Uşaqlar arasında dəri-zöhrəvi xəstəlikləri artıb

Bu xəstəliklər bəzən ağırlaşmalara da gətirib çıxara bilər

  Son zamanlar uşaqlar arasında bəzi dəri-zöhrəvi xəstəliklərin rastgəlmə tezliyi artıb. Bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin şöbə müdiri Huriyyə Qarayeva deyib.

  O bildirib ki, bunlardan, əsasən psoriaz, vitiligo, allergik dermatitlər, qoturluq, göbələk və bir sıra yoluxucu dəri xəstəliklərini göstərmək olar: "Yoluxucu xəstəliklər olan qoturluq, göbələk daha çox yaz-yay aylarında müşahidə olunur. Göbələk xəstəlikləri, əsasən it-pişik kimi heyvanlardan, bölgələrdə isə daha çox mal-qaradan yoluxa bilər. Göbələk xəstələrində mütləq mikoloji müayinə aparılmalıdır” .
  H.Qarayeva bildirir ki, bu xəstəliklərə hər hansı bir şübhə yaranarsa, dərhal həkimə müraciət edilməli, həkim-dermatoloqa göstərilməlidir: “Yay aylarında daha çox tərləyən, immuniteti aşağı olan uşaqlar arasında ən çox rast gəlinən xəstəliklərdən biri də impetiqo xəstəliyidir. Bu xəstəliyin törədicisi stafilo-steptokoklardır, ən çox dərinin açıq nahiyələrində müşahidə olunur. Xəstəlik vaxtında müalicə olunmazsa, ciddi fəsadlar verə bilər. Müalicəsində antihistamin, vitaminlər, antibiotik və xaricə məlhəmlərdən istifadə olunur”.
  H.Qarayevanın sözlərinə görə, dərinin irsi, xroniki xəstəliklərinin müalicəsi həkim müayinəsindən sonra təyin olunur: “Dərinin bəzi xroniki xəstəliklərində günəş şüasından qorunmaq lazımdır (vitiligo, allergik dəri xəstəliklərində və s.).
  Vitiligo automin dəri patologiyasıdır, xəstəliyin əmələgəlmə səbəbləri müxtəlifdir. Xəstəlik dəriyə rəng verən melonin olmaması nəticəsində meydana gəlir, ləkələr ən çox dərinin açıq nahiyəsində yaranır. Xəstəliyin artmasının səbəbləri sırasında stress, günəş şüaları və travmanı göstərmək olar. Qarşısını almaq üçün stress, günəş şüalarından uzaq durmaq, qidalanmada pəhriz rejiminə ciddi əməl etmək lazımdır. Dəri xəstəliklərindən allergik dermatitlər bəzi dərman preparatlarından, qida maddələrindən sonra meydana gəlir. İlk növbədə xəstəliyi törədən səbəbləri aradan qaldırmaq, daha sonra müalicəsini aparmaq lazımdır. Çəhrayı dəmrov xəstəliyi isə yaz-payız aylarında daha çox rast gəlinir. Havanın dəyişməsi, infeksion-allergik mühitin yaranması nəticəsində əmələ gəlir, dəri səthində müxtəlif ölçülü çəhrayı ləkələr yaranır. Xəstələr daha çox qaşınmadan şikayət edirlər. Düzgün müalicə aparıldıqda sağalan xəstəlikdir”.
  Mütəxəssis uşaqların dərisində yaranan bütün xəstəliklər zamanı mütləq şəkildə ərazi üzrə poliklinikalara müraciət etməyin vacibliyini də vurğulayıb: “Ləkədir, yaranıb, keçər, gedər - deməyin. Həkimə müraciət edin! Biz dispanser şəraitində istənilən dəri xəstəliklərinin müayinə və müalicəsini həyata keçiririk. Uşaqlar bizim gələcəyimizdir. Sağlam gələcək naminə onların sağlamlığına biganə yanaşmayaq”.
  Dərini daxili xəstəliklərin güzgüsü adlandıran dermatoloq  Afət İbrahimli  deyib ki, daxili orqanlarda yaranan bir problem varsa dəri, saç, dırnaqlarda özünü büruzə verə bilər. 
  Onun sözlərinə görə, dəri xəstəlikləri cəmiyyətdə tez qarşılaşılan səhiyyə problemlərindən biri olub yaşa görə fərqlilik göstərir: “Uşaqlarda da olduqca çox görülür. Uşaqlıq dövrü dəri xəstəlikləri yaxşı bilinməsinə baxmayaraq, bu xəstəliklərin yayılması, yaşı, cinsi ilə əlaqədar məlumatlar əhatəli və təminedici deyil.  Dəri xəstəlikləri uşaqlar üçün cox təhlükəli olaraq, böyrək və ürək xəstəlikləri, ağciyərlərin iltihabı, beyin qişalarının iltihabı (meningit), sepsis (mikrobların qana keçməsi), oynaqların zədələnmələri və s. ağırlaşmalara da gətirib çıxara bilər. Uşağın dərisində müxtəlif səpkilər, ləkələr, suluqlar, qabarcıqlar, qızartı, dərinin rənginin dəyişməsi (həddən artıq qızarma, açıq və ya tünd rəngli ləkələr və s.), qaşınma, göynəmə hissiyyatı və digər əlamətlər əmələ gələrsə, dərhal pediatra və lazım gələrsə, dermatoloqa da müraciət etmək lazımdır.
  Uşaqlarda ümumi dəri xəstəlikləri arasında bakterial dəri infeksiyaları, saç və dırnaq pozğunluqları, ekzema, sızanaqlar, göbələklər, hemangioma, kurdeşen (ürtiker), psoriaz (pullu dəmrov) və ziyillər daxildir. Uşaqların dərisi böyüklərin dərisinə nisbətən daha həssasdır, beləliklə fərqli müalicə üsulları tələb edir”.
  Dermatoloqun sözlərinə görə,  körpəlikdən, uşaqlıq dövrü sonlarına qədər ən çox görülən dəri xəstəliklərindən biri bişməcədir:  “Təxminən üç körpədən birində görülür. Ən əhəmiyyətli səbəbləri həssas körpə dərisinə dəyən nəcis, sidik ilə içindəki mikroorqanizmlər və bölgənin həddindən artıq nəmliliyidir. Bişməcə körpə cildində sarı və ya ağ qabıqlanmayla özünü göstərən, yağ ifraz edən hüceyrələrin həddindən artıq işləməsi nəticəsində olan fizioloji qəbul edilə biləcək bir sıxlığa sahib narahatlıqdır. 
  Ekzema isə  uşaqlıq yaş qrupu arasında ən çox görülən dəri narahatlığıdır. Ailə hekayəsi, astma və allergik rinit hekayəsi olan uşaqlarda daha çox görülür. Hər yaş qrupunda, dağılan yerlərindəki kiçik fərqliliklərlə birlikdə görülə bilər. Yatqın dəriyə təmas edən allergenlər, sürətlə uşaqda qaşıntı, qızarma buna bağlı narahatlığa səbəb olur. Bu tip struktura uyğun uşaqların cildlərinin təxribatdan, quruluqdan və allergen qorunmasında fayda vardır. Xüsusilə yaz və qış aylarında havaların daha da quru olması bu vəziyyəti gərginləşdirir.  Dərinin bol miqdarda nəmləndirilməsi, otaqların nəmləndirilməsi, istifadə olunan sabun və şampunların atopik dəri üçün olması qarşısı alınacaq tədbirlərdir.  Nəmləndiricilərlə rahatlamayan uşaqların mütləq bir dəri həkiminə göstərilməlidir”.
  A.İbrahimli deyib ki, atopik dermatit isə dərinin xroniki iltihabi xəstəliyidir. Adətən orqanizmin allergik reaksiyalara irsi meyillik fonunda yaranır. Atopik dermatitin ilkin əlamətləri dəri qatları, qoltuqaltı yan nahiyələrdə bişməcələr, qulaq arxasında qızartılar formasında özünü göstərir:  “Əksər hallarda uşaq atopik dermatiti qida məhsullarına allergiya fonunda yaranır.  Bundan başqa diatez orqanizmə tənəffüs yollarından düşən allergenlər - ev tozu, heyvan tükləri və onların dəri hissəcikləri səbəb ola bilər. Adətən daha çox allergen sayılan qida məhsulları- bal, şokolad, kakao, çiyələk, qoz -fındıq, sitrus meyvələri və s. rasiondan çıxarılır.  Daha sonra isə müalicə yazılır. Seboreik dermatit baş dərisi, üz, sinə və bədən qıvrımlarında qabıqlanma və kəpəyə səbəb olan dəri xəstəliyidir. Yağlı dəridə yaranan, qızartı və qaşınma ilə xarakterizə olunan çox yayılmış bir xəstəlikdir. Seboreik dermatit əsasən ilk üç ayda başlayır və bir yaşa qədər davam edir. Ziyillər viruslar vasitəsilə ötürülür və hər yaşda olan uşaqlarda müşahidə oluna bilər. Ziyillər adətən barmaqlarda, əllərdə və ayaqlarda görünür”.