Hamı vaxtını, çağırışını gözləyir

Yaşlı adamların vaksinasiya qorxusu canlarından çıxıb



Tibb işçilərindən sonra 65 yaşdan yuxarı vətəndaşlarımızın da vaksinasiyasına başlanılıb.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilər:

“İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq sms vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildiriləcəkdir. Qeyd edək ki, yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcəkdir. Sözügedən sistemdən istifadə qaydaları ilə bağlı yaxın günlərdə əlavə təlimatlar veriləcəkdir”.

Qeydiyyat prosesinin onlayn keçirilməsi isə poliklinikalarda yarana biləcək sıxlığın qarşısının alınması məqsədi daşıyır. Lakin sözügedən saytda qeydiyyatdan keçə bilməyənlər yaxınlıqdakı poliklinikalara müraciət edə bilərlər. 

Qeyd edək ki, vətəndaşlar qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməli olacaqlar. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir.

Bəs, yaşı 65-dən yuxarı olan vətəndaşlar özləri nə düşünür. Onlar peyvəndlənməyə maraqlıdırlarmı? 

"Şərq"in əməkdaşları bu yaşda olan insanlarla söhbətləşib. Bəziləri xəstəxanalar tərəfindən çağırışlarını gözləyir, bəziləri də bu işin vacib olduğunu və hər kəsin vaksin vurdurmasını doğru sayırlar. Bir neçə yaşlı da "çip" şayiələrinə inanır, ya da sözügedən vaksinin əks-təsirlərindən çəkinərək vaksinasiyada iştirak etmək istəmirlər. 

Ahıl nəslin koronavirus əleyhinə vaksinasiya ilə bağlı fərqli fikirlərini təqdim edirik:

Şəhər sakini Eldar Allahverdiyev özü bu barədə qərarsız olsa da hər kəsin virus əleyhinə peyvənd olunmasının tərəfdarıdır: "Düşünürəm ki, bunu hər bir vətəndaş etməlidir. Düzü, bu barədə  bir az qərarsızam. Çünki əks fikirlər var. Lakin məni nə vaxt poliklinikadan çağırsalar, əlbəttə həm özümün, həm də başqa adamların sağlamlığından ötrü vaksinasiyada iştirak edəcəyəm".

Adlarının anonim qalmasını istəyən iki xanım isə belə düşünür: 

"Şəxsən biz müsbət qarşılayırıq. Doğrudur, buna aid əvvəllər neqativ fikirlər yayıldı. Amma, hər bir şəxs öz sağlamlığının qayğısına qalmaq üçün vaksinasiya olunmalıdır. Əks təqdirdə, yoluxma riski yüksək olduğu üçün xəstəliyə tutulmaq an məsələsidir".

Vahid Quliyev:

"Bu bəlanın birdəfəlik kökünü kəsmək üçün vaksinasiya mütləq lazımdır. Doğrudur, bəzi şəxslər bu məsələyə şübhə edirlər. Fikrimcə, belə düşüncələr düzgün deyil. Çünki vaksin ölkəyə gətirilən zaman dövlət onu müəyyən sınaqlardan keçirib. Əgər faydalı olmasa və insanlara ziyan vursa məsləhət bilməzdilər. Üstəlik,  ilk növbədə tibb işçiləri, müəyyən dövlət adamları, deputatlar da bu prosesdən keçiblər. Böyük məmnuniyyətlə biz də vaksin vurdurmağa hazırıq".

Ağayeva Rayisə:

"Vaksinasiya ilə bağlı fikirlərim çox müsbətdir. Həmin prosesdən sonra yoluxma saylarının azalması, sabitləşməsi də onu göstərir ki, vaksinasiya olunmaq olduqca vacibdir".

Sultanov Fəxrəddin düşünür ki, yoluxmanın qarşını almaq və pandemiyadan yaxa qurtarmaq üçün vaksinasiya şərtdir: "Vaksinasiya ilə bağlı fikrimiz odur ki, nə vaxt sıra bizə gəlsə, gedib bu prosesdən keçək. Sağlamlığımız üçün çox vacibdir. Yoluxma baş alıb gedir. Tezliklə bu illətdən qurtulmaq lazımdır. Bunun da bir yolu var. O da vaksin vurduqmaqdan keçir".

Muradova Səbinə:

"Əslinə baxanda qərarsızam. Əgər desələr ki, gedin vurdurun, gedərəm. Lakin hələ düşünürəm". 

Aytac Ali,
Ağarza Elçinoğlu