Skarlatina yoluxucu xəstəlikdir - DİQQƏT!

Geniş yayılmasa da, valideynlər diqqətli olmalıdır

 “Mövsümi xəstəlik olmasa da, skarlatinaya ara-sıra rast gəlinir. Yayılıb deməzdim, amma valideynlər diqqətli olmalıdır. Çünki skarlatina yoluxucu xəstəlikdir”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında pediatr Vaqif Qarayev bu günlərdə skarlatinaya yoluxmuş uşaqların sayında artım olması barədə yayılan xəbərlərə münasibət bildirərkən söylədi. Pediatr qeyd etdi ki, skarlatinaya adətən azyaşlı və ortayaşlı uşaqlar yoluxur. Bu da uşaq bağçaları və orta məktəblərdə uşaqların bir-biriylə yaxın təmasda olmasının nəticəsidir. Skarlatina yoluxucu xəstəlik olduğundan ümumi istifadə edilən məkanlarda təhlükə daha böyükdür. 
 
Skarlatina streptokok infeksiyasının yaratdığı yoluxucu - infeksion xəstəlikdir. İnfeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə - boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətrafı istisna olmaqla bütün bədəndə qırmızı səpkilər yaranır. Törədicisi streptokok bakteriyası hesab edilən infeksion xəstəlik əllərdə, barmaqlarda şişmələrə də səbəb ola bilir. Bir müddət sonra uşaqların dillərində qıpqırmızı səpkilər yaranır, dil sanki moruğu xatırladır, badamcıqlara yaxın isə dilin üzərində ağ ərp əmələ gəlir. Boğazda şişkinlik, badamcıqların iltihabı skarlatinanın əlamətidir. İnfeksion xəstəlik dəridə soyulmalara da səbəb ola bilər. Xüsusən 5-15 yaş arası uşaqlarda çox rast gəlinir. Xəstəlik hava-damcı yoluyla yayılır. İnfeksiyanı törədən streptococcus pyogenes bakteriyasıdır. Yaxın təmasda olan insanlar asanlıqla yoluxa bilər. 

Dondurma, süd, gündəlik istifadə edilən ərzaqlar, yumurta və yumurtadan hazırlanmış qidalar mikrobla çirkləndikdə  streptokok infeksiyasına səbəb ola bilər. Xəstəliyin əlamətləri yüksək hərarət və boğaz ağrısı, limfa düyünlərinin böyüməsi, tez-tez qaytarmadır. Xəstəliyin əlamətləri müşahidə olunduqda dərhal həkimə müraciət edilməlidir. Xəstəliyin gedişatında ağırlaşmalar müşahidə olunarsa, xəstə pediatr ilə yanaşı, infeksionist və kardioloq nəzarətində olmalıdır. Skarlatina bakterial xəstəlik olduğu üçün müalicəsi antibiotiklə aparılır.