Kılıçdaroğlu erası sona çatdı: CHP-də yeni dönəm - RƏY

 Özəl CHP-ni Kılıçdaroğlunun kadrlarından təmizləyəcək

  Türkiyədə ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayı keçirildi. Qurultayın ikinci turunda Özgür Özəl 812 səs toplayaraq, rəqibi Kamal Kılıçdaroğlunu təxminən 300 səslə üstələyib. Beləliklə, Özgür Özel Kılıçdaroğlunun 13 illik rəhbərliyindən sonra CHP-nin yeni sədri seçilib. Bəzi ekspertlərin fikrincə, CHP-nin yeni sədrlə yola çıxması qarşıdakı seçkilərdə partiyanın səs faizinə ciddi təsir göstərə bilər. Qeyd edək ki, 38-ci qurultayını keçirən CHP 1923-cü ildə Türkiyənin ilk dövlət başçısı Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Özgür Özel bu partiyanın 8-ci sədri olacaq.

"Sədrlik postunu təhvil verirəm"

  Sabiq sədr Kamal Kılıçdaroğlu CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edib. Bununla bağlı Kılıçdaroğlu X sosial şəbəkə hesabında paylaşıb: “Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni sədrimiz Özgür Özəl, sizi təbrik edir, uğurlar arzulayıram”.

CHP-nin yeni başqanı kimdir?

  Cümhuriyyət Xalq Partiyasının yeni sədri Özgür Özəl 1974-cü ildə Manisada doğulub. Balkan əsilli ailənin övladıdır. Ege Universiteti məzunudur, ixtisasca əczaçıdır. Siyasətə qoşulmadan öncə Türk Əczaçılar Birliyinin baş katibi olub. Özəl 1999-cu ildə özəl əczaçı kimi fəaliyyətə başlayıb. 2001-2007-ci illərdə Manisa Əczaçılar Palatasında bir müddət baş katib, iki dövr isə palata sədri vəzifələrində çalışıb. Bu müddətdə Manisa Akademik Palatalar Birliyinin müddətli sözçüsü və rəhbəri olub. Bundan əlavə, Beynəlxalq Əczaçılıq Federasiyası, Avropa Birliyinin Əczaçılıq Qrupu və Avropa Əczaçılıq Forumu kimi beynəlxalq təşkilatların üzvüdür. 2007-2011-ci illər arasında Türkiyə Əczaçılar Birliyində bir dövr xəzinədar, iki dövr baş katib vəzifələrində çalışıb. Həmin dövrdə Manisanı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Türkiyə Böyük Millət Məclisində işlədiyi müddətdə Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyası, CHP Həbsxanaları İzləmə və İstintaq Komissiyası, CHP Universitet və Tələbə Problemləri Araşdırma Komissiyası, Türkiyə Böyük Millət Məclisi Soma Mədən Araşdırma Komissiyasına üzvlük kimi mühüm vəzifələri öz üzərinə götürüb. 25, 26 və 27-ci dövrlərdə Cümhuriyyət Xalq Partiyasının qrup sədrinin müavini olaraq Türkiyə Böyük Millət Məclisində CHP-nin işinə rəhbərlik edib, 2015-ci ildə isə deputat qrupunun sədri olub.

CHP-yə yeni sədr gəldi – Ərdoğandan reaksiya

  Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib ki, Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyi heç nəyi dəyişməyəcək: “Dünən ana müxalifət partiyasının qurultayı oldu. Bay Kamal kiminlə vidalaşdı? O, Ədirnədəki terrorçubaşıya “görüşənə qədər” dedi. Onlar bir-birindən heç nə ilə fərqlənmirlər. Onlar terror təşkilatı ilə çiyin-çiyinə addımladılar”.

"Kamal Kılıçdaroğlu tutduğunu buraxmadı..."

  Politoloq Elxan Şahinoğlu deyib ki, 13 il partiyaya sədrlik edən Kamal Kılıçdaroğlu erası sona çatdı. Analitik bildirib ki, Kılıçdaroğlu 13 il ərzində Atatürkün partiyasını qələbələrlə sevindirə bilmədi. Prezident və parlament seçkilərində, referendumda hakim Ədalət və İnkişaf Partiyasının və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın gerisində qaldı: "Kamal Kılıçdaroğlu bircə son bələdiyyə seçkisində iki mühüm şəhərdə - İstanbulda və Ankarada uğur qazandı. Ancaq bu uğurda onunla ittifaqda olan İyi Partiyanın əhəmiyyətli payı var idi. İyi Partiyanın və bu partiyanın lideri Meral Akşenerin dəstəyi olmadan Cümhuriyyət Xalq Partiyası İstanbul və Ankarada uğur qazana bilməzdi.
  Kamal Kılıçdaroğlu son prezident seçkisində strateji səhvə yol verdi. Müxalifət blokunun İstanbul və ya Ankara bələdiyyə başçılarından biri - Əkrəm İmamoğlu və Mənsur Yavaşla qələbə qazanmaq şansı var idi. Ancaq Kamal Kılıçdaroğlu tutduğunu buraxmadı, “prezidentliyə mən namizəd olmalıyam” dedi və Ərdoğana məğlub oldu. Halbuki Meral Akşener daha şanslı namizədə üstünlük verilməsi vacibliyini səsləndirmişdi".
  Ekspertə görə, Kamal Kılıçdaroğlunun ikinci strateji səhvi parlament seçkisində reytinqi zəif olan müxalifət partiyalarının nümayəndələrinə ortaq siyahıda yer ayırması idi: "Bu, CHP-də narazılıq yaratdı, çünki bir qism partiya üzvü parlamentdən kənarda qaldı, kiçik müxalif partiyalardan seçilənlər isə daha sonra CHP-yə minnətdar olmaq əvəzinə bu partiyaya arxalarını çevirdilər. Narazı qalanlar arasında CHP-nin hazırda sədri seçilən Özgür Özəl də var idi. Özgür Özəl partiyasını gələn ilin mart bələdiyyə seçkilərinə hazırlayacaq. Özəl CHP-ni Kamal Kılıçdaroğlunun kadrlarından təmizləyəcək və öz komandasını formalaşdıracaq. Hakim Ədalət və İnkişaf Partiyası yenilənən CHP ilə başabaş mübarizəyə hazırlaşmalıdır".