"Qapalı məkanlarda tibbi maskanı saxlamağın tərəfdarıyam

Musa Quliyev: "15-20 gün də səbirli olmağımız məsləhətdir"

"Atacağımız ən son addım qapalı məkanlarda tibbi maskaların ləğvi olmalıdır"


   Qapalı məkanlarda istifadəsi məcburi olan tibbi maskaların ləğvi müzakirə olunur. Azərbaycanda karantin rejiminin yumşaldılması və bir sıra ölkələrdə maska zərurətinin aradan qaldırılması ölkəmizdə də bu məsələni gündəmə gətirib. Koronavirus pandemiyasına görə tətbiq olunan əksər məhdudiyyətlər götürülsə də, tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələblərin saxlanması vətəndaşlar arasında birmənalı qarşılanmayıb. Əksəriyyət yoluxma hallarının kəskin azalması fonunda maska qadağasının götürülməsini vacib sayırlar. 

Ötən günlərdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da mətbuata açıqlamasında maskadan istifadənin ləğvinin parlamentdə müzakirə olunacağını bildirmişdi. Deputat son zamanlar ölkədə epidemioloji vəziyyətin nəzarətdə olmasının qapalı məkanlarda maskadan istifadə ilə bağlı tələbin aradan qaldırılmasına zəmin yaratdığını qeyd etmişdi: “Proqnozlar və hesablamalar, eləcə də gələcək risklər də nəzərə alınaraq məsələ ilə bağlı müzakirələr aparılır. Yaxın zamanlarda müzakirələrin nəticəsi bəlli olacaq”. Lakin mövcud riskləri dəyərləndirərək tibbi maskadan istifadənin hələ zəruri olduğunu hesab edənlər də kifayət qədərdir. Onların fikrincə, bir müddət gözləmək daha məqsədəuyğundur. 

Tibbi maskanın ləğvi ilə bağlı mediada gedən müzakirələri “Şərq”ə dəyərləndirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, maskalardan istifadə ancaq qapalı məkanlarda məcburidir. Deputat vurğulayıb ki, açıq havada keçirilən tədbirlərdə, küçədə, bayırda isə tibbi maskalar sadəcə tövsiyə olunur: 

“Qapalı məkanda tibbi maskaların məcburi olmasının ciddi səbəbləri var. Bağlı yerlərdə hava axınının zəifliyinə, ventilyasiya olmadığına görə virusların yayılma ehtimalı daha yüksək olur. Azərbaycanda virusun yayılma riski tam aradan qalxmadığı üçün qapalı məkanlarda maskanı saxlamağın tərəfdarıyam. Anlayırıq, insanlarımız bütün günü maskada gəzməkdən darıxırlar. Havalar da istiləşir, tənəffüs çətinləşir və s. Ancaq indiyə kimi bu əziyyəti çəkmişiksə, 15-20 gün də səbirli olmağımız məsləhətdir. Bir az gözləyək, tələsmək lazım deyil. Epidemioloji şərait yaxşılığa doğru gedir. Operativ Qərargah da öz müşahidələrini aparır. Yoluxma sıfıra enərsə, tibbi maskanın ləğvi ilə bağlı qərar verilə bilər. 10-15 gün maskada qalmaqla heç nə olmayacaq. Qalan bütün məhdudiyyətlər aradan qaldırılıb. Yas və toy mərasimlərində insan məhdudiyyəti yoxdur. İdmanla bağlı da problem qalmayıb. Zamanla digər qadağalar da ləğv olunacaq. Amma maskalardan imtinaya tələsməməliyik və vaksinasiya prosesini davam etdirməliyik”.

M.Quliyev indiki məqamda bunun təbliğatının aparılmasını doğru saymadığını söyləyib: 

“Belə söz-söhbət qorunma tədbirlərinə mənfi təsir göstərir. Əfsuslar olsun ki, son zamanlar qapalı məkanlarda maskalardan istifadə etməyənlər çoxalıb. Koronavirusun başqa forması yayılarsa, o zaman məsuliyyət kimin üzərində qalacaq? Quru sərhədlərinin açılması barədə də müzakirələr gedir. Əgər Gürcüstan, Rusiya və İranla quru sərhədlərimizi açsaq, həmin ölkələrdən Azərbaycana qayıdan soydaşlarımız özləri ilə yeni infeksiya gətirə bilərlər. Düşünün, qapalı məkanlarda maskanı ləğv etmiş olsaq, xəstəlik daha sürətlə yayılacaq. Ona görə də atacağımız ən son addım qapalı məkanlarda tibbi maskaların ləğvi olmalıdır”.