Elektron resept sistemi dərdə dərman olmayacaq

Dərman monopoliyası, həkimlərin firmalarla razılaşması kimi problemlərin həlli üçün bu dəyişiklik bir o qədər effektiv deyil

“Əksinə, bu dəyişiklik aptekdə işləyən şəxslərə imkan verəcək ki, onlar hər hansı bir firma ilə əməkdaşlıq edib, müştərilərə onların dərmanlarını təklif etsin”

  “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur.

  Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, bəzi dərman vasitələrinin apteklərdən buraxılması yalnız resept əsasında həyata keçirilə bilər. Qeyd edilib ki, bu cür dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir: "Həmçinin “Dərman vasitələri haqqında” qanuna müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar". Vurğulanıb ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aptek təşkilatlarında müvafiq yoxlamalar aparılır: "Yoxlamalar zamanı dərman vasitələrinin buraxılması, xüsusən resept əsasında buraxılan dərman vasitələrinə dair ciddi nəzarət tədbirləri həyata keçirilir. Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür".

  Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, elektron resept sisteminə keçid, reseptlərdə dərmanın ticarət adının deyil, təsiredici maddəsinin adının yazılması ilə bağlı qərarı çox yaxşı haldır. Həkimlərin fəaliyyətinə nəzarət, yazılan reseptlərin qeydə alınması baxımından əhəmiyyətli bir prosesdir: “Lakin dərman monopoliyası, həkimlərin firmalarla razılaşması kimi problemlərin həlli üçün bu dəyişiklik bir o qədər effektiv deyil. Əksinə, bu dəyişiklik aptekdə işləyən şəxslərə imkan verəcək ki, onlar hər hansı bir firma ilə əməkdaşlıq edib, müştərilərə onların dərmanlarını təklif etsin. Yəni indiyədək ictimaiyyətdə narahatlıq doğuran məqam həkimlərin korporativ maraqları idi, bundan sonra da əczaçıların bu qərardan sui- istifadə edib-etməməsi narahatlıq doğuracaq.
  Deməli, problemin birdəfəlik həlli üçün kompleks addımlar atılmalıdır. Məsələn, ölkəyə 100-dən çox adda “Seftriakson” gətirməyə ehtiyac yoxdur. Cəmi 4-5 adda gəlməyi kifayət edir. Bir-birini təkrar edən dərmanlar istənilən cəmiyyətdə kooporativ maraq yaradır və bunu nəzarətdə saxlamaq da mümkün olmur.
  Yəni bu işə başlamazdan qabaq onun alt yapısı olmalı, fundamenti qoyulmalı, bütün infrastrukturu qurulmalıdır. Ondan sonra bu sistemə keçilə bilər. Yoxsa o sistem çalışa bilməz”.
  A.Qeybullanın sözlərinə görə, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması o demək deyil ki, hansı adda satılan dərmanın daha yaxşı olduğunu pasiyentlər müəyyən edəcək. Bunu yenə də həkimlər müəyyən edəcək: “Ümumilikdə isə onu deyə bilərəm ki, dərmanların keyfiyyət parametrini heç həkimlər də bilmir. Sadəcə olaraq, həkimlərin Azərbaycan ərazisində qeydiyyatdan keçən dərman preparatlarını reseptdə yazaraq pasiyentlərinə tövsiyə etmək haqqına sahibdir. Dərman preparatlarının keyfiyyət parametrlərinə məsul qurum isə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzidir. Əgər ölkədə satılan hansısa dərman keyfiyyətsizdirsə, bunun günahı həkimlərdə yox, müvafiq qurumdadır. Yeni qərarın əsas mahiyyəti isə dediyim kimi, həkimlərin dərman firmaları ilə əməkdaşlığının qarşısını almaqdır. Hansı ki, uzun müddətdir həkimlərlə paralel aptek işçiləri də dərman firmaları ilə iş birliyi edir. Ümid edirik ki, yeni sistemin icra mexanizmi hər iki problemin həllinə şərait yaradacaq. Əgər sistemdə boşluqlar olsa, firmalarla işləyən aptek işçilərinin sayı artacaq”.
  Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də “Şərq”ə açıqlamasında deyib ki, sözügedən dəyişilik sadəcə kağız üzərində qalmayıb, düzgün icra edilsə, effektiv nəticələr əldə olunacaq. Ən azı həkimlərlə dərman firmaları arasındakı sövdələşmənin qarşısını alacaq. Digər tərəfdən isə o qədər də keyfiyyətli olmayan dərman preparatlarını reklam edən firmalar daha insanları aldada bilməyəcək.
  A.Əliyev hesab edir ki, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması o deməkdir ki, alıcı seçim zamanı əczaçıdan tövsiyə alacaq və bu da başqa bir nüansı ortaya çıxarır. Bugünə qədər həkimlərlə əməkdaşlıq edən firmalar sabah aptekdə işləyən şəxslərlə işbirliyi edəcək: “Mənə elə gəlir ki, həkimlərlə firmalar arasındakı münasibəti qədərindən artıq şişirtmişik. Firma dərmanları arasında da kifayət qədər keyfiyyətli preparatlara rast gəlirik. Sadəcə, qiymətləri baha olduğu üçün hər kəs firma dərmanı ala bilmir və eyni tərkibli daha ucuz dərman almağa çalışır. Ona görə də bizim problemimiz həkimlərin firma dərmanları yazması yox, mövcud sahədəki monopoliya və ölkəmizə idxal olunan dərman preparatlarının həddindən artıq baha qiymətə satılmasıdır. Daxili istehsalımız olmadığı üçün inhisarçılar dərman bazarını ələ alıb və qardaş Türkiyə ilə müqayisədə 10 dəfə bahaçılıqdır. Dərman bazarında azad rəqabət mühiti təmin edilsə, firma dərmanlarının qiyməti pasiyentlər arasında bu qədər narazılıq doğurmaz. Çünki firma dərmanları arasında, həqiqətən də, yüksək keyfiyyətə və daha effektiv müalicə imkanına sahib olanları da az deyil. Həkimlər də xəstəyə daha çox fayda verəcək dərmanlarla işləməyə üstünlük verirlər. Lakin bizim ölkədə aşırı şəkildə “həkim-firma” sövdələşməsi xofu var. Bəzən həkimlərimiz xəstənin vəziyyətinə uyğun olaraq reseptdə sınadığı və keyfiyyətinə əmin olduğu bir dərmanı yazır, amma həmin şəxs aptekə girəndə dərmanın qiyməti ilə maraqlanır. Baha olduğunu görəndə isə satıcıdan eyni tərkibli daha ucuz dərman adı soruşub onu alır. Müalicə effekt verməyəndə isə həkimin müalicəsinin effektsiz olduğunu iddia edirlər. Yəni heç də həmişə aptek satıcılarının daha ucuz qiymətə tövsiyə etdiyi dərman preparatı həkimin yazdığı bahalı dərmandan daha yaxşı olmur.

  Amma yeni qərarın sevindirici tərəfi odur ki, aptek işçiləri təsiredici maddənin olduğu dərmanı axtarmaq üçün mütləq savadlı olmalıdır. Çünki indiyə qədər dərmanın ticarət adı yazılıb və apteklər də bu sistemlə işləyib, ancaq indi tərkib hissəsi yazılanda müəyyən çətinlik yaranır. Mütləq bu sahədə bilik və təcrübəsi olmalıdır ki, həkimin yazdığı tərkibə uyğun olan dərmanları tanıya bilsin".