Onların nəqliyyat vasitələrində axtarış aparıla bilməz
Beləliklə, "yük" adı altında silah və casus texnikasına qədər hər şey Ermənistan ərazisinə gətiriləcək
İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar. Sazişi Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ohanesyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıb. Maraqos bildirib ki, irəli getməyə və missiyanın ölkədəki mövcudluğunu daha da gücləndirməyə, sərhədin Ermənistan tərəfində sabitliyi və monitorinqi təşviq etməyə və nə baş verdiyini görməyə hazırdırlar. Bu o deməkdir ki, hazırda 100 nəfər olan Aİ monitorinq missiyasının nümayəndələrinin sayı artırılacaq və vəzifələri genişləndiriləcək.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a bildirib ki, Ermənistan rəhbərliyi hazırda Rusiyaya qarşı açıq siyasət yürüdür. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan Qarabağa görə Moskvaya qarşı demarş edə bilmirdi, ancaq bu gün sərbəst şəkildə bunu etməkdədir: "Burada əsas istiqamətlərdən biri Qərbin hərbçilərinin missiya adı altında Zəngəzura gətirilməsi idi. Avropa İttifaqının Ermənistandakı missiyası ötən ilin payızında İrəvan-Brüssel arasındakı Praqa razılaşmasına görə, 3 aylıq Zəngəzurda yerləşdirilib. Sonrada onların müddəti uzadıldı və əlavə heç bir sənəd imzalanmadı. Fevralın 20-dən noyabrın 20-dək hüquqi əsas olmadan bölgədə qalan Aİ missiyasına bugünlərdə leqallıq verildi. Ermənistanla Avropa İttifaqı arasında missiyanın statusu haqqında sazişdə təsbit olunan əsas məsələ odur ki, avropalı missionerlər diplomatik status alırlar. Söhbət səhiyyədən tutmuş texniki məsələlərə qədər müşahidəçilər üçün əlçatan şəraitin yaradılmasından gedir".
Z.Məmmədov diqqətə çatdırıb ki, Aİ-nin Ermənistandakı diplomatik missiyası faktiki olaraq daha 100 nəfər artacaq: "Gələcəkdə isə 500 nəfərə qədər sayları artırıla bilər. Qərbin xüsusi missiyasının nümayəndələrinin toxunulmazlığı olacaq. Onların nəqliyyat vasitələrində axtarış aparıla bilməz. Beləliklə, "yük" adı altında silah və casus texnikasına qədər hər şey Ermənistan ərazisinə gətiriləcək. Mövcud proses Zəngəzur və Göyçə regionlarında sistemli silahlanma və faktiki olaraq NATO hərbçilərinin yerləşdirilməsi deməkdir".