Separatçıların səhifəsi birdəfəlik bağlandı

Keçmiş və qondarma xuntanın heç bir institutu Ermənistanda fəaliyyət göstərə bilməyəcək

“Ermənistan tərəfi düşünür ki, bununla Bakıya jest edir. Həm də gələcəkdə Azərbaycanla münasibətlərin kəskinləşməsinin, təxribat və münaqişənin qarşısını alır”

  Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib ki, Qarabağın (keçmiş və qondarma xunta nəzərdə tutulur – red.) heç bir institutu Ermənistanda fəaliyyət göstərməyəcək. O bildirib ki, bu “institutların” işləməməsi Ermənistanın təhlükəsizliyi məsələsidir. Erməni mediası da yazıb ki, Ermənistan “Artsax” sözünü lüğətdən çıxarır, "nümayəndəliy"ini bağlamağa hazırlaşır. Bəzi ekspertlər bu açıqlamaları son günlər İrəvanda fəallaşan, hotellərdə gizli görüşlər keçirən separatçı tör-töküntülərə ünvanlanmış mesaj kimi xarakterizə edirlər.
  Politoloq Turab Rzayev deyib ki, Ermənistan hökuməti bu qərarı verməklə doğru addım atıb. Analitikin fikrincə, İrəvan hakimiyyəti separatçılar səhifəsini bağlamaqla iki şeyə nail olmağa çalışır:

"Paşinyan hökuməti ilk növbədə son günlər yenidən aktivləşməyə çalışan keçmiş "Qarabağ klanı"nın üzvlərinin dirçəlməsinin qarşısını alır. Keçmiş qondarma rejimin başçısı Samvel Şahramanyan S.Sarkisyanla görüşməli idi. Separatçılar ləğv edilmiş qondarma rejimi yenidən elan etmək barədə müzakirələr aparırlar. Ermənistan hökuməti bu kimi təhlükəli cəhdlərin qarşısını almağa çalışır. Daha doğrusu, hakimiyyətə qarşı "Qarabağ klanı"nın güclənməsinin, həmçinin Qarabağdan Ermənistana köçən və orada məksunlaşan ermənilərin təhlükə və təhdid olmasının önünü kəsir. Həmin ermənilərə təcili vətəndaşlıq verməklə onları Ermənistan cəmiyyətinə inteqrasiya etdirməyə çalışır. Eyni zamanda Qarabağdan gedən ermənilərin güc strukturlarında fəaliyyət göstərməməsi istiqamətində addımlar atırlar".
  Ekspertin sözlərinə görə, İrəvan hökumətinin bu cür mövqe sərgiləməsinin digər səbəbi Azərbaycan faktorudur: "Ermənistan tərəfi düşünür ki, bununla Bakıya jest edir. Həm də gələcəkdə Azərbaycanla münasibətlərin kəskinləşməsinin, təxribat və münaqişənin qarşısını alır. Ermənistan ərazisində hansısa "Qarabağ" adlı subyektin qalması, "institut" kimi fəaliyyəti İrəvanın Azərbaycanın ərazi bütövlüyunü tanımaması anlamına gələcək. Bu da tərəflər arasında ciddi gərginliyə yol açar. Nəticə etibarı ilə bu addımı sülh prosesinə töhfə hesab etmək mümkündür".