Lukaşenko Paşinyana yenə pıçıldadı

Bircə yolun var

“Belarusla Ermənistan münasibətlərindəki böhran mahiyyətcə Ermənistanla Rusiya arasındakı münasibətlərdəki böhranın tərkib hissəsidir”

  Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın apardığı xarici siyasət  kursunu  tənqid edib.  İndiki vəziyyətdə Ermənistanın  region ölkələri ilə münasibətlərini inkişaf etdirməsinin  vacibliyinə toxunan Belarus prezidenti hər hanı bir  fövqəladə  vəziyyət yaranan kimi  Ermənistanın da digər MDB ölkələri kimi  kömək üçün Rusiya və Belarusa müraciət edəcəyinə əmin olduğunu bildirib: “Bəzi postsovet ölkələri Rusiyadan nəsə almaq, amma əvəzində heç nə vermək istəmirlər. Biz (Belarus və Rusiya - red.) əslində eyni qayıqdayıq. Çevrilsə, Rusiya da, Belarus da batar. Niyə gizlədək ? Biz bəzi postsovet dövlətləri kimi nala-mıxa vurmuruq: onlar istəyirlər Rusiyadan nəsə alsınlar, amma əvəzində heç nə verməsinlər”.
  Onun sözlərinə görə, keçmiş Sovet ölkələri problem olan kimi yardım üçün Rusiyaya üz tutub: “Gəlin, birlikdə olaq. Həmin Rusiyaya gəlib, dəstək, kömək istəyəcəyiniz vaxt uzaqda deyil. Başqa kim var ki? Qazaxıstanda nəsə oldu - kimdən dəstək istədilər? Çin, Hindistan, Pakistan? Yox, Putinə üz tutdular. Və biz (KTMT - red.) qüvvələrimizi yerləşdirdik, günorta saatlarında təyyarələrimiz ora endi, sakitləşdirdik (2022-ci ilin yanvarında baş verən iğtişaşlar - red.) Bunu məzəmmət üçün demirəm. Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və nələri varsa ona diqqətlərini yönəltsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq”.
  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az"a açıqlamasında deyib ki,  Belarusla Ermənistan münasibətlərindəki böhran mahiyyətcə Ermənistanla Rusiya arasındakı münasibətlərdəki böhranın tərkib hissəsidir: 

“Ermənistanın həyata keçirdiyi anti-Rusiya siyasəti bu ölkəyə baha başa gələcək. Qərbə yönəlik siyasət ilk növbədə Ermənistanın iqtisadi-siyasi problemlərini artıracaq.  Qərb üçün Ermənistanın iqtisadiyyatı heç bir əhəmiyyət kəsb etmir. Sadəcə, regiona nəzarət etmək lazımdır və Ermənistan da bunun üçün bir oyuncaq vasitədir. Uzun illər hərbi, iqtisadi,  enerji sahələrində Rusiyaya birmənalı bağlı olan, hətta Rusiyanın forpostu rolu oynayan Ermənistanın birdən-birə qərbə meyillənməsi birmənalı qəbul edilmir. Lukaşenkonun xəbərdarlığı da bundan qaynaqlanır.  Belarus və Rusiyanın bir gəmidə olduğuna xüsusi diqqət yönəldən Lukaşenko postsovet ölkələrinin Rusiyanın orbitində olmasında maraqlıdır. O, bu açıqlamasında sadəcə Ermənistana deyil, o cümlədən Mərkəzi Asiya ölkələrinə də mesaj verib. Bir növ Kremlin arzularını dilə gətirib”. 
  Ermənistanla Belarus arasındakı diplomatik münasibətlərin uzun müddətdir gərgin olduğunu xatırladan politoloq deyib ki, tərəflər zaman- zaman bir-birilərini ittiham edir: “Sirr deyil ki, Ermənistanın ayaqda qalmasına əsas dəstək verən faktor onun  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında  və Avrasiya İqtisadi İttifaqında təmsil olunması idi. Belarus KTMT-də Ermənistanla müttəfiq olduğu üçün Ermənistan ondan absurd gözləntilərə qatlanmışdı. Ermənistan hesab edirdi ki,  Belarus və digər KTMT üzvləri  Azərbaycanın  Ermənistanla  44 günlük müharibədən və ondan sonrakı zaman müddətində Ermənistanın tərəfin tutmalı və Azərbaycana qarşı  savaşmalı idi.  Lakin bu hadisə baş vermədi.  Belarus prezidentinin  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, Azərbaycanla xüsusi münasibəti, habelə ölkəmizə səfəri və səfər çərçivəsində işğaldan azad olunan ərazilərə getməsi, orada verdiyi açıqlamalar Ermənistanda ciddi narazılıq yaradıb”.