Dərslər sentyabrın 1-də başlasın? - ŞƏRH


Bunu əhalinin əksəriyyəti dəstəkləyir, təhsil ekspertləri də eyni qənaətdədir

  Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. İnkişaf etmiş ölkələrin təcrübəsindən də aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Təhsil ümumdövlət və ümumxalq işi olduğundan burada maraqlı və iştirakçı tərəflərin rəyinin nəzərə alınması zəruridir.
  Sosial Tədqiqatlar Mərkəzindən “Sherg.az"a verilən xəbərə görə, Azərbaycan təhsil sistemində müzakirə edilən məsələlərdən biri də tədris ilinin başlanma tarixi ilə bağlıdır.
  Əvvəllər ölkədəki iqlim şəraitinin dərslərin sentyabrın 15-də başlamasına daha münasib olması mövqeyindən çıxış edən Təhsil Nazirliyi son vaxtlar fərqli münasibət ortaya qoyur. Belə ki, Elm və təhsil naziri Emin Əmrullayev may ayında keçirdiyi brifinqdə məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha məqsədəuyğun olduğunu bildirib. Həmçinin ümumilikdə tədris prosesinin daha uzunmüddətli olmasını nəticəlilik baxımından daha düzgün hesab edib. Dünyada tədris ilinin uzun olması bəzi ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu, kurikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biri hesab edilir.
  Ölkədə tədris ilinin başlanma tarixi ilə bağlı məsələ millət vəkilləri, təhsil ekspertləri tərəfindən də dəfələrlə müzakirəyə çıxarılıb. Dünyanın müxtəlif ölkələrində tədris ilinin başlanılması fərqli tarixlərdə olsa da, bir çoxunda sentyabrın 1-də başlayır. Məsələn, Rusiya, Kanada, Belçika, Çexiya, Macarıstan, İsrail, Estoniya və başqa ölkələrdə dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir.
  Onu da qeyd edək ki, tədris ilinin başlanma tarixinin dəyişdirilməsi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanların qrafikinin dəyişdirilməsi zərurətini də ortaya çıxarır. Bunun üçün ilk növbdədə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul vaxtı bir qədər önə çəkilməlidir. Belə ki, sentyabrın 1-də tədris ili başlayarsa, bu vaxta qədər ali və orta ixtisas təhsil müəssisələrinə birinci və ikinci qəbul prosesləri yekunlaşmalıdır. Bu proses hazırkı sistemdə də çətinlik törədir. Kurikulum sistemində qəbul imtahanlarında yeni tipli sualların yoxlanılması prosesi bəzən bir aydan uzun çəkir. Onun ardınca ixtisaslaşma prosesi başlayır.
  Beləliklə, Sosial Tədqiqatlar Mərkəzi ictimai marağı və bu mövzuda aparılan müzakirələri nəzərə alaraq rəy sorğusu keçirib. Respondentlərə “Dərs ilinin sentyabrın 15-də, yoxsa sentyabrın 1-də başlamasını istəyərdiniz?” sualı ünvanlanıb.
  Sorğunun nəticələrinə əsasən, respondentlərin 68,1faizi dərslərin sentyabrın 1-də, 24,7 faizi isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2 faizi bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.
  Nəticələri gender aspektindən nəzərdən keçirdikdə dərslərin sentyabrın 1-də başlamasını qadın respondentlər (74,9 faiz) kişilərlə müqayisədə (61.3 faiz) daha çox dəstəkləyib.
Respondentlərin yaş səviyyəsinə görə məsələyə münasibətində maraqlı tendensiya müşahidə edilib. Belə ki, yaş artdıqca, tədris ilinin sentyabrın 1-də başlamasını dəstəkləyənlərin sayı artıb. 
  Millət vəkili Ceyhun Məmmədov da hesab edir ki, dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsi daha yaxşı olar:


“Sovet dövründə və ondan sonrakı dövrlərdə belə idi. İyunun əvvəlində insanların əksəriyyətində oxumaq, dərsə meyl ab-havası olmur. Ona görə düşünürəm ki, əgər əvvəllər  biz bütün proqramı sentyabrın 1-dən mayın sonuna kimi yekunlaşdıra bilirdiksə, bunu indi də edə bilərik. Həm də ki dərslərin o vaxt sentyabrın 1-dən başlamasının səbəbi hava şəraiti ilə əlaqəli olub. Nəzərə almaq lazımdır ki, iyunun əvvəlindən havalar istiləşməyə başlayır. Bizim bütün bölgələrimizdəki məktəblərdə şagirdlərin normal təhsil alması üçün müəyyən sistemlər mövcud deyil. O baxımdan bizim bu ənənəni qorumağımız lazımdır”.



  Təhsil eksperti Elşən Qafarov isə tədris ilinin uzadılmasını, yəni sentyabr ayının 1-i başlayıb, iyunun 14-də bitməsinin daha doğru olacağını hesab edir: “Tədris ili müddəti ilə əlaqədar hər il müəyyən müzakirələr aparılır. Bu hal Azərbaycanda tədris ilinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlıdır. Beynəlxalq təcrübədə təhsili inkişaf etmiş ölkələrin əksəriyyətində tədris ili 34-36 həftədir. Bizdə isə tədris ilinin müddəti Nazirlər Kabinetinin 24 fevral 2020-ci il qərarı ilə tənzimlənir. Azərbaycanda tədris ilinin müddəti 34 həftə olaraq təyin edilib. Lakin elm və təhsil nazirinin bir neçə gün öncə brifinqdə tədris ili müddəti ilə bağlı səsləndirdiyi fikir cəmiyyətdə və mətbuatda düzgün qarşılanmayıb. Nazir deyib ki, bu məsələnin dəyişdirilməsi müzakirə olunmur. Amma təhsildə işləyən şəxs kimi mən də tədris ilinin sentyabr ayının 1-dən başlamasının tərəfdarıyam. Lakin şəxsi fikrimə qalarsa, tədris ilinin müddəti 36 həftəyə çatdırılsa, daha məqsədəuyğun olar. Tədris ilinin sentyabrın 1-dən iyunun 14-nə qədər olması daha optimal variantdır. Bunun üçün tədbirlər görülməlidir. Hazırda tədris ilinin müddəti 34 həftədir və dərslərin başlaması 1 sentyabra təyin edilərsə, tədris ilinin müddəti 36 həftəyə çataraq beynəlxalq tələblərə uyğunlaşdırılmış olar. Hesab edirəm ki, belə addımın atılması daha yaxşıdır”.