlərə söz verdik ki, gələn dəfə onların görüşünə qələbə xəbəri ilə gələcəyik.

Kənan Novruzov
Leyla Əliyeva