Qeyri-infeksion xəstəliklər qlobal epidemiyaya çevrilir

Azərbaycanda da ölüm halları ən çox qeyri-infeksion xəstəliklərdən baş verir

Bu xəstəliklərlə mübarizədə öncə risk faktorları, əmələgəlmə səbəbləri araşdırılmalıdır


  Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı Səhiyyə Nazirliyi İctimai Sahiyyə və İslahatlar Mərkəzində mətbuat konfransı keçirilib.
  İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, qeyri-infeksion xəstəliklərlə mübarizə müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində səhiyyə sistemlərinin prioritet vəzifələrində əsas yer tutur: "Qeyri-infeksion xəstəlikləri yaradan əsas səbəblər zərərli vərdişlər - tütün, spirtli içkilər, qeyri-sağlam qidalanma və fiziki passivlikdir. Odur ki, səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparılır, insanlara zərərli vərdişlərdən uzaq olmaq, öz sağlamlıqlarına məsuliyyətlə yanaşmaq təbliğ olunur".
  İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov vurğulayıb ki, qeyri-infeksion xəstəliklər müasir dövrün, cəmiyyətin problemidir: "Bu xəstəliklərə qarşı mübarizədə səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi ilə yanaşı, eyni zamanda əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu kampaniyanın da asas məqsədi insanlara tövsiyə etməkdir ki, hayat tərzlərini dəyişsinlar, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə nəzarət etsinlər".
  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Ümumi profilli tibbi yardımın təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva müxtəlif qurumların birgə əməkdaşlığı ilə təşkil olunan bu maarifləndirici kampaniyanın vacib addım olduğunu bildirib: "Burada əsas məqsəd əhalini arterial hipertenziya xəstəliyi və bu xəstəliyin mümkün ağırlaşmaları haqqında maarifləndirmək, qan təzyiqinin ölçülməsinin əhəmiyyətini vurğulamaqdır".
  Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri Üzeyir Rəhimov son illərdə bütün ölkələrdə, o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm və əlilliklə nəticələnən xəstəliklər sırasında məhz qeyri-infeksion xəstəliklərin yer aldığını təəssüflə vurğulayıb: "Amma bu xəstəliklərin qarşısını almaq mümkündür. Qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərən risk amillərini aradan qaldırmaqla və sağlam davranışı formalaşdırmaqla onların yükünü azaltmaq olar".
  "Servye Azərbaycan" şirkətinin direktoru Rişad Təhməzov arterial hipertenziyanın bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş yayıldığını bildirib: "Baxmayaraq ki, yüksək qan tazyiqi ölüm riskləri arasında ən birincidir, bu problemə hələ də əhali tərəfindən lazımi diqqət yetirilmir. Məhz bu məqsədlə Beynəlxalq Hipertenziya Cəmiyyəti tərəfindən təşəbbüs irəli sürülüb və "Çünki belə lazımdır" şüarı ilə dünya ölkələrində təbliğat kampaniyasına başlanılıb".
  Professor Adil Qeybulla isə “Şərq”ə açıqlamasında deyib ki, qeyri-infeksion xəstəliklər dedikdə, yoluxucu xarakterə malik olmayanlar nəzərdə tutulur. Bu xəstəliklər qrupunun isə çoxsaylı əhatə dairəsi var: “Qeyri-infeksion xəstəliklər dedikdə 5 növ xəstəliklərə ürək-damar, yeni törəmələr, xroniki tənəffüs xəstəlikləri, şəkərli diabet və zədələnmələr daxildir. Avropada ölüm hallarının 86 faizi, xəstəlik yükünün 77 faizini isə məhz qeyri-infeksion xəstəliklər təşkil edir. Eyni tendensiya Azərbaycanda da müşahidə olunur. Dövlət Statisika Komitəsinin məlumatına görə, ölüm hallarının əsas səbəbləri arasında ilk 5 yeri qeyri-infeksion xəstəliklər tutur.
  Qeyri-infeksion xəstəliklərin  dünya səviyyəsində qlobal epidemiyaya çevrildiyini vurğulayan professor hesab edir ki, bu xəstəliklərlə mübarizədə öncə onların risk faktorlarını, əmələgəlmə səbəblərini araşdırıb onlara qarşı tədbirlər görməliyik. Bu risk faktorları isə davranış və bioloji olur. Davranış risk faktorlarından danışanda bura tütünçəkmə, tütündən, spirtli içkilərdən istifadə, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik daxildir. İndiki zamanda bu, istənilən cəmiyyət üçün böyük bir problemdir. Bioloji risk amillərinə isə qan təzyiqi, qanda şəkərin miqdarının artması daxildir. Bu risk faktorlarına qarşı tədbirlər görülsə, xəstələnmə halları, onların fəsadlaşması və ölüm hallarını da azaltmaq mümkün olacaq.
Qeyri-infeksion xəstəliklərlə mübarizə ekologiyadan başlayır. Bu gün Azərbyacan ərazisinə daxil olan məhsulların böyük əksəriyyəti GMO-dur. Ekoloji məsələlər dedikdə, ərzaq, içməli su problemi, ətraf mühit, radiasiya, dərman təhlükəsizliyi və s. var. Azərbaycanda yod, flor çatışmazlığından yaranan xəstəliklər var. Talassemiya geni daşıyanlar çoxdur. Xeyli xəstəliklər var ki, onların özləri ilə bağlı ayrıca dövlət proqramı ola bilər. Yaxud da ümumi sağlamlıq proqramı çərçivəsində bunlar öz həllini tapa bilər. Əhalinin dispanserizasiyası çox vacibdir. Bu olmasa, bəlkə də qeyd etdiyim məsələlərə nəzarət edə bilmərik”.