Ermənistan mesajlarını aldı

Putinin Bakı səfərindən gözləntilər böyükdür 

Kənar qüvvə və diplomatik oyunçuların bölgəmizi qarışdırmaq cəhdlərinin qarşısı alınacaq


  Azərbaycanla  Rusiya arasındakı ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ müşahidə olunur. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin dünya mediasında geniş müzakirə edilməsi də məhz iki dövlət arasındakı münasibətlərin xüsusi xarakter daşıdığının göstəricisidir. 
  Sirr deyil ki, Qərbdən öncə uzun müddət Moskvanın forpostu olan Ermənistan rupor fəaliyyətinə görə Qarabağ münaqişəsinin həllini süni olaraq uzadır, Rusiyanın da dəstəyinə nail olurdu.
Azərbaycanı isə Rusiya ilə münasibətlərini normal məcrada davam etdirdiyinə və müstəqil diplomatik siyasət yürütdüyünə görə ittiham edənlər Zəfərdən sonra anladılar ki, Prezident İlham Əliyevin rasional və çoxvektorlu idarəçilik fəlsəfəsi tarixi qələbəmiz, hərtərəfli və diplomatik nailiyyətlərimizin təminatı rolunda çıxış edir.
  Siyasi şərhçi Azər Niftiyevin də “Sherg.az"a dediyi kimi, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri və səfər çərçivəsində əldə olunan razılaşmalar, Putin tərəfindən səsləndirilən  bəyanatlar, Azərbaycanın regionun oazisinə çevrilməsi ilə bağlı fikirlər, onun Prezident İlham Əliyevin şəxsinə verdiyi xüsusi və yüksək diqqət bir daha təsdiq edir ki, Azərbaycan qüdrətli inkişaf yolundadır və bunu dünya liderləri də etiraf edirlər: 

“Tolerantlıq səviyyəsi baxımından ən öndə gedən dövlətlərdən olan Azərbaycanda rus kilsələri də fəaliyyət göstərir. "Aleksandr Nevski", "Müqəddəs Məryəm məsum hamiləliyi şərəfinə", “Mixail-Arxangel”, "Müqəddəs möcüzəvi Nkolay" kilsələri multikultural dəyərlərə olan bağlılıq və sadiqliyimizin bariz göstəricisidir. Heç şübhəsiz, bu səfərdən gözləntilər böyükdür və problemlərin regional müstəvidə həlli, kənar qüvvə və diplomatik oyunçuların bölgəmizi qarışdırmaqla bağlı cəhdlərinin qarşısının alınması, Ermənistanla sülh danışıqlarının ikitərəfli bir formatda aparılması, milli mənafeyimizin təmini baxımından müstəsna əhəmiyyət kəsb edir”.