İrəvan hökuməti yalançı təbliğatını davam etdirir  - RƏY

Azərbaycan və Türkiyə növbəti dəfə erməni xalqına normal həyat sürmələri üçün şans verir

"İlk növbədə Ermənistan özü konstitusiya dəyişikliyi edərək qonşu dövlətlərə qarşı ərazi iddiasından əl çəkməlidir"


  Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib ki, Azərbaycanın Ermənistana qarşı "ambisiyaları və ərazi iddiaları" olması ilə bağlı İrəvanın ciddi qorxuları var. Onun iddiasına görə, xüsusilə, regional infrastrukturlara gəldikdə, Ermənistanın suverenliyi ilə bağlı müəyyən qeyd-şərtlər mövcuddur: "Qorxular bu gün də mövcuddur. Ermənistan Respublikasının planlaşdırdığı təhlükəsizlik mexanizmləri effektiv deyil". Mirzoyan onu da vurğulayıb ki, sərhədlərlə bağlı problemlərin həlli üzərində işləyirlər, lakin hələlik dəqiq həlli yoxdur. Qeyd edək ki, Azərbaycan Mirzoyanın işarə etdiyi “regional infrastruktur” – Zəngəzur dəhlizi ilə bağlı fikrini dəyişsə də, İrandan alternativ yola razılaşsa da, Ermənistan "ərazi iddiası" ilə bağlı yalançı təbliğatını davam etdirir.
 
 Politoloq Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa çox yaxın olduğu bir vəziyyətdə şübhə dolu bəyanatlar verməsi İrəvan hökumətinin sülhdən qorxması ilə bağlıdır. Analitik diqqətə çatdırıb ki, ermənilər Qafqaza düşdükləri gündən bu yana daim fitnə-fəsad içində olublar: 

"Tünd sirkə öz qabını sındıran kimi daşnak ideologiyasına təslim olan erməni hakimiyyətləri də layiq olduqları məntiqi sonluğa yaxınlaşdılar. Buna baxmayaraq, Azərbaycan və Türkiyə növbəti dəfə erməni xalqına normal həyat sürmələri üçün şans verir. Erməni hakimiyyəti qarşısında normal qonşuluq münasibətləri şərti qoyulur ki, bu da ən humanitar yanaşmadır. İlk növbədə Ermənistan özü konstitusiya dəyişikliyi edərək qonşu dövlətlərə qarşı ərazi iddiasından əl çəkməlidir. Əks halda Ermənistanın öz qonşularını belə bir ittihamla günahlandırması absurd məsələdir. Ermənistan bu addımı atmasa, onunla sülh müqaviləsi imzalanmamalıdır. Rəsmi şəkildə qonşu ölkələrə ərazi iddiası irəli sürən məhz Ermənistanın özüdür". 

  Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi sülh müqaviləsinin növbəti predmetidir: 

"Bu məsələ 2020-ci il 10 noyabr razılaşmasında öz əksini tapıb. İran tərəfi ilə razılaşdırılmış yolun Zəngəzur dəhlizi ilə əlaqəsi yoxdur. Əgər hər hansı səbəbdən Zəngəzur koridoru açılmazsa, o zaman təbii ki, bu yol alternativ olaraq fəaliyyət göstərəcək. Əslində, Ermənistan sivil həyata dönmək, qonşularla normal əməkdaşlıq etmək çağırışlarından çəkinir. Əsas qorxuları bundandır. Buna görə də uydurma “ərazi iddiası” ilə bağlı təbliğatını davam etdirir".