Qələbə bölgədəki reallığı tam dəyişdirib

Ermənistan rəhbərliyindən heç kim qondarma tədbirə qatılmayacaq

Ermənistan tarixində ilk dəfə ölkə rəhbərliyindən heç kim Qarabağda sentyabrın 2-də keçirilməsi planlaşdırılan qondarma “müstəqillik günü” tədbirlərinə qatılmayacaq. Bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, sabah Xankəndidə planlaşdırılan “tədbir”lərə nə Prezident Armen Sarkisyan, nə Baş nazir Nikol Paşinyan, nə də parlament spikeri Alen Simonyan qatılacaq. Qeyd edək ki, Paşinyan avqustun 31-dən sentyabrın 3-nə kimi məzuniyyətə çıxıb. Onun Soçidə istirahət edəcəyi bildirilir.

Siyasi şərhçilərin fikrincə, mövcud reallığı dərk edən erməni rəhbərliyi Qarabağa getməyə risk etmir. Görünür, separatçıların bütün hay-küyünə və rus sülhməramlılarının gizli dəstəyinə rəğmən, Paşinyan hökuməti rəsmi Bakının prinsipial mövqeyi ilə barışmaq məcburiyyətində qalıb. 

Politoloq İlqar Vəlizadə “Şərq”ə bildirib ki, 44 günlük müharibə bölgədəki reallığı tam dəyişdirib. Analitikə görə, artıq ermənilər özləri də anlayırlar ki, 2020-ci ilin sentyabrın 27-dən əvvəlki dönəm tamamilə arxada qalıb və yeni yanaşmalar formalaşıb:

“Ermənistan rəhbərliyi hazırda çox ciddi problemlərlə, çağırışlarla üz-üzə qalıb. Paşinyan hökuməti elə havada deyil ki, qondarma rejimin “bayram” havasına oynasın. Təəssüflər olsun ki, separatçı tör-töküntü hələ də Qarabağda “müstəqillik günü” keçirmək düşüncəsi ilə yaşayır. Bunun özü müəyyən suallar doğurur. Rusiya sülhməramlıları belə “tədbirlərdə” iştirak etməməli və ümumiyyətlə buna imkan verməməlidirlər. Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli komissiya fəaliyyət göstərir. Əgər İrəvan və Moskva komissiyanın məhsuldar olmasını, müzakirələrin nəticə verməyini istəyirsə, bu tipli təxribatlara qətiyyən yol verilməməlidir. Çünki regional siyasi vəziyyət kökündən dəyişib və onunla ayaqlaşmaq lazımdır”.