Zelenskinin narahatlığına əsas yoxdur

Böyük Britaniya Ukraynaya dəstək verən birinci ölkə olaraq qalacaq

Qərbin genişmiqyaslı hərbi-texniki dəstəyi olmadan bu əməliyyatı aparmaq mümkün olmazdı


  Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyadan Kiyevə dəstəyin  azalmasından şikayətlənib. “Strana.ua” məlumatına görə, ukraynalılara müraciətində o qeyd edib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan yardım məsələlərində London birinci yeri tutub: “Britaniya real liderlik nümayiş etdirirdi. Həm silahda, həm siyasətdə, həm də Ukrayna cəmiyyətinin həyatını dəstəkləməkdə. Bu, minlərlə insanımızı xilas etdi. Amma indi, təəssüf ki, vəziyyət dəyişib, yardım səngiyib”.
  Krallığın Baş naziri Kir Starmer Volodimir Zelenskinin Kiyevə kifayət qədər yardım göstərilməməsi ilə bağlı iddialarına cavab olaraq bildirib ki,  Böyük Britaniyanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır.
Stammer qeyd edib ki,  Britaniya Ukraynanı dəstəkləməkdə qətiyyətli olaraq qalır: “Bizim dəstəyimizə gəlincə, bir daha deyirəm, bu, sarsılmazdır. Eyni zamanda Böyük Britaniyanın baş nazirinin mətbuat katibi vurğulayıb ki, Ukraynanın Böyük Britaniya tərəfindən təchiz edilmiş uzaq mənzilli “Storm Shadow” raketlərindən istifadə etməsi məsələsində hökumətin mövqeyi dəyişməyib.
  Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi isə “Sherg.az"a açıqlamasında deyib ki, bu ilin avqust ayına qədər Ukrayna-Rusiya cəbhəsində davam edən müharibə periodik olaraq  kəskinləşsə də, ümumilikdə  tərəflər öz mövqelərində möhkəmlənməyə daha çox meyilli idilər: 

“Ukrayna silahlı qüvvələrinin Kursk vilayəti istiqamətində qəfil hücumu tarazlığı pozmaqla cəbhədə yeni situasiya yaratdı. Müharibə dövründə ilk dəfə idi ki, Ukrayna silahlı qüvvələri Rusiya ərazisinə daxil olaraq  işğalda olan ərazilər qədər torpaqları nəzarətə götürə bilib. Rusiya tərəfi Ukraynanın bu uğurunu NATO-nun ayağına yazmaqla yorulmuş və nizamını itirmiş rus orudusuna bəraət verməyə çalışsa da, döyüşən ordu Ukraynaya aiddir. Müharibələrdə döyüşən qüvvələrin tərəfdarının olması müharibə qanunlarına zidd deyil və bu ittiham Putinin öz bacarıqsızlığını başqasının ayağına yazmağa edilən cəhddir. Zelenskinin tez-tez qərbi ona az dəstək verməkdə ittiham etməsi onun meydanda tək qalmaq qorxusundan irəli gəlir. Lakin güman etmirəm ki, bu dəfə qərb Rusiyanı bağışlasın. 1940-1945-ci il İkinci Dünya müharibəsində və 1990-larda Çeçenistanla bacarmayan və son nəfəsini verən Rusiyanı da elə qərb xilas etmişdi. Özünə gələn Rusiya isə hər dəfə qərbin bu yaxşılığına əks reaksiya verərək bölgəni soyuq müharibəyə daşıyıb. Bu dəfə isə aktiv hərbi fazaya keçən qarşıdurma Rusiyanın Ukrayna qarşısında məğlubiyyəti ilə nəticələnənə qədər davam edəcək. Müharibə ərəfəsində öz ölkəsindən kənara çıxmağa risk etməyən Putinin Bakıya səfəri də çətin durumu ilə əlaqəlidir. Belə demək mümkündürsə, Zelenski rus ayısını mağaradan çıxmağa məcbur edib. Görünür, Putin Azərbaycanın imkanlarından yararlanaraq danışıqlar üçün pəncərə axtarır. Kursk vilayətinə nüfuz edən Ukrayna ordusunu Rusiyanın  yaxın günlərdə geri oturtmaq imkanı yoxdur. Zelenskinin narahatlığına da əsas yoxdur. Qərbin genişmiqyaslı hərbi-texniki dəstəyi olmadan bu əməliyyatı aparmaq mümkün olmazdı. Hesab edirəm ki, Böyük Britaniya Ukraynaya dəstək verən birinci ölkə olaraq qalacaq”.