"Əgər bu işdə səmimiyyət varsa, yaxşı olardı tədris Azərbaycan Respublikasında işlədilən dil əsasında aparılsın"
Sentyabr ayından etibarən İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərində türk dilində təhsil veriləcək. Bu barədə məlumatı bölgənin Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşayi verib. O bildirib ki, İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqların öz dilində təhsil almaq istəyi nəzərə alınıb: “Dərslər 23 sentyabrdan və həftədə 3 saat olmaqla keçiriləcək. Şərqi Azərbaycan əyalətində Azərbaycan türkcəsində təhsil böyük əhəmiyyət daşıyır. Bilirsiz ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən yerli dillərin öyrədilməsilə bağlı tələblər daim səslənirdi.
Həmçinin, Prezident Həsən Ruhaninin vədlərində də bu məsələ yer almışdı. Artıq əyalətimizdə iki dil - Azərbaycan türkcəsi və farsca paralel tədris ediləcək”. İrandakı milyonlarla soydaşlarımızın Azərbaycan dilində tədris almaq hüququna malik olması uzun zamandır müzakirə olunan məsələdir. Bu uğurda mübarizə aparan fəalların fikrincə, kürdlərlə yanaşı, azərbaycanlılar da öz ana dillərində təhsil almaq hüququna sahib olmalıdır. Hətta bir çox insan hüquqları fəalları tələb edirlər ki, məsələ sadəcə ana dilində təhsillə kifayətlənməsin. Eyni zamanda fars dilindən başqa dillərdə də rəsmi dövlət yazışmalarını həyata keçirmək mümkün olsun. Lakin rejimin sərt tərəfdarları iddia edirlər ki, guya İranda azlıqların mədəni hüquqlarının tanınması “separatizmi” alovlandıracaq və ölkənin “ərazi bütövlüyünə” xələl gətirəcək.
Gündəmə gələn məsələ ilə bağlı “Şərq”ə danışan “Türküstan” qəzetinin və “Turkustan.info” saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib ki, İran əhalisinin əhəmiyyətli hissəsini təşkil edən Azərbaycan türklərinin öz ana dilində təhsil almaları həm qanunların, həm beynəlxalq konvensiyaların, həm də Tanrının verdiyi təbii haqqdır:
“Bu baxımdan, ana dilində tədrislə bağlı atılan hər bir addım alqışlanmalıdır. Məni narahat edən məqam “Azərbaycan dili” və ya “Türk dili” adı ilə tədris olunacaq dilin şivəsi, ləhcəsidir. Bəllidir ki, 200 illik bölünmə dilimizə ağır zərbələr vurub. Bu gün İranda təmiz Azərbaycan türkcəsi daha çox el şairlərinin, aşıqların dilindədir. Cəmiyyətdə, mediada isə “Türk dili”, “azəri dili” dedikləri fars dilinin cümlə quruluşuna və ruhuna sahib bir ləhcə formalaşıb. Bu gün İran hakimiyyət dairələri ana dilində təhsil deyərkən, məhz həmin ləhcəni nəzərdə tuturlar. Bu isə əsl Azərbaycan türk-ədəbi dilindən çox fərqlidir”. Baş redaktor vurğulayıb ki, əgər bu işdə səmimiyyət varsa, yaxşı olardı tədris Azərbaycan Respublikasında işlədilən dil əsasında aparılsın: “Bunun üçün həm tədris vəsaitləri, həm də pedaqoji işçilərlə təminat məsələsində Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq edilə bilər. Azərbaycan hökuməti də bu məsələyə diqqət yönəltməlidir”.
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə “Şərq”ə deyib ki, məsələ konkret həllini tapandan sonra ona qiymət vermək daha düzgün olar:
“Hələlik qərar sadəcə kağız üzərindədir. İllərdir məsələ gündəmə gətirilsə də, indiyədək tətbiqi reallaşmayıb. Əgər orta məktəblərdə Azərbaycan türkcəsinin tədrisi baş tutarsa, buna maneçilik törədilməzsə, o zaman məsələni geniş şərh etmək olar. Rejim azərbaycanlıların ana dilində təhsil almasına uzun müddət imkan verməyib. Bunun qısa zamanda dəyişəcəyini söyləmək elə də asan deyil. Hər halda məsələ əvvəl-axır müsbət həllini tapmalıdır. Soydaşlarımız öz dillərində oxumaq hüququna malik olmalıdır”.