Bəlğəmdən necə qurtulmaq olar?

"Bol maye qəbulu, buxar vannası, ilıq su, otağın havasının nəmli saxlanması fayda verir"

Siqaretdən və siqaret tüstüsündən kənar olmalısınız

  Qrip xəstəlikləri artdığından bir çox insan öskürmə, burun axması, gözlərin sulanması və bəlğəm narahatlığı yaşayır. Xüsusilə körpələr, uşaqlar bəlğəmi çıxara bilmədiyindən daim öskürəyə məruz qalırlar. Mütəxəssislər bir çox insan üçün əzablı hal alan bəlğəmi necə çıxarmaqla bağlı dəyərli məsləhətlər verib. Ağdəniz İnstitutu Yoluxucu Xəstəliklər kafedrasının həkimi  Fatma Taner bəlğəm və onun necə çıxarılması yolları barədə məlumat verib. “Şərq” Türkiyə mətbuatına istinadən bildirir ki, həkim aşağı tənəffüs yollarında əmələ gələn sulu maddə - seliyin bəlğəm olduğunu deyib. Həkim qeyd edib ki, bu, tüpürcək deyil, tamamilə ağciyərlərdə əmələ gələn bir maddədir. Rəngi şəffaf, sarı, yaşıl və ağ olmaqla fərqli rənglərdə ola bilir. Ciddi ağciyər xəstəliyi keçirənlərdə qanlı bəlğəm ola bilər. Seliyin növü və rəngi keçirilən xəstəliyə görə dəyişir. Ağciyərlərdə əmələ gələn selik əsasən öskürəklə orqanizmdən kənara atılır. Seliyin funksiyası orqanizmdə toplanmış zərərli bakteriyaları orqanizmdən kənara çıxarmaqdır. Selik öskürəyə səbəb olur, öskürək nəticəsində tənəffüs yollarında və ağciyərdə toplanmış zərərli bakteriyalar orqanizmdən xaric edilir. Ağciyərlərdə həddindən artıq seliyin toplanması özünü bəlğəmli öskürək, xırıltılı nəfəsalma, köpüklü bəlğəm, udqunarkən boğazda bəlğəm hissi, boğaz qıcıqlanması, sınədə ağrı, nəfəs darlığında göstərir. Tibbi müalicə məsləhət görülən hallarda bəlğəmgətirici həblərdən istifadə edilir. Bunların əksəriyyəti maye halında siroplardır. Ağır keçməyən xəstəliklərdə, soyuqdəymə zamanı isə bəlğəm gətirmək üçün təbii vasitələrə müraciət etmək məsləhət görülür. Bol maye qəbulu, buxar vannası, ilıq su, otağın havasının nəmli saxlanması fayda verir. Həkim dərman içmədən bəlğəmin xaricə çıxarılmasının yollarını izah edib: “Hər kəsin ev şəraitində həyata keçirə biləcəyi bu üsullar bəlğəmin daha asan xaricə çıxarılmasına kömək edir. İlk növbədə çalışmaq lazımdır ki, otağın havası quru olmasın. Quru hava nəfəsalmanı çətinləşdirir, boğazı qıcıqlandırır və miqdarından daha artıq seliyin yaranmasına səbəb olur. Bol maye qəbul etmək, tez-tez ilıq su və ya çay içmək də bəlğəmi yumşaldır və onun xaric olmasını asanlaşdırır. Siqaretdən və siqaret tüstüsündən kənar olmalısınız. Siqaret onu çəkənə ziyan verməklə bərabər mənzildəkilərə, ətrafdakılara da zərərlidir və selikli qişanı qıcıqlandırır. Başqa bir yol, allergiya yarada biləcək qidalara diqqət etməkdir. Hər insan hansı qidanın onda allergik reaksiya yaratdığını bilməli və bu qidalardan uzaq durmalıdır. İsti suyla duş almaq burun və boğazdakı quruluğu azaldır və bəlğəmin rahat şəkildə xaric olmasına şərait yaranır. Qəbul edilən mayelərin içinə zəncəfil qatmaq çox faydalıdır. Zəncəfil təbii antiviral və antibakterial özəlliklərə malikdir. Bunun sayəsində artıq miqdarda seliyi qurudur, əmələ gəlməsinin qarşısını alır və nəfəsalmadakı tıxanıqlığı aradan qaldırır. Gün ərzində bir neçə dəfə zəncəfilli çay içmək bəlğəmin yumşalmasına və azalmasına yardım edir.