Zaman da dəyişib, siyasət də... 

Rusiya Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir

Putinin Azərbaycana dövlət səfəri Qərbdəki bəlli çevrələri də buna görə narahat edib

  Rusiya Prezidenti Vladimir Putinin başa çatan Bakı səfərindən  gözləntilər çoxdur.
Dünyada hökm sürən   gərgin və bir o qədər də mürəkkəb vəziyyət fonunda Rusiya prezidentinin Azərbaycana dövlət səfərinin ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malik olması şübhə doğurmur. Belə ki, Azərbaycan-Rusiya münasibətləri uzun tarixə və kompleks xarakterə malikdir. Bu əlaqələr təkcə ikitərəfli münasibətlərin çərçivəsində deyil, həm də regionun və dünyanın geosiyasi xəritəsində əhəmiyyətli yer tutur. 2024-cü ildə bu münasibətlər daha da inkişaf edib və yeni mərhələyə qədəm qoyub. İmzalanan müqavilələr, sazişlər və razılaşmalar bu əlaqələrin müxtəlif yönlərini əhatə edir və hər iki ölkənin strateji maraqlarına xidmət edir. Rəsmi Bakının və Moskvanın yüksəksəviyyəli görüşləri ikitərəfli münasibətlərin gücləndirilməsinə və regionda sabitliyin təmin edilməsinə yönəlib. Bu görüşlər çərçivəsində tərəflər regionda təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərini müzakirə edib, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə səylər göstərib.
  Rusiya Azərbaycan üçün strateji tərəfdaş olaraq qalır və bu münasibətlərdə qarşılıqlı etimad və hörmət mühüm rol oynayır. 2024-cü ildə imzalanan anlaşmalar siyasi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib.
Qeyd edək ki, Azərbaycan və Rusiya arasında geosiyasi münasibətlər regionda mövcud güc balansının qorunmasında vacib rol oynayır. Azərbaycan və Rusiya arasında imzalanan iqtisadi sazişlər və müqavilələr, təkcə ikitərəfli əlaqələri deyil, həm də regionda iqtisadi inteqrasiyanı gücləndirir.
  Azərbaycan Prezidenti İlham Əliyevin Vladimir Putinlə geniş tərkibdəki görüşdə də söylədiyi kimi, Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Prezident əmin olduğunu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq: “Bütün sahələrdə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Yəni həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və bizim qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Biz bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Əminəm ki, Sizin səfəriniz ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq”.
Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunub.
  Siyasi şərhçi, millət vəkili Sahib Alıyev “Sherg.az"a açıqlamasında deyib ki,  Putinin Azərbaycana dövlət səfəri  dörtərəfli nəqliyyat habı olaraq Azərbaycanın mövqelərinin möhkəmlənməsi və qarşılıqlı faydaya dayanan ikitərəfli əlaqələrin daha da  dərinləşməsi baxımından çox önəmlidir:

“Bu, imzalanan sənədlərdən,  verilən açıqlamalardan da bəlli olduğundan üzərində çox dayanmaq istəmrəm. Sadəcə, onu da qeyd etməyi lazım bilirəm ki,  Rusiya Prezidentinin bu səfəri bəlli çevrələrə  bağlı casus şəbəkəsinin sosial media üzərindən aşılamağa çalışdığı kimi Azərbaycanın  yeritdiyi balanslı siyasətin qətiyyən aradan qalxması yox, əksinə, daha da güclənməsi deməkdir.  Prezident İlham Əliyev atdığı ölçülü-biçili,  bir sıra hallarda isə məhz qabaqlayıcı addımlarla artıq neçənci dəfədir göstərir ki, paradoksal  təsir bağışlasa da, hətta subyektivliyimizi təhdid edən güclərdən belə onu möhkəmlətmək üçün faydalanmağı bacarırıq. Belə hallarda bizdə nə deyirlər? Deyirlər ki, bacarana baş qurban”.
  S.Alıyevin sözlərinə görə, hansı ölkə ilə necə davranacağımızı  biz qərbin diktəsi ilə deyil, öz milli maraqlarımıza dayanaraq müəyyənləşdiririk: “Prezident Putinin Azərbaycana dövlət səfəri Qərbdəki bəlli çevrələri də buna görə narahat edib. Haymərkəzli (əslində, hayalətli) siyasət yeridən o çevrələri ən çox qıcıqlandıran odur ki, bu, Rusiyanın bizim regionda yaranmış, daha doğrusu, yaratdığımız yeni reallıqla, yəni torpaqlarımız üzərində suverenliyimizin tam təmini ilə razılaşdığının və Minsk qrupunu diriltməyin mümkünsüzlüyünün sərgilənməsi idi. 
  Heç kimə sirr deyil ki, Azərbaycan müstəqillik qazanandan üzübəri torpaqlarımız üzərində suverenliyimizin tam təminində ən böyük əngəl məhz Rusiya olub. Yəqin həmin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında cənab İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” deyərkən bəzilərinin sifətlərinin necə dəyişdiyini  xatırlayanlar var. Bax, o çıxışdan təqribən 11 ay sonra 44 günlük savaşla sifəti dəyişənlər qarışıq hər kəsə göstərildi ki, bəli, Qarabağ doğrudan da, de-fakto da Azərbaycandır.  
  2022-ci ilin fevralında  Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanan  müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, özəlliklə də oradakı birinci maddə isə əslində, həm də Moskvanın 44 günlük savaşın nəticəsi ilə razılaşması, daha dəqiqi razılaşdığının rəsmi sənədlə təsdiqlənməsi idi. Ancaq Qarabağın  bir hissəsi hələ bizim tam kontrolumuzda deyildi. O hissənin üzərində də suverenliyimizin təminindən, obrazlı desək, ölkəmiz üçün bədxassəli şiş anlamı daşıyan törəmənin ötənilki antiterror əməliyyatıyla kəsilib atılmasından on bir ay keçəndən və hərbi kontingenti Qarabağı tam tərk edəndən  sonra Rusiya Prezidenti Azərbaycana səfərə, özü də dövlət səfərinə gəldi.  Təkrarlayıram,  bununla da Kreml ən azından göstərdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə barışdığı kimi, üzərində suverenliyinin təmini də onda qərbdəki bəlli çevrələr qədər qıcıq doğurmur.  Bu da bizim üçün haqqında bəhs etdiyimiz  xərçəng yarasının kəsilib atılmasının yan təsirlərini azaltmaq baxımından son dərəcə önəmlidir. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vladimir Putinin bu səfəri haqda dediyi fikrin, yəni onun tarixi mahiyyət daşıdığını bildirməsinin gəlişi gözəl söz, yaxud da lütfkarlıq olmadığı ortadadır”.