Xərçəngin müalicəsində yarasa dövrü başladı: 200 il yaşayır, xəstələnmir

Xərçəng yarasalarla müalicə ediləcək

200 il yaşayan yarasaların sirri çözüldü
  
COVID-19-un mənbəyi hesab ediləndən, onsuz da insanlarda görünüşü ilə ikrah doğuran yarasalara nifrət daha da artdı. Lakin elm adamlarının yeni kəşfi bu eybəcər və iyrənc heyvanları insanların “baş tacı” edə bilər. ABŞ-də aparılan bir tədqiqat yarasaların bəzi növlərinin 200 il yaşamasına rəğmən, xərçəngə qarşı immunitet əmələ gətirən 50-dən artıq gen daşıyıcısı olduğunu ortaya çıxarıb. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, elm adamları insanlarda xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsində də yarasalardakı genlərdən istifadənin mümkünlüyünü açıqlayıb. Yarasalar yaşam tərzləri səbəbindən digər məməlilərdən fərqli olaraq viruslara yoluxmur. Alimlər hesab edir ki, yarasaların immun sistemini öyrənməklə insanların xərçəngə tutulmasının qarşısını almaq və müalicə etmək mümkündür. Nyu-Yorkdakı Cold Spring Harbor laboratoriyasının tədqiqatçısı Armin Scheben məsələ ilə bağlı açıqlamasında bunları deyib: 

“Yarasaların DNA göstəriciləri onlarda xərçəngə qarşı müqaviməti formalaşdıran anti-xərçəng genlərinin olduğunu göstərir. Araşdırmamız yarasalarda genetik dəyişikliklərə uğramış xərçəng şişlərini dəf edə bilən bir neçə genin mövcudluğunu üzə çıxarıb və bu genlərin yarasaların xərçəngə qarşı müqavimət qabiliyyətini, insanlar da daxil, digər məməlilərdən daha yüksək dərəcədə artırdığına inanırıq. Əldə etdiyimiz nəticələr insanlarda xərçəngin qarşısının alınması və müalicəsi üçün yarasadan alınacaq anti-xərçəng terapotiklərin hazırlanmasına yönəlik ilk addımdır”. Alimlər əslində, bir çox heyvanın xərçəngə tutulma ehtimalının olduğunu, lakin heyvanlar o qədər də uzunömürlü olmadıqlarından bundan yan keçə bildikləri fikrindədir. Amma yarasalar uzunömürlüdür, bəzi növləri hətta 200 il yaşayır. Bununla belə onlar xərçəng xəstəliyinə tutulmur. “Cenome Biology and Evolution” dərgisində yayımlanan məqalədə qeyd olunur ki, təqiqatçılar Yamayka meyvə yarasası və Mezoamerika “bığlı yarasası” olmaqla iki yarasa növünün genlərini analiz edib. Sonra isə nəticələr digər məməlilərin genləri ilə müqayisə edilib. Məlum olub ki, yarasaların genlərindəki 46 proteində genetik adaptasiya mövcuddur. Alimlər bu fikirdədir ki, əgər yarasalar ən müxtəlif virusların daşıyıcısı olmaq “qabiliyyətinə” malikdirlərsə, deməli onlarda bu viruslara qarşı immunitet də vardır. Odur ki, yarasaların genləri daha dəqiq analiz edilməli və bu tədqiqatlardan insanların xilası üçün istifadə olunmalıdır.