Elektrik cərəyanı yaraları üç dəfə tez sağaldır

İsveçin Çalmers Texnologiya Universitetinin və Almaniyanın Frayburq Universitetinin alimləri elektrik cərəyanı əsasında yaraların sağalmasının yeni və unikal üsulunu işləyib hazırlayıblar.
Bu üsul regenerasiyanı üç dəfə sürətləndirir.
Əksər insanlar üçün kiçik yaralar təhlükəli deyil, onlar öz-özünə və tez sağalır. Eyni zamanda, müəyyən xəstəliklərdən əziyyət çəkən xəstələr üçün hətta kiçik zədələnmələr də ciddi fəsadlara səbəb ola bilər. Belə ki, şəkərli diabetdən əziyyət çəkən, onurğası zədələnən və ya qan dövranı zəif olan insanlarda yaraların sağalma prosesi ləng gedir. Nəticədə, onlar infeksiyaya daha çox məruz qalırlar ki, bu da uzun müddətdə amputasiyaya səbəb ola bilər.

Lakin artıq elektrik stimullaşdırılmasından istifadə edən yeni bir müalicə üsulu var. İdeya dəri hüceyrələrinin elektrik sahələrində müəyyən istiqamətlərdə hərəkət etməsinə əsaslanır. Dəri hüceyrələrinin yetişdirildiyi mikroskopik bioçipə elektrik cərəyanı tətbiq etməklə mütəxəssislər süni dəridəki yaraların sağalmasını sürətləndirə biliblər.
Alimlər komandası tədqiqatları davam etdirmək və gələcəkdə geniş istehlakçılar üçün yara sağaldıcı məhsullar yaratmaq fikrindədir.

Mənbə: lenta.ru