Gün gəldi, hamının ürəyincə olacaq

Türkiyə və Azərbaycan arasında tibb sahəsi üzrə ortaq universitet yaradılacaq


Türkiyə və Azərbaycan arasında tibb sahəsi üzrə ortaq universitet yaradılması təklif edilib. Azərbaycanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı səhiyyə sistemlərinin uyğunlaşdırılmaq məqsədilə yol xəritəsi hazırlamaq üçün Türkiyədə bir sıra görüşlər keçirib. TƏBİB sədri Türkiyəyə səfəri çərçivəsində Ankara Universitetinin rektoru Necdet Ünüvar və Sağlamlıq Elmləri Universitetinin rektoru Cevdet Erdöllə də görüşüb. Görüş zamanı tibb sahəsində kadrların hazırlanması üçün əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib. Ankara Universitetinin və Sağlamlıq Elmləri Universitetinin filiallarının Azərbaycanda açılmasının təklif edildiyi görüşdə, ölkə rəhbərlərinin uyğun görəcəyi halda, qardaşlıq simvolu olaraq tibb sahəsi üzrə Azərbaycan-Türkiyə Universitetinin qurulmasının mümkünlüyünə dair fikirlər səsləndirilib.

Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı fayda verən və hər zaman səmimi işə xidmət edən təşəbbüsləri dəstəklədiyini deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan arasında tibb sahəsi üzrə ortaq universitet yaradılması çox mühüm addımdır.

A.Qeybulla hesab edir ki, Azərbaycanın ən sıx əlaqələri istər tibb sahəsində, istərsə də digər sahələrdə Türkiyə ilə birgə olmalıdır: "Biz Türkiyə ilə bir millət bir dövlət kimi çalışmalıyıq.

Ona görə də, mən Türkiyə ilə bütün əlaqələrə həmişə dəstək vermişəm. Ancaq, təəssüf ki,  Türkiyə ilə bizim əlaqələrimiz gözləntidən xeyli-xeyli zəifdir. Hesab edirəm ki, bu cür ortaq universitetin yaradılmasında mühüm fayda var. Bu, ən başlıcası gələcəkdə Azərbaycanda tibb sahəsinin inkişafına mühüm töhfə verə bilər".

Həkim-nevroloq Pərviz Axundov "Şərq"ə açıqlamasında vurğulayıb ki, bu təklif uzun müddətdir ki, bir çox həkimin ürəyindən keçir. O qeyd edib ki, bu təklif xüsusən Türkiyədə tibb təhsilini görən, orda oxuyan həkimlərin ürəyincədir:

"Fikrimcə, bu cür universitetlər yaradılarsa, Türkiyədə təhsil alan həkimlərin bir çoxu orda öz qazandıqları bilikləri tələbələrə çatdıra bilər. Ümumiyyətlə, bu, həkimlərimizin tibb sahəsində yeni biliklər əldə etməsində mühüm rol oynaya bilər. Bir həkim olaraq, bu təklifi dəstəkləyirəm və çox müsbət qiymətləndirirəm".