Ermənistanı havadarları da xilas edə bilməyəcək - RƏY

Qarşıdan sentyabr ayı gəlir

  Ermənistan və onun havadarları (ABŞ, Fransa, Avropa İttifaqı və s.) ermənipərəstliklərini davam etdirir. Xain qonşumuzun təxribat törətmək üçün vaxt seçimi də xüsusi maraq doğurur. Onlar məhz Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ərəfəsində belə bir təxribatı törətməyə qərar veriblər. 
  Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun “Sherg.az"a açıqlamasına görə, bu təxribatın planını Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları ilə, o cümlədən Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının mülki geyimli hərbçiləri ilə birlikdə hazırlayıb: 

“Onlar Ermənistanı sürətlə silahlandıraraq revanşizmə, yeni hərbi eskalasiyaya sürükləyirlər. Ermənistan onların əlində alətə çevrilib. Qərb Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi planlarını həyata keçirməyə çalışır. 
  Təəssüf ki, Ermənistan rəhbərliyi sülh müzakirələrinin getdiyi bir vaxtda havadarlarının təxribat planlarına razılıq verir. Bu da Ermənistan rəhbərliyinin siyasi iradəsizliyinin və həmişəki kimi ikibaşlı siyasət yürütməsinin nəticəsidir. Ermənistanı idarə edənlər bu təxribatların nəticələrinin onların özləri üçün acınacaqlı ola biləcəyini dərk etmirlər. Azərbaycan Ordusu hələki təmkinli davranış nümayiş etdirir və təxribatlara sadəcə adekvat cavab verməklə kifayətlənir. Lakin təxribatların genişlənəcəyi təqdirdə isə Ermənistan növbəti dəfə Azərbaycan Ordusunun “Dəmir yumruq” zərbəsi ilə üzləşə bilər. Qarşıdan sentyabr ayı gəlir. Sentyabr ayı erməniləri islah etmək ayımıza çevrilib. Ermənilər bunu unutmamalıdırlar. Havadarlarının çoxluğu da Ermənistanı xilas etməyəcək”. 
  Qeyd edək ki, avqustun 18-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini və avqustun 18-i saat 23:50 radələrində isə Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Hər iki halda bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb, düşmənin növbəti təxribat cəhdlərinin qarşısı alınıb.