İdarəetmədə yeni dövr: Azərbaycan süni intellektə güvənir

Bu gün iqtisadi, sosial və ekoloji tarazlığa nail olmaq üçün yeni mexanizmlərin tətbiqini, yerli və qlobal maraqların uzlaşdırılmasını, təbii resurslardan səmərəli istifadəni özündə ehtiva edən dayanıqlı inkişaf bəşəri önəm kəsb edir. Həmin çağırışlara effektiv və çevik reaksiya verilməsi qarşımızda məsuliyyət müəyyənləşdirməklə, maliyyə imkanlarının səfərbər olunmasını, onların qorunub saxlanılmasını, həmin resurslardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün nizam-intizamın möhkəmləndirilməsini, dövlət auditi institutlarının daha təkmil olmasını zəruri edir.
Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciətində qeyd edilib.
“Bu baxımdan, dayanıqlı inkişaf və rəqəmsal iqtisadiyyata keçid şəraitində Toplantının hər iki mövzusu üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müzakirəni təqdirəlayiq hesab edirəm. Belə ki, iqtisadi və sosial inkişafda və qlobal rəqabət mühitində üstünlüklərin əldə edilməsində süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır. Süni intellekt dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirir. Süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlığın, elmi tədqiqatların gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə və audit xidmətlərinin dayanıqlı inkişafına öz töhfəsini verəcək, bu sahədə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə geniş imkanlar yaradacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan Prezidenti bildirib ki, Toplantının ikinci mövzusu da olduqca əhəmiyyətlidir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşmaq üçün fəaliyyətin davamlı olması böyük maliyyə vəsaiti tələb edir. Həmin vəsaitlərdən məqsədyönlü istifadənin, eləcə də şəffaflıq və hesabatlılığın təmin edilməsində isə ali audit orqanlarının iştirakı vacibdir. Azərbaycanın bu mövzu üzrə fəaliyyətlərə dəstək verməsi ötən il ölkəmizdə keçirilmiş mötəbər tədbirin – COP29-un timsalında bir daha təsdiq edilmiş oldu.

İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Sherg.az”a bildirib ki, Süni intellektin tətbiqi dövlət idarəçiliyi, iqtisadiyyat, sosial, təhsil, səhiyyə, müdafiə və təhlükəsizlik sahələrində ciddi dəyişikliklərə səbəb ola bilər:
“Dövlət auditlərinin avtomatlaşdırılması üçün uğurlu nümunə ola bilər. Bu, şəffaflığı və xidmətin keyfiyyətini artıra  Məhkəmə proseslərində istifadə oluna bilər.
Sosial məsələlər və müraciətlər avtomatik emal edilə bilər.Vətəndaş məmnunluğunun artmasına səbəb ola bilər. Tələbələrə fərdi dərs proqramları təqdim edib, yoxlama və proqnozlaşdırma sistemləri tətbiq olunur. Eyni zamanda pandemiya və xəstəliklərin yayılmasının qarşısının alınmasında Sİ üsullarından istifadə ehtimalı yüksəkdir.
Sİ-nin hərbi və təhlükəsizlik sistemlərində tətbiqi, raket hücumlarını, dron əməliyyatlarını, rəqəmsal kəşfiyyatı avtomatlaşdıraraq mümkündür.
Hücumçular Sİ ilə fişing, deepfake və avtomatik sistem əleyhinə hücumları həyata keçirə bilərlər. Buna qarşı müdafiə sistemlərinə də Sİ daxil edilməlidir: bu, anomaliyaların vaxtında aşkarlanmasına imkan verecək. Sİ sistemləri yanlış və ya qərəzli modellər əsasında qərarlar verə bilər. Buna görə şəffaflıq və insan nəzarəti vacibdir. Sİ-in kritik infrastrukturda fəaliyyətinə tətbiqi daha həssas olmağı tələb edir. 2025–2028 strategiyası çərçivəsində Sİ üzrə mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulub. Universitetlər və beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq planlaşdırılır. 2025–2028 Strategiyasına uyğun olaraq, etik və standartlara uyğun hüquqi çərçivə yaratmaq nəzərdə tutulub. Eyni zamanda etik nəzarət və məsuliyyət mexanizmləri, beynəlxalq standartlarla uyğunlaşdırma, qanun layihələrinin hazırlanması, pilot layihələr, standartların adaptasiyası, təcrübə mübadiləsi, kadr hazırlığı məsələləri əhəmiyyətli məsələlərdəndir”.