"Qafqaz Evi" ideyası hələ ki, reallaşmayıb - POLİTOLOQ

Regionda Rusiya-Qərb maraqlarının toqquşması üç respublikanın bir araya gəlməsinə maneçilik törədib


  Bakıda “Gürcüstanın regional münasibətlərdə vasitəçilik rolu” adlı dəyirmi masa keçirilib. Dəyirmi masa Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü və gürcü politoloq Gela Vasadzenin iştirakı ilə təşkil edilib. Tədbirdə çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanla Gürcüstan arasında əlaqələri və Gürcüstanın regionumuzdakı rolunu çox yüksək qiymətləndirib: 

"Gürcüstanın regionda rolu və 3 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan) iştirak etdiyi platformalardakı fəaliyyəti böyük əhəmiyyət daşıyır, aktual məsələlər müzakirə olunur. Azərbaycan və Gürcüstan daim bir-birinin mövqelərini dəstəkləyir. Azərbaycan və Ermənistan arasında dialoqda da Gürcüstan aktiv iştirak edir. Bir sıra regional layihələr də var. Yeni geosiyasi reallıqlarda da Gürcüstanın xüsusi rolunun olduğunu görürük". 
  Gürcü politoloq Gela Vasadzenin fikrincə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması gələcəkdə region ölkələrinin iqtisadiyyatında müsbət dəyişikliklərə səbəb olacaq. Politoloq ümid etdiyini bildirib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı inam əsasında əməkdaşlıq və münasibətlərin normallaşması yaxın dövrdə baş tutacaq. Vasadze Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı dialoq prosesində hər zaman iştirak etməyə hazır olduğunu vurğulayıb: “Tərəflər arasında bir-birinə qarşı inamsızlıq var və bu, hazırkı mərhələdə başadüşüləndir. Sülh sazişinin harada imzalanacağı bir o qədər vacib deyil, əsas odur ki, saziş imzalansın. Bunun üçün də çoxlu işlər görülməlidir”.
  Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a bildirib ki, "Qafqaz Evi" ideyası uzun zaman gündəmdə olsa da, əfsuslar ki, bugünədək reallaşmayıb. Partiya rəhbərinin sözlərinə görə, məhz Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi, eyni zamanda regionda Rusiya-Qərb maraqlarının toqquşması üç respublikanın bir araya gəlməsinə maneçilik törədib: "Təbii ki, indiyədək buna əngəl olan mühüm məqamlardan biri Ermənistanın işğalçılıq siyasətini, ərazi iddialarını davam etdirməsi idi. Ermənilər Gürcüstan torpaqlarına da iddia edirdilər. Bununla yanaşı, Gürcüstanın bundan öncəki hakimiyyəti birmənalı qərbyönlü idi. İndiki hökumət isə bir qədər Rusiyaya meyillidir. Bu amillər Cənubi Qafqazın üç ölkəsinin əməkdaşlıq platforması yaratmasına imkan vermədi. Görünən odur ki, müəyyən dövr ərzində də üçlü əməkdaşlıq platformasının qurulması və fəaliyyətə başlaması çətindir. Düzdür, rəsmi Bakı Gürcüstanın təklifini müsbət qarşılayır və buna hazır olduğunu bəyan edir. Çox istərdik ki, Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması üçün üç dövlətin nəhayət ki, bir araya gəlməsinin şahidi olaq. Amma yenə də əsas maneə Ermənistan hökumətinin qeyri-müəyyən siyasətidir".